Məşhur xanəndə - “Dalımca danışanlara deyirəm ki…” - VİDEO
Bizi izləyin

Digər

Məşhur xanəndə - “Dalımca danışanlara deyirəm ki…” - VİDEO

Müsahibim ustad xanəndə, Akademik Opera və Balet Teatrının solisti Təyyar Bayramovdur. Onu Ulduzlu axşama dəvət edəndə məndən vaxt istədi: “Bu axşam Opera teatrında Şah İsmayıl operasında oynayacağam, qoy tamaşanı yola verim, sonra görüşərik”.

Bu ki, əla oldu, mən də gəlib həm tamaşaya baxaram, yorğunluğum canımdan çıxar, həm də, söhbətləşərik. Elə də oldu. Onu da deyim ki, indiyə qədər bir çox sənətkarlarımızın təqdimatında “Şah İsmayıl operasına tamaşa etmişdim. Təbii ki, hər bir ifa özünəməxsusluğu ilə yadımda qalıb. Amma etiraf edim ki, Təyyar Bayramovun obrazında gördüyüm “Şah İsmayıl tamamilə fərqlənirdi. Yeri gəlmişkən, bugünlərdə Milli Konservatoriyanın yeni binasının təntənəli açılış mərasimi oldu. Ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdiyi açılış mərasimində ustad xanəndə Təyyar Bayramov da çıxış etdi. Həmin ifanın lent yazısını sizə də təqdim edəcəyik, dinləyib feyzi-yab olarsınız. İndi isə, Operamızın Şah İsmayılını eşidək.

Təyyarın Məcnun olmaq həvəsi…

- “Şah İsmayıl” kimi klassik bir operada çıxış etdiniz. Bir neçə xalq artistinin ifasında bu operaya tamaşa etmişəm, amma etiraf edim ki, sizin ifanız temperamenti ilə fərqlənir…Tamaşada daha enerjili və temperamentli Şah İsmayılla qarşılaşırıq.

- Şah İsmayılda nədənsə özümü görürəm, səsimin xarakterinə uyğun bir obrazdır. Bəlkə də buna görə, ifa sizə bir qədər fərqli və yeni görünüb. Həm də Opera səhnəsi elədir ki, hər dəfə səhnəyə çıxanda həyəcan hissi keçirirəm. Sanki bir imtahan verirəm. Ümumiyyətlə, bu opera xanəndədən güclü səs imkanları tələb edir. Zaman-zaman bu operada müqtədir sənətkarlarımız çıxış edib, bu gün də bizlər davam etdiririk. Təbii ki, yaxşı ifalar yaşayıb, və indən belə də yaşayacaq. Tarix, zaman ələkdir, mükəmməl ifaları saxlayır.

- Elə bir rol varmı ki, arzulayırsınız, amma hələ oynamamısınız?

- “Şah İsmayıl” kimi möhtəşəm bir operada oynamaq hər bir xanəndənin arzusudur, şükür mən bu arzuya çatdım. Amma təbii ki, var oynamaq arzusunda olduğum rollar. Mən inanmıram ki, “Leyli və Məcnun”da Məcnunu oynamaq istəməyən sənətkar olmasın. Mən də nə vaxtsa, Məcnunu oynamaq istəyirəm. İnşallah, qismət olsa, oynayaram.

Xanəndə tələbələrindən nələr dedi?

- Asəf Zeynallı Musiqi Kolleci və Milli Konservatoriyada dərs deyirsiniz, çoxlu sayda tələbələriniz var, razısınızmı onlardan?

- Ümidverici tələbələrim var, bunu fəxrlə deyirəm. Ustadlarımdan öyrəndiklərimi bu gün tələbələrimə öyrədirəm. Hər zaman tələbələrimə tövsiyəm bu olur ki, hər nailiyyətin arxasında bir zəhmət dayanır. İstedad olmalıdır, bu sözsüz, amma zəhmət çəkmək lazımdır ki, bu istedad üzə çıxa bilsin.

- Bu günlərdə ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Milli Konservatoriyanın yeni binasının açılış mərasimi oldu. Həmin möhtəşəm açılış mərasimində siz də çıxış etdiniz. Hansı hissləri keçirdiniz?

- Əvvələn onu deyim ki, Milli Konservatoriyanın yeni binası analoqu olmayan möhtəşəm bir binadır. Prezidentimizin diqqət və qayğısının nəticəsidir ki, müəllim və tələbə heyətinə belə bir gözəl təhsil binası hədiyyə etdilər. Bəli, mən bunu hədiyyə adlandırıram. Qaldı ki, mənim orda çıxışıma, əlbəttə qürurverici hissdir. Hər bir xanəndə bunu arzulaya bilərdi.

“Bu mənim üçün fəxrdir”

- Bununla belə, bəzi saytlarda xoşagəlməz fikirlər səsləndirildi ki, guya siz həmin mərasimdə sıxılmısınız və Alim Qasımov sizi vəziyyətdən çıxarıb. Bu nə dərəcədə doğrudur?

- Düzdür, bəzi saytlarda belə xoşagəlməz fikirlər səsləndirildi. Əsla belə deyildi, ifamda heç bir qüsur görmədim ki, vəziyyətdən də çıxarılım. Alim Qasımov böyük sənətkardır, o da ekspromt ifası ilə bizləri sevindirdi. O, özü də müsahibəsində bildirdi ki, Təyyarın ifası məni təbə gətirdi, bu əlbəttə ki, mənim üçün fəxrdir.

“Sponsorlar olmasa da…”

- İşlərin çoxdur-tədbirlər, qastrollar, Opera səhnəsində tamaşalar, eyni zamanda albom da çıxarırsan. Bütün bunları necə çatdırırsan?

- Gərgin zəhmət bahasına. Üçüncü diskim çıxdı və artıq dördüncü diskim üzərində tamamlama işləri gedir. Birinci diskim xalq mahnıları, təsnif, muğam parçalarından ibarət olsa da, ikinci diskimdə klassik muğamlar yer aldı. Mənim Azərbaycanım adlı üçüncü diskim mahnı, təsnif və kiçik həsmli muğamlardan ibarət oldu. Dördüncü albomda isə dəstkahlardır-Mirzə Hüseyn və Bayatı-şiraz.

- Demək olarmı ki, artıq solo-konsertin vaxtı yetişib?

- Mən əslində bu il solo-konsert vermək niyyətindəyəm. Amma baxıb görəndə ki, bu xeyli məsrəf tələb edir, fikrimi dəyişirəm. Belə götürəndə də ki, hər gün elə səhnədəyəm də.

- Nədənsə sponsorlar estrada müğənnilərinə maliyyə dəstəyi göstərir, amma muğam ifaçılarına yox. Sizcə niyə?

- Əsas odur ki, dövlətin muğama və sənətkarlarımıza diqqəti var. Sponsorlar olmasa da olar. Konsert vermək mənim üçün əslində çətin bir iş deyil. Elə verilişlər olur ki, orda iki saat canlı ifa edirəm. Yaxud Opera teatrında 3 saat canlı ifalarımız olur. Yəni demək istəyirəm ki, solo-konsert vermək mənim üçün heç də problem deyil. Əgər gələcəkdə bir təşkilatçı irəli durub konsertimi təşkil etsə, repertuarımı ortaya qoya bilərəm. Amma mən müəyyən miqdarda maddi ziyana düşəcəyəmsə, heç o konserti etmək də istəməzdim.

“O verilişlərdən imtina edirəm”

- Bu əlbəttə bizim sənətçilərin problemidir ki, konsertdən və albom satışından qazanc götürə bilmirlər…

- Bəli, buna görə də həvəsdən düşürük. Amma dünya təcrübəsinə nəzər salsaq görərik ki, orda mənzərə tamamən fərqlidir. Sənətçilər albom və bilet satışından çoxlu qazanc götürürlər. Bizdə isə hələ ki, bu ənənə yoxdur. Bu da təəssüf doğuracaq haldır.

- Hər dəvət aldığın verilişə gedirsənmi?

- Yox mən heç vaxt tanımadığım, bələd olmadığım verilişə getmirəm. Həmin verilişi izləyirəm, əgər özümü o verilişdə görürəmsə, gedirəm, görmürəmsə, dəvətdən imtina edirəm. Açıq şəkildə deyirəm ki, bu verilişdə özümü görmürəm.

- Elə bir veriliş olubmu ki, gedəsən verilişə, amma axırda getdiyinə peşman olasan?

- Heç vaxt olmayıb. Çünki dediyim kimi, yüz ölçüb bir biçirəm.

“Jurnalist dedi ki, gəl süni qalmaqal yaradaq”

- Qalmaqaldan hər zaman uzaqsan, yəni heç qalmaqala çəkən olmayıb sizi?

- Ustadım Mənsum İbrahimovun həmişə mənə bir tövsiyyəsi olub ki. Başını aşağı sal və öz sənətinlə məşğul ol; dedi-qodulara, söz-söhbətlərə fikir vermə. Mən də ustadımın bu fikrinə həmişə hörmətlə yanaşmışam.

- Ümumiyyətlə, dedi-qodular, paxıllıqlar səni ruhdan salırmı?

- Əksinə, daha da ruhlanıram və daha çox çalışıram… Sadəcə qalmaqala fikir verən deyiləm. Məsələn, olub kimsə gəlib məndən müsahibə alıb və açıq şəkildə deyib ki, bəlkə filankəslə arada qalmaqal yaradaq? Demişəm ki, qətiyyən belə şey ola bilməz. Həmin ərəfədə mənim tamaşalarım olub, məsləhət görmüşəm ki, gəlib mənim tamaşalarımdan yazsınlar. Bəlkə onlar da bunu qəsdən etmir e, mənim gündəmdə olmağım üçün belə edirlər. Amma maqazin proqramına çıxıb kiminsə dalınca danışmaq mənə yaraşmaz. Mən hansısa bir maqazin proqramına çıxanda da yalnız sənətimdən, yaradıcılığımdakı yeniliklərdən danışıram.

“Dalımca danışanlara deyirəm ki…”

- Sizin dalınızca danışıblar heç?

- Dalımca danışanlara deyirəm ki, Allah canlarını sağ eləsin.

- Sənət adamları arasında küsülü olduqların var?

- Soruşa da bilərsiniz özlərindən, heç vaxt belə xoşagəlməz şeylər olmayıb. Yaşıdlarımla, özümdən yaşca kiçiklərlə xoş münasibət saxlamışam. Əslində hər kəs belə etməlidir. Ədəb-ərkan mütləq lazımdır. Ümumiyyətlə, mən umu-küsü, qalmaqal, dedi-qodunun əleyhinə olan adamam və hər zaman belə şeylərdən uzaq olmağa çalışıram.

- Bilirəm ki, əvvəllər muğam ifaçıları ilə duetləriniz olub. Yeni duetləriniz gözlənilirmi?

- Bəli, bir neçə xanım muğam ifaçıları ilə duetlərimiz olub. Dörd-beş aydır ki, Gülyaz Məmmədova ilə bir duet planlaşdırmışıq, amma hələ ki, oxuyub başa çatdıra bilməmişik. Elə görəndə deyirik ki, duetimiz hazırdır, gəl oxuyaq, qalır. Gülyaz xanımın özünə, xanımlığına və sənətinə böyük hörmətim var və onunla düet oxumaq mənə xoş olardı.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm