Mediamızın, türkün sözü, dal problemi
Bizi izləyin

Digər

Mediamızın, türkün sözü, dal problemi

Deyəndə ki, mediamız dalda qalıb, bunu sözün hərfi mənasında başa düşmək lazımdır. Bəli, həmkarım Vüsal Məmmədovun bu fikri ilə razıyam. Amma öz başa düşdüyüm tərzdə. İndi niyəsindən sizə də deyim, bilin və agah olun.

Televiziyada işləyəndə “reytinq” sözü dilimizin əzbəri idi. Bir vaxtlar xəbərlər həmişə yüksək reyqtinqi ilə seçilirdi. Amma sonradan ortaya çıxan bu şou-biznes hər şeyi dalda qoydu.

Ondan sonra televiziyaların kameraları gah müğənnilərin dalına çevrildi, gah da birinin digərinin dalınca danışmasını lentə aldı.

Beləcə, bu dal matah olub gözümüzə girdi.

Bir müddət xəbərlərə üstünlük verən ANS də reytinqdə dalda qaldığını gördü və dala çevrilib tarixə baxdı və reytinq xətrinə Avropanın artıq dəbdən düşmüş, dalda qalmış layihələri ilə ekranını bəzədi.

Sonradan isə bu dal xəstəliyi xəbər saytlarına keçdi. Hərə əlinə bir fotoaparat aldı, şou-biznes əhlinin dalınca düşdü. Kadrlara düşən müğənnilər isə bir-birindən dalda qalmamaq üçün poz verdilər. Beləcə, mediamız da yavaş-yavaş dalda qalmağa başladı.

Yəni artıq biz oxucularımızı dalımızca gətirə bilmədik. Əksinə, özümüz onların dalınca düşdük ki, İP yığaq. Bu İP-də bir ip olub keçdi boğazımıza və bizi başladı “şok”ların, “18+ lar”ın dalıyca sürüməyə. Artıq inkişaf etmişik, “23+” olmuşuq.

İndi ayılmışıq ki, ay aman, bizim fikrimiz dalda qalıb, amma avropalı həmkarlarımız irəli gedib.

Amma bir az diqqətli baxanda görürük ki, bu virus elə bizə Avropadan keçib. Bu barədə az sonra...

Amma Vüsal Məmmədovun bir fikrinin əksinə çıxıram. Hörmətli həmkarım deyir ki, gəlin saytları ixtisaslaşdıraq: “Dünyanın heç bir yerində, məsələn, çılpaq bədən üzvü görmək istəyən oxucu ictimai-siyasi sayta girmir. Bunun üçün çoxlu ixtisaslaşmış saytlar var, orada ən müxtəlif janrda erotika, pornoqrafiya tapmaq olar. Amma bizdə jurnalistlər nəyə görəsə bunu başa düşmək istəmirlər”.

Mən də razı. Amma gəl indi uzağa getməyib qardaş dediyimiz Türkiyə saytlarına baxaq. "Hürriyət", "Milliyət", CNNTürk kimi öndə gedən xəbər saytlarının manşetini bəzəyən bikinili qızlar deyilmi?

Amma bu saytlar ayrıca layihə kimi açdıqları bu səhifələrin əsas, cəlbedici şəkillərini yenə də manşetə çıxarır.

İstənilən halda bizim vəzifəmiz xəbər verməkdi. Kim xəbəri irəlidən oxuyar, kim istəsə daldan... Bu, artıq oxucunun zövq məsələsidi.

Həmkarımın daha bir sitatı: “Bazarın seqmentləşməsi anlayışı da var. Sən telefon almaq istəyəndə `Cotton`a getmirsən axı... Və `Cotton` da `World Telecom`la yox, məsələn, `Rodi` ilə rəqabət aparır. Bu, normal halda belədir. Amma təsəvvür eləyin, girmisən `Samsung` mağazasına və planşetlərin böyründə qadın alt paltarları asılıb. Belə mağaza haqqında nə düşünərsiniz?”

Əziz qardaşım, axı indi hipermarketlər dövrünə gedirik. İndi alıcı bazarı gəzməyə həvəsli deyil, hər şeyi bir yerdən alıb rahatlıqla evinə getmək istəyir. İri ticarət mərkəzində həm telefon, həm paltar, həm də ərzaq almaq mümkündü indi. Sadəcə, bu ticarət mərkəzində hər şey öz şöbəsində satılır. Amma vitrində reklamlarda hər şeydən bir az verilir...

Deyəsən, yenə "dal"da qalırıq…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm