Azərbaycanlı məşhur: “Oğlana görə hər şeyi atıb rayona getdim”
Bizi izləyin

Digər

Azərbaycanlı məşhur: “Oğlana görə hər şeyi atıb rayona getdim”

Uşaqlıq illərinin xatirələrini mənimlə ipə-sapa düzən əməkdar artist, səhnəmizin füsünkar Leylisi Gülüstan Əliyevadır. Keçmişdə qoyub gəldiyi uşaqlıq əhvalatlarını yada saldıqca gah güldü, gah qəhərləndi…

“Deyirdim, bu nə addır e, qoymusunuz mənə

Yevlaxda sadə bir ailədə doğulmuşam, atam sürücü olub, anam evdar qadın. Beş uşaq olmuşuq – dörd bacı, bir qardaş. Qismət elə gətirdi ki, qardaşım şəhid oldu.

Adımı atam qoyub. Gülüstan – bibisinin adı olub. Ulu babamgil İranın Rəşt şəhərindən Azərbaycana köçüb gəliblər. Amma sonradan tale elə gətirib ki, bir də geri qayıdıb, təkrar Azərbaycana dönüblər. Babamgil çoxlu qardaş olublar, bir bacıları olub, Gülüstan adında. Bunlar Azərbaycana gələndə Gülüstan ərdə olduğu üçün onlarla gələ bilməyib. Həmişə babam öz övladlarına danışırmış ki, İranda bir bacımız var. Atam da onun xatirəsinə bu adı mənə qoyub. Sözün düzü, uşaq vaxtı adımı heç bəyənmirdim. Deyirdim ki, bu nə addır e mənə qoymusunuz, uzun, köhnə addır. Hamı qızına Aysel, Aynur, Günay adı qoyur, siz də mənə Gülüstan adı vermişiniz. Amma atamın qorxusundan səsimi çıxara da bilmirdim. Bir yandan da qürbətdə olan bibisinə görə onun xətrinə dəymək istəmirdim. Amma sonralar adımın mənasını öyrənəndən sonra xoşuma gəlməyə başladı. Gördüm ki, həm də nadir addır.

Sakit, utancaq...

Çox sakit, utancaq bir qız olmuşam. Ailəmizdə musiqiyə böyük həvəs vardı, atamla anamın gözəl səsə malik idi. Beş yaşım olanda atam mənə piano alıb gətirmişdi ki, qızımı musiqi məktəbinə qoyacağam. Atam özü də pianoda gözəl çalırdı. Televizoru açıb, musiqilərin sədaları altında məni oynadırdı. Amma çox utanırdım, əlimi oynadanda, ayağım yadımdan çıxırdı.

Qəşəng idim, amma qulaqlarımı heç bəyənmirdim

Səkkizinci sinifdən mənim Bakı həyatım başladı. Respublika musiqi festivalının qalibi oldum və Bakıya getdim. Bülbül adına orta ixtisas məktəbində oxumağa başladım. Mən artıq valideynlərdən uzaq müstəqil bir həyata atıldım. Utancaqlığımı da bir kənara qoydum, oynamağı da öyrəndim. Çünki məsuliyyət üzərimdə idi və hər işin arxasınca özüm getməli olurdum.

Qəşəng qız idim, hündur, arıq, uzunsaç. Atamın qorxusundan kosmetika istifadə etməzdim. Onu da deyim ki, qulaqlarımı heç bəyənmirdim, deyirdim, nə pis qulaqlarım var. Amma böyüdükcə, digər qızların qulaqları ilə müqayisə etdikcə, onlarımdan xoşum gəlməyə başladı. Yeriyəndə də ayaqlarımı yerə bərk vururdum. Uşaqlar həmişə deyirdilər ki, Gülüstan gələndə yer titrəyir. Heç forslu qız olmamışam. Tanınırdım, tədbirlərdə mahnı oxuyurdum, sevilirdim.

Qozaları qırıb atırdıq xarala ki, pambıq ağır gəlsin

Orta məktəbdə oxuyanda bizi avtobuslarla pambıq yığımına aparırdılar, kolxozçulara kömək etməkdən ötrü. Çox maraqlı keçirdi günlərimiz. Bir sinif yoldaşımız vardı – Natiq, indi polisdə işləyir, tənbəl idi, özünü heç işə verməzdi. Pambıq yığımına gedəndə bizə su daşıyıb gətirərdi, qızlara da əvəzində özünə pambıq yığdırardı. Uşaqlığımız o qədər qaynar keçib ki… Otururduq pambıq yığdığımız önlüklərin üstündə, vərlərin arasında, özümüz üçün oxuyurduq. Gün o qədər isti olurdu ki, istəyirdik vaxt tez keçsin. Axşam yaxınlaşırdı, amma biz hələ pambıq yığmamışdıq, buna görə də tez qozaları qırıb atırdıq xarala ki, pambıq ağır gəlsin. Axşam yığdığımız pambığı çəkdirirdik, əvəzində bizə pul da verirdilər.

Boyum qaz plitəsinə güclə çatırdı

Uşaqlıqda yemək bişirməyi çox sevirdim. Yeddi yaşımdan yemək bişirirdim evdə. Atamla anam iş-gücə gedirdilər, bacılarım da balaca idi. Məcbur idim, onlara yemək bişirim. Boyum qaz plitəsinə güclə çatırdı, yanıq-yunuq, necə gəldi, yemək hazırlayırdım. Bu iş həm də hobbimə çevrilmişdi.

Atamın qorxusundan…

Orta məktəbdə çox yaxşı oxuyurdum, özü də arzum həkim olmaq idi. Musiqi məktəbinə gedirdim, səsim vardı, oxuyurdum. Atam məni musiqiyə yönəltdi. Bir gün gəldi ki, gəl səni aparım rayon pionerlər evinə, gözəl səsin var, bir özünü yoxla. Onu da deyim ki, məni musiqiçi görmək istəyinə rəğmən, o çox mühafizəkar adam idi. Pionerlər evi ilə evimiz arasında məsafə bir neçə kilometr idi. Mənə deyirdi ki, 20 dəqiqəyə həm pionerlər evinə gedəcəksiniz, məşqinizi edəcəksiniz, həm də evə qayıdacaqsınız. Qorxumuzdan deyə bilmirdik ki, ay ata, elə iyirmi dəqiqəyə ancaq ora çatarıq. Atam özü də bunu bilirdi, sadəcə, bizi qorxudurdu ki, birdən dükana-zada dönərik, ya başımız nəyəsə qarışar, gec gələrik.

Göz karandaşımı qorxudan bilmirdim harda gizlədim

Atam geyimimizə də çox qarışardı. Dikdaban ayaqqabı, qısaqol paltar, qısa yubka geyinə bilməzdik. Bu bizdə qanun-qayda idi. Amma harda yaxşı paltar vardısa, alıb bizə gətirərdi. Bakıda oxuyanda da kosmetika-zad bilməzdim. Balaca bir qara karandaşım vardı, göz üçün, onu bilmirdim çantamın harasında gizlədim. Elə bilirdim ki, atam arxada dayanıb məni güdür. Gəlib girirdim konservatoriyaya, aşağıda xəlvəti karandaşı gözümə çəkib otururdum dərsdə. Dərsdən çıxanda da yenə gözümün qarasını silib düşürdüm yola.

Məni güdürmüş ki, görüm hara gedəcək

Hələ mən rayonda orta məktəbdə oxuyanda da atam kənardan gəlib bizi izləyirmiş, bunu sonralar bilmişəm. İndi sinif yoldaşlarımla söhbətləşəndə deyirlər ki, o vaxt atan məktəbin kənarında dayanıb səni izləyirdi. Bizi məktəbdən dərzilik atelyesinə aparırdılar, artel deyirdik ora.

Hərdən yığışıb uşaqlarla keçmişi, məktəb illərini xatırlayırıq. O gün bir sinif yoldaşım deyir ki, Gülüstan yadındadır, atanın gəlib artelin yanında səni gözləməyi? Sən demə, bizi gözləyirmiş ki, görüm qızlar burdan çıxandan sonra hara gedəcəklər. Bax elə mühafizəkar adam idi. Amma bununla bərabər atam həmişə bizə deyirdi, dil öyrənin, musiqi ilə məşğul olun, ali savad alın.

Saçlarımın bantını açıb sinifin pəncərəsindən çölə tulladı

Onuncu sinifdə oxuyanda mən saçlarımı iki yerdən yığırdım, “keçi” deyirdilər buna. O vaxtın məktəbli qızları çox vaxt saçlarını belə yığırdılar. Artıq buraxılış günləri idi, qızlarla yığışmışdıq məktəbə. Sinfimizdə Adil adlı oğlan vardı, gəlib saçlarımın bantını açıb sinfin pəncərəsindən çölə tulladı ki, bəsdir də, məktəbi qurtarırsan, burdakı qızlar kosmetika çəkir, sən hələ də “keçi”lərdən əl çəkmirsən. Yəni, belə bir qız olmuşam. Sonradan bilmişəm ki, məni sinif yoldaşlarımdan da, digər sinfin oğlanlarından da istəyənlər varmış. Bunu mənə nə özləri demişdi, nə də mən hiss etmişdim.

Oğlanı döydüyümə görə məni direktorun yanına apardı

Bülbül adına məktəbdə oxuduğum vaxtlarda oğlanları çox döyürdüm. Şəhərə gələndə əvvəlki utancaq Gülüstan deyildim axı. Oğlanları necə döyürdümsə, məndən qorxurdular. Bir sinif yoldaşım vardı, Məzahir adlı, indi sürücü işləyir. Tez-tez Bakıya gəlir, görüşürük. Məktəbimizdə qızlara həmişə sataşırdı, vururdu, mən də bunun üstündə onu döymüşdüm. Bir dəfə Elza müəlliməmiz məni bunun üstündə direktorun otağına apardı. Dedi ki, bu qız həmişə oğlanları döyür, indi də Məzahiri döyür. Müəllimə məni direktorun otağında qoyub çıxıb getdi. Direktor qayıtdı ki, qızım döyürsən, əcəb eləyirsən, amma məktəbdə döymə, çıxar məktəbdən, çöldə döy.

Çantalarımızı sinfin pəncərəsindən həyətə tullayıb dərsdən qaçdıq

Bakıda Bülbül adına məktəbdə oxuduğum vaxtlarda da gözəl günlərimiz keçib. O qədər xatirələrim var, hansı birini yada salım. Orda oxuyanda arada dərsdən qaçırdıq da. Çantalarımızı sinfin pəncərəsindən həyətə tullayıb, sonra götürüb gedirdik Araz kinoteatrına kinoya baxmağa. Məktəbimiz ora yaxın idi. Bir gün Bakıya təzə filmlər gətirilmişdi. Sinfin oğlanlarına qoşulub getdik kinoya. Kinonun şirin yerində bir də gördük, kinoteatrın işıqları yandı. Direktorumuz əlində mikrofonla dedi ki, Bülbül adına məktəbin şagirdləri zalı tərk eləsinlər. Bizi satmışdılar ki, filan sinfin uşaqları qaçıb kinoya gediblər.

Ona görə hər şeyi atıb getdim rayona

Həyat yoldaşımla təsadüfən tanıq olmuşduq. Otaq yoldaşım Şəhlanın əmisioğlu idi. Daha doğrusu, ataları əmiuşağı idilər. Amma qızın qardaşı ilə bir otaqda qalırdılar. Arada Şəhlanın yanına gəlib-gedirdilər. Məni görüb bəyənmişdi. Sonradan mənə dedi ki, səni universitet konsertində görmüşdüm. Mən üçüncü, o, sonuncu kursda oxuyurdu. Savadlı tələbə idi, təyinatla rayona getdi. Onu Bakıda saxlamaq istəyirdilər. Amma öz istəyi ilə rayona getdi, polisdə işlədi. Arada yanıma gəlib-gedirdi. Mən kirayə qalırdım onda, Zabitlər bağının yanında. Gedib otururduq bağda, söhbət edirdik. O rayonda, mən burda yaşadığım üçün çox görmürdük bir-birimizi. Bir gün mənə evlilik təklif etdi, razılıq verdim. Onu çox istəyirdim, buna görə də işimi, sənətimi qoyub onunla ailə qurdum və rayona getdim. Çox dəyərli bir oğlan idi. O vaxt çox ağlayırdım, deyirdim kaş məni boşayaydı, amma ölməyəydi. Sözün əsil mənasında ləyaqətli oğlan idi, öz arzusu ilə döyüşə getmişdi.

Sən dərsdən qaçanda mən dərs öyrənirdim

Çox sonralar başa düşürsən ki, uşaqlıq illəri nə qədər doğmadır. İndi yadıma salanda kövrəlirəm, hətta yaxşı xatirələrimi yada salanda da təsirlənirəm. Uşaq vaxtı heç zamanın hardan gəlib, haçan keçdiyindən xəbərin də olmur. Elə mənim də tələbəliyimin, uşaqlığımın necə keçdiyindən xəbərim olmadı. Mən dostluğa sadiq insanam, uşaqların çoxu ilə hələ də ünsiyyət saxlayıram. Yığışırıq, dərdləşirik, xatirələrimizi danışırıq. Adama ləzzət eləyir, eyni zamanda xatirələr adamı duyğulandırır. Hərdən uşaqlar mənə deyir ki, ay Gülüstan, səni bu xarici dili harda öyrənmisən, yeməyi nə gözəl hazırlayırsan, əlindən nə qədər iş gəlirmiş? Deyirəm ki, sən dərsdən qaçanda mən dərs öyrənirdim...

Uşaqlıq illəri, doğrudan da, insanın heç vaxt qayıda bilməyəcəyi bir dünyadır. O gözəl dünyanın sakinləri artıq böyüyüb, oğlu-uşaq sahibdir. O yerlərə qayıtmaq mümkünsüzdür, yalnız xatirələr insanı xəyalən o yerlərə apara bilər.

Qardaş itkisi…

Acı xatirələrim də çoxdur… Ailə qurmuşdum, həyat yoldaşım şəhid oldu, üstündən üç il keçəndən sonra qardaşım şəhid oldu. Tərtər rayonunda Qirmızıkənddə gedən döyüşlər zamanı kütləvi şəkildə azərbaycanlıları qırmışdılar, qardaşım da onların içində idi. Yevlaxdan təqribən iyirmiyə yaxın oğlan şəhid olmuşdu onda.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm