Fazil Mustafa: "Dağlıq Qarabağın alınması Qərbin maraqlarına uyğundur"
Bizi izləyin

Digər

Fazil Mustafa: "Dağlıq Qarabağın alınması Qərbin maraqlarına uyğundur"

"İkili yanaşma dünyada erməni lobbisinin böyük təsir imkanlarına malik olmasından xəbər verir".

Bu barədə Publika.az-a Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, burada erməni himayədarlığı da öz sözünü deyir ki, bu himayədarlığın da arxasında dayanan tək Rusiya deyil:

“Bu, olduqca ciddi bir məsələdir. Beynəlxalq güclər Ermənistana bu günə qədər heç bir sanksiya tətbiq etməyib və belə bir sanksiyanın tətbiq ediləcəyi də gözlənilmir. Buna baxmayaraq, Rusiyaya qarşı sərt davranış ortaya qoyurlar, halbuki Ermənistan Rusiyadan asılı bir ölkədir, bir növ Rusiyanın bir əyalətidir. Ancaq çox maraqlıdır ki, erməni lobbisi və erməni himayədarlığı o qədər yüksək səviyyədədir ki, Rusiyanın əleyhinə alovlu danışan hər kəs Ermənistanın adı gələndə susur və ya Ermənistana dəstək nümayiş etdirir. Bu da erməni himayəsinin yüksək səviyyədə olmasından xəbər verir. Mən hesab edirəm ki, bu məsələdə olduqca böyük bir ədalətsizlik var. Çünki Krımın işğalını Ermənistan da dəstəklədi, amma buna görə Ermənistanın üstünə heç kim gəlmədi. Eyni zamanda, Vilnüs sammitində də Ermənistan Avropa dəyərlərindən imtina elədi, ancaq Avropa Birliyindən, Avropa Şurasından heç kim Ermənistanın buradan çıxarılması məsələsini gündəmə gətirmir. Bütün bunlar da, təbii ki, erməni himayədarlığından və erməni lobbisinin dünyada kifayət qədər təsir imkanlarına sahib olmasından xəbər verir. Bu məsələdə tək Rusiyanın dəstəyi deyil, burada Avropanın və ABŞ-ın da dəstəyi var. İstər Avropa Birliyi, istərsə də Amerika dolayısı ilə Ermənistanı himayə edirlər”.

Ancaq bütün bunlarla yanaşı, millət vəkili hesab edir ki, Qərb Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır:

“Dağlıq Qarabağın alınması Qərbin maraqlarına uyğundur. İslam ölkələrində, xüsusən də Azərbaycanda bu torpaq məsələsi nə qədər çox xristian dünyasının xeyrinə həll olsa, bu, onlar üçün o qədər yaxşıdır. Ona görə də Qərb dünyası üçün də Dağlıq Qarabağ probleminin həlli önəmli bir məsələdir. Sadəcə, burada əsas məsələ ikili yanaşmadır. Beynəlxalq güclər həmişə bu məsələdə ikili münasibət ortaya qoyublar. Bütün bunlar da təbii ki, erməni himayədarlığından doğan bir məsələdir”.

Hikmət Kərimoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm