Azərbaycanlı aktyor polisə düşdü - FOTO, VİDEO
Bizi izləyin

Digər

Azərbaycanlı aktyor polisə düşdü - FOTO, VİDEO

Bu dəfə məşhur Əməkdar artist, tanınmış rejissor və aktyor Elxan Qasımov uşaqlığından danışdı. “Əhməd haradadır” filmindən tanıdığımız şofer Əhməd. Axtarıb onu Kinostudiyada tapdıq. Onu da deyim ki, Elxan müəllimi dostları harda itirsələr, kinostudiyada taparlar. Dediyinə görə, bura çox bağlıdır. “Hə, indi de görək nədən danışacağıq?” “Uşaqlığınızdan, xatirələrinizdən…” O saat çöhrəsinə bir təbəssüm qondu, gözləri işıldadı. Uşaqlıq illərindən danışmağa həvəslə razılıq verdi. Amma öz aramızdır, özünü bir təriflədi ki, gəl görəsən… Hündürboylu, yaraşıqlı olmasından, qızların ürəklərinə yol tapmasından, rəqqaslıq qabiliyyətindən… Amma danışdıqca gördük ki, yox e, şofer Əhməd elə tərifə layiq oğlanmış. Ona şofer Əhməd deyə müraciət etməyimdən heç incimədi də. Sən demə, çoxları onu belə çağırırmış.

Məktəbin ən güclü oyunçusu

“16 yaşıma qədər Naxçıvanda yaşamışam. Orta məktəbi bitirdikdən sonra isə 17 yaşımda Bakıya gəlmişəm. Düz əlli iki ildir ki, mən Bakıda yaşayıram və özümü həm naxçıvanlı, həm də bakılı sayıram. O dövrdə pionerlər evində dərnəklər vardı və mənim demək olar ki, uşaqlığım o dərnəklərdə keçib. Rəqs dərnəyinin ən fəal üzvü kimi, məni o vaxt festivallara aparardılar, laureat idim. Buna görə də mənim məktəbdənkənar başqa əyləncələrim olmayıb. İdmanla da məşğul olurdum. Məktəbimizin yığma idman komandasının ən güclü oyunçusu sayılırdım”.

“Ermənilər yaba ilə bizə hücum etdilər”

“Hələ 16 yaşım vardı, atam məni Naxçıvan Dövlət Rəqs ansamblına apardı, məni orda solist kimi işə götürdülər. Əla rəqqas idim. Solist kimi demək olar ki, bir çox ölkələrdə qastrol səfərlərində olurdum. Ermənistana da gedirdik. Bizim bir balabançalanımız vardı, Baqrat adlı erməni. Bir dəfə biz Ermənistanın Vedibasar rayonuna qastrola gedirdik. Avtobusda qəfildən bu balabançı nəsə dedi, mübahisə düşdü və bizimkilər onu vurdular. Erməninin burnu qanadı, amma o, heç nə demədi. Avtobus Vedibasarda dayananda qəfildən həmin erməni yerə düşüb qaçmağa və “qoymayın müsürmanlar məni öldürürlər”-, deyib qışqırmağa başladı. Bu zaman bir dəstə erməni əlində yaba, lapatka üstümüzə gəldilər, amma kənardan bizi qorxutsalar da çox irəli gəlmədilər. Biz qorxuya düşdük, pis hadisə ola bilərdi. Bu zaman yanımızda maşın dayandı və içərisindən yaraşıqlı bir oğlan düşüb əlində tapança, erməniləri erməni dilində söyməyə başladı. O saat ermənilər qaçdı. Sonradan bildim ki, həmin oğlan Vedibasarda "Partşkola"nın rəhbəri olan Mayıl müəllim adlı şəxsdir. Ümumiyyətlə, Vedibasarda azərbaycanlı igidlər çox idi”.

“Atam dedi ki, nəslimizdə həyatı boyu adam tutan olmayıb”

“Aktyor olmağa böyük həvəsim vardı. Böyük bacım şairə idi, məktəbdə tanınırdı. Onun da mənə böyük təsiri olub. Eyni zamanda o dövrün gəncliyi, elə mən də Drayzerin, Hüqonun, Voyniçin romanlarını oxuyub özümüzü o əsərlərin qəhrəmanları kimi görərdik. Bir dəfə mən SSRİ-də çəkilən və çox məşhur olan “Ovod” filminə baxdım. Baş rolda oynayan aktyor Oleq Strijini görüb aktyor olacağıma qərar verdim. Başladım aktyorluq fakultəsinə hazırlaşmağa. Amma bununla belə arzularım çox idi. Aktyorluq həvəsindən öncə, hüquqşünas olmaq da ürəyimdən keçirdi. Amma atam heç cür hüquqşunas olmağımı istəmirdi. O özü həkim idi, amma fizulişünas kimi tanınırdı. Bir dəfə atam məni yanına çağırdı və qətiyyətlə tapşırdı ki, məbadə hüquqşünas olasan. Bizim nəsildə həyatı boyu adam tutan olmayıb. Ümumiyyətlə, hüquqşunas deyəndə hər kəs elə bilirdi ki, prokuror yalnız adam tutmaqla məğuldur. Aktyor olandan sonra bir dəfə atama sual verdim ki, ata, niyə o vaxt imkan vermədin hüquqşunas olmağıma? Atam qayıtdı ki, oğlum, lap ədalət keşikçisi olsan da mütləq kimisə türməyə salmaq məqamı olacaq. Buna görə də o vaxt sənə hər şeyi açıq deyə bilmirdim”.

“Öz əlimlə imtahan kitabçama iki yazdım”

“Atamın mənim hüquqşünas olmağımın əleyhinə olduğunu görüb fikrimi dəyişdim. Orta məktəbi bitirəndən sonra sənədlərimi verdim Teatr İnstitutuna. Onda da yaşım az idi, hələ 17 yaşım tamam olmamışdı. Orta məktəbi 16 yaşımda bitirmişdim. Nə isə çox çəkingən bir gənc idim. Hamlet Xanızadə məni güclə imtahan zalına saldı. Şeir dedim, digər bacarıqlarımı göstərdim. Axırda mənə ritmi nümayiş etdirməyim üçün bir mahnı oxumağımı istədilər. Səs tellərimdə plastika olmadığını bilirdim və buna görə də çox çətinliklə bir “Bakı” mahnısı oxudum. O mahnını elə bir vəziyyətdə oxudum ki, onlar hansı mahnını oxumağımı heç anlamadılar da. Bütün qiymətlərim üç oldu. Kəsəsi, müsabiqədən keçə bilmədim və atam dedi ki, daha bura qəbul ola bilmədinsə, sənədlərini "AZİ"-yə ver. "AZİ"-yə məcburiyyət qarşısında sənəd verməli oldum. Amma özüm öz əlimlə imtahan kitabçama iki yazdım. Məqsədim də bu idi ki, mütləq şəkildə aktyor olum.

“Ədil müəllim mənə baxıb plan cızırmış”

“İkinci il yenidən sənədlərimi Teatr İnstitutuna verdim. Ədil İsgəndərovun kursuna qəbul olundum. Burda da bəxtim gətirdi. Deməli, mən rəqs dərnəyinə getdiyim üçün əla rəqs edirdim. İmtahanda da başladım rəqs etməyə. Hər kəs maraqla mənim rəqsimə tamaşa edir. Festival laureatı idim onda. Məni saxlayan yox idi, rəqs bitir, amma yenidən oynadırlar. Heç nə anlaya bilmirəm. Sən demə, Ədil müəllim mənə baxdıqca beynində “Əhməd haradadır” filminin ssenarisini cızırmış. İmtahanlardan beş aldım və ali məktəbə qəbul oldum. Elə birinci kursda filmə çəkildim”.

“Polis dedi ki, radara düşmüsüz”

“1963-cü ildə Nizami kinoteatrında “Əhməd hardadır?” filiminin təqdimatı idi. Təqdimatdan sonra bir günün içində məşhur oldum. Səhəri gün Ədil müəllim dərsdə mənə baxdı və dedi: “Qadam, səni qoydum relsə, indi yolunda rahat get”. Bu film mənim həyatımı büsbütün dəyişdi. Gizlətmirəm, şöhrətdən başgicəllənmələr-filan da oldu. Hara gedirdimsə, məni Əhməd deyə çağırırdılar. Elə indinin özündə də mənə “Əhməd müəllim”-, deyə müraciət edənlər olur. Əhmədin həyatıma müsbət təsirləri çox oldu. İnsanıq də, arada radara da düşürük, tıxaca da. Yol polisləri mənə həddən artıq güzəştə gedirlər. Bir əhvalat danışım; bu günlərdə radara düşmüşdüm. Yaşlı nəsillərdən fərqli olaraq cavanlar axı məni elə də tanımırlar. Xarici görünüş baxımından. Amma film yadlarında qalıb axı. Hə, yol polisindən cavan bir oğlan mənə məlumat verdi ki, bəs radara düşmüsünüz. Mən də zarafatla qayıtdım ki, əşi ömrümdə bir dəfə səhvə yol verib "Əhməd haradadır" filminə çəkildim, şofer Əhməd oldum, indi də hara gedirəmsə, radara düşürəm. O saat oğlanın üzü güldü və başladı üzr istəməyə”.

“Deyir ki, elə yaxşı oldu, Nərgiz xala sənin maşınını qaçırdı”

“Bu filmdən sonra hər kəs yaxınlaşıb məndən avtoqraf alırdı. O vaxtlar fotolar çəkdirmək elə də asan deyildi, çünki fotoqraflar az idi. Buna görə də filmdən olan şəkillərimizi “otkrıtka”lar formasında yayırdılar. Elə həmin fotoların da arxasına avtoqraflar yazırdıq.

Bir gün xanımımla xəstəxanaya getmişdim. Hamı çox hörmətlə yanaşdı. Çölə çıxanda xanımıma dedim ki, bu hörmət mənə yox, şofer Əhmədə olan hörmətdir. 48 ildir ki, o obraz mənimlə yanaşı addımlayır. O vaxt mən 18 yaşında gənc oğlan idim, indi Allah ömür versə, 24 apreldə 69 yaşım olacaq. Sağ olsunlar, mənə çox hörmət edirlər. Bir dəfə mağazaya getmişdim, baxdım-baxdım, amma heç nə almadım. Satıcı oğlan soruşdu ki, bəs nooldu, heç nə bəynmədiniz? Dedim ki, yox. Bir də gördüm satıcı arxadan deyir ki, elə yaxşı oldu, Nərgiz xala sənin maşınını qaçırdı. Təbii ki, zarafat edirdi”.

“Leyla Bədirbəylini qucaqlamışam”

“Bəzən mənə deyirlər ki, xatirələrini danış, mən də deyirəm ki, bəs Lütfəli Abdullayev, Nəcibə Məlikova, Leyla Bədirbəyli kimi sənətkarlarımızla üz-üzə dayanmışam, eyni filmdə çəkilmişəm, Leyla Bədirbəylini qucaqlamışam. Amma onlar məndən əhvalatlar danışmağımı istəyirlər. Elə sən də bayaqdan əhvalat danışmağımı istəyirsən. Böyük sənətkarlarla bir yerdə çalışmağım xatirə deyilmi? Hə yaxşı yadıma düşdü, qoy yadımdaykən, filmdən bir əhvalat danışım. Hacıkənddə Nərgiz xalanın mənim maşınımı sürüb getməsi kadrı çəkilirdi. Nəcibə xanıma maşın sürməyi öyrətsələr də hər ehtimala qarşı, xəlvəti içəridə bir nəfər gizlənib nəzarət edirdi.

“Nəcibə xanımın corabını cırmışdı”

İndi maşındır də, hər hadisə ola bilərdi. Nəsə, çəkiliş zamanı elə oldu ki, Kamil adlı həmin şəxs gecikdi və maşını Nəcibə xanım nəzarətsiz olaraq sürməli oldu. O da naşı idi deyə qəfildən maşın geri getməyə başladı. Tez özümü maşına atıb sükanı tutdum və maşını dayandırdım. Çəkiliş təbii alındı, hamı məni təriflədi. Bir onda gördüm ki, Nəcibə xanım qışqırır. Çaşıb qaldım. Sən demə, mən həyəcandan onun ayağını tapdalamışam və geyindiyi “kapron” corab cırılıb. Çox pis oldum və qaşqabağımı salladım. Ədil müəllim Nəcibə xanıma başa saldı ki, əgər Elxan tez tərpənməsəydi, pis hadisə baş verə bilərdi. Bundan sonra Nəcibə xanım mənə baxıb zarafatla “qaşqabağını sallama” dedi. Hər halda, o, məndən heç vaxt üzr istəməzdi, çünki Nəcibə xanım çox qürurlu bir qadın idi”.

“Xoşbəxtlikdən göydə uçurdum”

“Onu da deyim ki, mən bu filmə çəkiləndə sanki xoşbəxtlikdən göydə uçurdum. O vaxt kinostudianın pavilyonları Bulvarın yanında yerləşirdi. Taksi-zad sən deyən çox deyildi onda. Mən bu xəbəri alanda sevincimdən piyada xeyli yol gedərək xəbəri bacıma vermişdim. Gözümdən qeyri-ixtiyarı yaş axırdı.

“Motosikllə sevdiyim qızların məhəlləsindən keçib "avtoş"luq edirdim”

“Tərifləmək olmasın, cavanlıqda çox yaraşıqlı, boy-buxunlu oğlan olmuşam. Xasiyyətcə şən, pozitiv idim, məclisləri çox sevirdim. Məclislərdə diqqət çəkirdim. Diqqət mərkəzində olan oğlan idim. Təbii ki, ətrafımda da xeyli qızlar vardı. Özümü onlara göstərməyi xoşlayırdım. Dəlisov idim. 16 yaşım olanda atam özünə aldığı üçtəkər motosikli mənə vermişdi. Mən o motosikllə sevdiyim qızların məhəlləsindən keçib avtoşluq edirdim. Gah iki təkər üstünə qalxırdım, gah da sürətlə məhəllədən keçirdim. Mənə görə qızlar qorxub həyəcan keçirirdilər. Cavanlıqdır də. Sonradan atam özünə avtomobil aldı. Yenə də mən sürüb özümü göstərməyə davam edirdim. İlk məhəbbətim olub, amma elə düşünmə ki, mən sənə məhəbbətim haqqında danışacağam. Qətiyyən. O məhəbbət olub və bu günə qədər də içimdə yaşayır. Mən onu heç unutmamışam və unutmayacağam da.

“Efirə çıxıb arvadlarını reklam edən kişilərdən deyiləm”

Elxan müəllimdən israrla xahiş etdim ki, heç olmasa, xanımı ilə tanışlığından danışsın. Amma xeyri olmadı, mən “efirə çıxıb arvadlarını reklam edən kişilərdən deyiləm”-, deyib sözünün üstündə durdu: “Arvad mənim özümə məxsusdur”. Bəlkə də indiyə qədər saqqızını oğurlaya bilmədiyim yeganə adam idi Elxan Qasımov. Onu da deyim ki, fikirlərinə hörmətlə yanaşdım. Elə buna görə də çox dərinə getmədim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm