Təklər, təlxəklər və hippilər
Bizi izləyin

Digər

Təklər, təlxəklər və hippilər

Əgər bu gün sağ qalmış bir And dağlı balası – əli tamaqaflı bir mayya, iki min metr yüksəklikdə ucaltdığı məbəddən boylanan lələkli bir astek, yaxud asma körpülər ustadı bir ink qayıdıb desə ki, avropalılar kauçuku bizim heveya bağlarımızdan oğurlayıb özlərinkiləşdiriblər və bu iddia nə qədər gülməli səslənərsə, bizim müasir müsəlman tayfa üzvlərimizin “Qərb hər şeyi Şərqdən oğurlayıb” deməsi də bir o qədər qəhqəhəlik səslənir, sözsüz ki, yumor hissi bayağı olmayan adamlar üçün. Necə ki, Türkiyə prezidentinin qəfildən “Amerikanı müsəlmanlar kəşf etmişdir” deməsi, az qala, karikaturik ekstaza səbəb oldu. Lakin Ərdoğandan yıllar öncə sərçə kimi cüt ayaqla icbari elmi ateizmdən azad və müstəqil mövhumata hoppanmış Azərbaycanın “milli heysiyyatın” şiddətindən ağlını itirmiş bir çox elm adamlarının Amerikanın kəşfi ilə bağlı sübut etməyə çalışdıqları elmi-təxribat işi bu gün heç kim üçün nə gülməli, nə də ağlamalı məzmuna sahib deyil.

Alimlərimiz iddi edirdilər ki, guya, Nəsrəddin Tusi öz astronomik qaralamalarında Kolumbdan 200 il əvvəl Amerika materikinin olduğu yeri göstərmişdi və Kolumbun müəllimi Toskanelli bu haqda Kolumba yolüstü məlumat vermişdi. Bu da, guya, Amerikanın kəşfində Azərbaycan elminin böyük və danılmaz rolunun təsdiqi idi. Adamdan soruşarlar, onda nə üçün müəllimi Toskanelli tərəfindən yeni torpaqların olması haqqında Tusiyə istinadən məlumatlandırılmış Kolumb yetmiş günlük yolçuluqdan sonra ayaq basdığı torpaqları “Hindistan”, yanbızıaçıq lələkli sakinləri isə “hindlilər” adlandırmışdır?

Bunları yadımızda saxlayıb keçək əsas məsələyə. Katorqadan qayıdandan sonra Dostoyevski deyirmiş ki, biz rus xalqının əleyhinə getdik və xalq bizi katorqaya göndərdi! Bu gün Azərbaycan xalqı da onun mədəni-mənəvi sifarişlərini yerinə yetirmək istəməyən gənc yaradıcı övladlarına əlindən çıxmış güllələtdirmək, katorqaya, sürgünə göndərtdirmək kimi cəza növlərinin potensial hədəfi kimi baxır. Sənətə hələ də öz nökəri kimi yanaşır, özünün yetmiş illik populyarlığının yarılıb mumiyalanmasına etiraz edir. Xalq azad yaradıcılıqla ultimatum ahəngi ilə danışır: ya mənim havamı çalacaqsan, ya da mənim çaldığım havaya oynayacaqsan. Xalq öz ultimatizmi ilə təcrübəsiz gənc istedadı qıcıqlandırıb fərdi yaradıcılıqdan uzaqlaşdırır və onu öz gününə salıb məhv edir. Ona görə də son zamanlar sənətə gələn istedadlar çox keçmədən baş götürüb üç istiqamətə tozanaqlayırlar; birincilər, xalqa təslim olan çoxluq, onu əyləndirən təlxəklərə çevirilir, ikincilər xalqdan və sənətdən uzaqlaşıb öz nihilist aqibətlərinin qaranlıq kahasına çəkilir, üçüncülər isə xalq basqısına müqavimət göstərərək, hər şeyə tüpürüb, bir növ, hippi həyat tərzinə sığınırlar. Təlxəklər və hippilər! Yaradıcı təklərdən xəbər-ətər yoxdur.

Klassik hippi hərəkatı dünyada hər şeyin hamıya bərabər bölünməsini müdafiə edən, kapitalist, kommunist, faşist və s. ideologiyaların dünya istismarına qarşı çıxsa da, gücü yalnız öz həyatını bu ideologiyaların boyunduruğundan uzaq tutmaq üçün yalqız sürü halında yaşamağa üstünlük verən fərdlərin passiv müqaviməti idi. Hippi sürülərinin ilk üzvləri ABŞ-da irqi ayrıseçkiliyin şiddətinə məruz qalan, etiraz əlaməti olaraq dövlət, cəmiyyət dəyərlərinə etinasız yanaşan, bəzən onları ələ salan, heç yerdə işləmək istəməyən, narkotik düşkünlüyünü, dumanlı musiqi aludəçiliyini və azad seksi həyat tərzinə çevirən gettoqondularda yaşayan zənci gəncləri idi. Onlar Şərq zərdüştçiləri kimi yığıcı-əkinçilik və bağçılıq edərək yaşamağa üstünlük verirdilər. Ancaq mən deməyəcəyəm ki, onlar bu həyat tərzini bizim dədə-babalarımız olan atəşpərəstlərdən oğulamışdılar. Çünki hippilərdən təxminən iki min dörd yüz il əvvəl qədim İran və Azərbaycan torpaqlarında yaşayan xalqlar indiki hippilərin seçdiyi həyat tərzini dini-ideoloji təlim kimi qəbul edirdilər. Şərab, musiqi, azad seksual münasibət, əkinçilik və heyvandarlığa rəğbət atəşpərəstlərdə nəyəsə etiraz əlaməti kimi yox, ruhani asudəlik yoluyla xeyirə şükranlıq rəmzi kimi götürülürdü. Atəşpərəstlər bu cür sərbəst həyat tərzi ilə, bir növ, şərə acıq verirdilər. Atəşpərəstlər öz torpaqlarına, mənəvi dəyərlərinə istənilən müdaxiləni şər qüvvələrin məkri hesab edirdilər. Atəşpərəstlərin həyat tərzini kökü atəşpərəstlərdən gələn dünyaca məhşur Xorasan şairi Ömər Xəyyamın yaradıcılığında daha aydın görmək olar.

“Məscidi, namazı, orucu burax,

Dilənçi olsan da, mey iç, kefə bax.

Ey Xəyyam, öldünmü, bil, torpağından

Ya qədəh düzələr, ya kuzə, bardaq”.

Yaxud:

“Zahid, tənə vurma bizə sən müdam,

Deyilik dünyada sənin kimi xam.

Sənin istədiyin namaz, təsbehdir,

Mənim sevdiyimsə, canan, bir də cam”.

Əslində, bu gün dini, xüsusilə qəzəl və mərsiyyə mövzularının meyxanaya gətirilməsi günah sayılmalıdır. Meyxana konkret bir həyat tərzini ifadə edən yaradıcılıq növü kimi məhz islam sivilizasiyasına qarşı öz dövrünün hibbi hərəkatı kimi meydana çıxmışdır. Meyxananın zatında yaradıcılıq yox, dağıdıcılıq var idi. Hətta bu gün də meyxana öz dağıdıcı zatını qoruyub saxlayır: üz-üzə oturub qafiyə cütləyən meyxanaçıların məqsədi qarşısındakını gözlənilməz söz axını ilə darmadağın eləməkdir. Yəni əslində, müsəlman olan xalq meyxananı nəinki sevməli, hətta ona qarşı çıxmalıdır.

Xalq isə öz yanlış eybəcərliklərini ört-basdır etmək üçün meyxanayla əl-ələ verib, Dostoyevski olmaq istəyən gənclərini məişət katorqalarında çürüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm