Mütləq bir gün anlayacaqlar...
Bizi izləyin

Digər

Mütləq bir gün anlayacaqlar...

Bu öykünü tələbələrimə anlatmağı çox sevirəm və bütün gənc dostları, özəlliklə şagird və tələbələri oxumağa və düşünməyə səsləyirəm: “Bir şirkətdə çalışan gənc bir adamla tanış oldum. Gənc adam məndə müsbət təəssürat oyatmışdı. Özündən son dərəcə əmin, nə istədiyini bilən, iddialı bir adam idi. Gənc adam təhsil həyatını danışarkən universitetə daxil olma və bitirmə tarixlərini də söylədi.

Daxil olma və bitirmə tarixləri arasındakı müddət diqqətimi çəkmişdi. Bu müddət dörd ildən artıq idi. Əmin olmaq üçün mən bu tarixləri təkrarladığımda gənc adam dərhal açıqlama verdi: “Mən universiteti 5 ildə bitirdim... Çünki bir il kursda qaldım. Bu bir ildə bilgisayarçının yanında işləməyə başladım. Amma bu sinifdə qalma olayı mənim həyatımda bir dönüş nöqtəsi oldu. Mən bu olay sayəsində həyatı öyrəndim.”

Mənim maraqlandığımı görüncə gənc adam sözlərinə belə davam etdi: “Oturub düşündüm. Öz-özümə suallar verdim: “Niyə universitetə gedirəm? Universitetdə nə öyrənirəm? Universiteti bitəndən sonra nə olacaq? Mən həyatda nə edəcəyəm?” Bu, bir növ öz-özümlə hesablaşma idi. O zaman fərq etdim ki, universitetə şüursuz halda gedib-gəlirmişəm. Dərslərdəki məqsədimi yanlış qoyduğumu anladım. Çünki dərslərdəki tək məqsədim qiymət almaq idi. Bayırda sadəcə tək bir gerçək şey vardı: Bilik (Bilmək)! Əgər bir şeyi öyrənmişsinizsə, bilirsinizsə, edirdiniz, yoxsa müştəri də, müdir də nə diplom görmək istəyirdi, nə də dərslərdən aldığınız qiyməti...

Dərslərə artıq bu şüurla getməyə başladım. Dərslərdən zövq alırdım. Öyrəndikcə qiymətin də avtomatik olaraq yaxşı olduğunu görürdüm. Universitetin qalan qismi çox zövqlü idi...”

Gənc adamla çox danışdım. Gerçəkdən də bu gənc yaşına görə yetkin birisi idi. Universitetdə oxuduğu zaman kursda qalsa da, həyat məktəbi keçmişdi. Bu gənc adamı məktəblərə, universitetlərə aparıb danışdırmaq istərdim. Çünki əhatəmdə, bəzən siniflərimdə (bəzən ustad siniflərində belə) öyrənmənin sirrini dərk etməmiş adamları gördüyümdə üzülürəm... Bütün məktəb, universitet müddətinə bir qiymət və diplom olaraq baxanları gördüyümdə, bu şüursuzluğa üsyan edirəm. Bu tələbələr zənn edirlər ki, həyat bir gözəllik yarışmasıdır, diplom deyilən kağız parçasına sarılıb zirvəyə çıxacaqlar... Həm də bunun sayəsində kimsə onları seçəcək, yaxşı işlərə girəcəklər və pul qazanacaqlar. Ya da “ye, kürküm, ye” məsəli “ye, diplomum, ye” deyə süfrəyə qoyacaqlar. Bu bir gənclik röyası... Bunun bir nağıl olduğunu məktəbi, universiteti bitirdiklərində anlaya -caqlar. Bilmək, öyrənməkdən başqa çıxış yolu olmadığını, əlbəttə, bir gün görəcəklər. Bütün həyatı bir məktəb olaraq görmədikcə, öyrənmənin sirrinə varmadıqca heç bir şeyə vara bilməyəcəklərini bəlkə də çətin yolda... amma mütləq bir gün anlayacaqlar.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm