Fəxriyyə Xələfova sirrini açdı: "Bunlar mənə yasaqdır" - FOTOLAR
Bizi izləyin

Digər

Fəxriyyə Xələfova sirrini açdı: "Bunlar mənə yasaqdır" - FOTOLAR

“Ulduzlu axşam”da tanınmış modelyer, cazibədar və incəzövqlü xanım Fəxriyyə Xələfovadır.

“Sevgi Tanrı hədiyyəsidir”

- Təbrik edirik, Türkiyənin “Sevgi” ödülü ilə təltif olundunuz…

- Sağ olun, ilk dəfədir ki, bu ödülə layiq görülürəm. Türkiyə Cümhuriyyətləri Birliyi adından təqdim olunan beynəlxalq bir mükafatdır. Bu hadisə mənim üçün çox sevindiricidir. Çünki mən moda təhsilimi Türkiyədə almışam. İllər keçəndən sonra həmin ölkənin belə bir ödülünü almaq qürurvericidir.

- Sevgi ödülünə layiq görülən sevgidolu Fəxriyyə xanım üçün nədir sevgi?

- Mən fəlsəfə elmləri doktoru, professoram. Bəlkə də oxucuların çoxu bunu bilmir. Mən elmi nəzəriyyədən çıxış edərək çalışaram sevgi mövzusuna aydınlıq gətirim. Sevgi çox dərin, emosional hissdir. Allah-təala bu hissi yalnız insanlara bəxş edib. Heyvanat, bitkilər və ümumilikdə təbiət aləmində bəlkə də sevgi müşahidə olunur, amma ibtidai bir şəkildə. Amma ali formada sevgi yalnız insana xas olan və Tanrı tərəfindən bəxş olunan bir hədiyyədir. İnsanlar sevgi hissinə qovuşanda onların həyatı sanki bir bahara çevrilir. Mən hər kəsə arzulayardım ki, ürəyində sevgi hissi olsun. Sevginin çalarları çoxdur. Birinci sevgi Allaha olan sevgidir. İnanılmaz bir hissdir bu. İkincisi valideynlərə olan sevgidir. Vətən sevgisi, bax bu əsil sevgidir. Uşaqlara, gözəlliyə, kişinin qadına olan sevgisi var. Gözəlliyə olan sevgi olmasaydı, Ermitaj, Luvr kimi muzeylər olmazdı, sənət əsərləri yaranmazdı, istedadlar üzə çıxmazdı. Biz bilirik ki, Tac Mahal, Misir ehramları abidəsi sevgidən yaranıb.

“… bu vəhşilik olardı”

- Dostayevskinin təbirincə desək, “Gözəllik dünyanı xilas edəcək”…

- Dostayevskinin bu fikrini illər boyu araşdırmağa çalışıram. Deyirəm ki, əcəba, görəsən bu fikrin arxasında hansı sirlər, hansı gözəllik meyarları dayanır.

- Bir nəticəyə gəldinizmi?

- Bəli bu o gözəllikdir ki, onu insanın istedadı yaradıb. Dostayevski deyirdi ki, insanı gözəllik o zaman xilas edəcək ki, dünyadakı müharibələrə, faciələrə yox deyəcəklər. Bir sənət əsəri yaranınca illər sərf olunur. Götürək dünyanın yeddi möcüzəsini, arxeloji tapıntılarını, nadir rəsm əsərlərini… Leonardo da Vinçinin Mono Liza əsərinin hələ də sirri açılmayıb. Bir an düşünün ki, kimsə gəlib o əsəri məhv edir, bu vəhşilik olardı. Mən hesab edirəm ki, gözəlliyin qorunması, bəşəriyyətin, təbiətin qorunması deməkdir.

“Bunu ilk dəfə olaraq sizə deyirəm…”

- İnsanlara gözəlliklər bəxş edən Fəxriyyə xanım, mənə çox maraqlıdır, şeriyyətə münasibətiniz necədir?

- Çox yaxşı…

- Sevdiyiniz şair kimdir bəs?

- Nəsimi. Nəsimi bir Azərbaycan şairidir və onun yaradıcılığı 12-ci əsrə gedib çıxır. Amma onun şeirlərində tərənnüm edilən ruha bir baxın:

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam!” Bunu bir azərbaycanlı söyləyib.

- “Səni bu hüsnü camalı ilə görüb, qorxdular həqq deməyə, dönüb insan dedilər”!

- Bəli, bunu bir azərbaycanlı deyibsə, bu görün nə deməkdir. Biz bu irsi daim qorumalıyıq.

- Çox duyğulu xanımsınız, heç özünüz şeir yazırsınızmı?

- Şeir yox, amma kitab yazmağı düşünürəm. Bunu ilk dəfə olaraq sizə deyirəm.

- Maraqlıdır, nədən bəhs edəcək?

- Psixologiyaya dair bir kitab yazmağı düşünürəm. Mən psixologi üzrə aspiranturanı bitirmişəm. İllərboyu topladığım təcrübəni kitab halında təqdim edəcəyəm. Çünki bu sahədə yetərincə bilik və təcrübəm var.

- Nə vaxt işıqüzü görəcək?

- Üç ilə. İnanıram ki, o kitab bessellerə çevriləcək. Moda sahəsi ilə məşğul olmağımla yanaşı həm də elmi araşdırmalar aparmışam. Əldə etdiyim nəticələr də var.

“Hər şey Allahın əlindədir”

- Elə bir sual olubmu ki, Fəxriyyə xanım o sualın qarşısında aciz qalıb?

- Yox, yox aciz qalmıram. Sadəcə fikirləşirəm ki, cavabı tapmaq üçün bir az vaxt lazımdır. Elmi nəzəriyyələrə müraciət edirəm və axtarışa başlayıram. Amma bəzən elə şeylər baş verir ki, onda cavab tapmaq çətin olur. Həmin vaxt deyirəm ki, hər şey keçib gedir və vaxt hər şeyi yerbəyer edir. Hər şey Allahın əlindədir. Allaha inam çox güclü olmalıdır.

“Daxildən arzulamaq gözəl hissdir”

- Hansı fəsil ruhunuza daha yaxındır?

- Hər fəslin öz gözəlliyi var. Novruzu, baharı çox sevirəm. Hər il Novruzu səbirsizliklə gözləyirəm. Bu genetik bir hisdir, hansı ki, bütün azərbaycanlılara məxsusdur.

- Novruz rituallarından hansını daha çox sevirsiniz?

- Novruzun güclü energetikası var. Hətta sovetlər dönəmində biz Novruz adət-ənənələrini qoruyub saxlaya bildik, ritualları həyata keçirdik. Bu rituallarda dərin məna var. Hər il Novruzu yaşamaq çox gözəldir. Mən hər kəsə bunu arzu edirəm və ən böyük arzum da Novruzu Qarabağda qeyd etməkdir. Həmişə fikirləşirəm ki, ay Allah, Qarabağda milli bayramımızı qeyd edəndə nə qədər həyəcan hisi keçirəcəyik. Sevincimizdən ürəyimizin döyüntülərini eşidəcəyik. Mən buna inanıram da. Sizə bir şey deyim, Eurovision müsabiqəsi keçirilən zaman mən orda münsif heyətində idim. Həmin gecə evdə öz-özümə dedim ki, qələbəni hər an gözləməliyik. Oturub gözlədim də. Buna nail olduq da. Demək istəyirəm ki, qələbəni gözləmək, daxildən arzulamaq gözəl hissdir. Yaxın zamanda Qarabağda Novruzu qeyd edəcəyimiz günü də mən gözləyirəm.

“Komplekslərim yoxdur”

- Maşallah, çox gözəl, ağıllı xanımsınız, maraqlıdır kompleksləriniz varmı?

- Yox, səmimi cavab verəcəyəm. Komplekslərim yoxdur. Hətta məni illərcə tanıyan insanlar gözəl bilir ki, mən klassikaya sadiq biriyəm. Obrazımda, makiyajımda, saç düzümündə köklü dəyişikliklər etməmişəm. Necə varamsa, özümü elə təqdim edirəm. Heç vaxt heç nəyi də dəyişmək arzusunda da olmamışam. Hər zaman deyirəm ki, Tanrı mənə bu qədər gözəlliklər bəxş edibsə, nəyi dəyişdirməliyəm ki? Sadəcə, özümdə daxildə inkişafa bir meyl var. Bakı Dövlət Universitetini, aspiranturanı, ali moda məktəbini, müxtəlif menecment kurslarını bitirmişəm. Fəlsəfə elmləri doktoruyam, psixologiyanı gözəl bilirəm, mədəniyyət və incəsənət universitetinin müəllimiyəm, amma hələ də mən oxumağa davam edirəm. Hər gün mütaliə etməsəm, həmin günümü mənasız hesab edirəm.

“Enerjimi heç vaxt boşuna xərcləmirəm”

- Uğur düsturunuzu bəlkə bizə də açıqlayasınız…

- Uğur düsturumun şərtləri də var. Vaxtdan səmərəli istifadə etmək. Peyğəmbərimiz də bunu demişdi ki, müsəlmanlar vaxtınızın və can sağlığınınızın qayğısına qalın. Bir işin qulpundan yapışırsansa, mütləq nəzəriyyəni bilməlisən, əks halda, uğura nail ola bilməzsən. Həmişə işi peşəkarlara etibar etmək lazımdır, insanlarla xoş münasibət yaratmağı bacarmaq lazımdır. Səmimi olmaq mütləqdir. Sağlamlıq lazımdır, çünki insan enerjili olmalıdır. Enerjimi heç vaxt boşuna xərcləmirəm.

“Telefon danışıqları, seriallar - bunlar mənim üçün yasaqdır”

Telefon danışıqları, seriallar - bunlar mənim üçün yasaqdır. İnanın ki, mənim yanımda kimsə dedi-qodu edəndə başqa otağa keçirəm. Deyirəm ki, bu dedi-qodunu dinləməkdənsə, açıb bir kitab oxuyum. Həyat enerjimi müsbət işlərə sərf edirəm. Uşaqları çox sevirəm və onlarla vaxt keçirməyi sevirəm.

- Allah saxlasın, özünüzün də bir övladınız var…

- Bəli oğlum yeniyetmədir. Uşaq evlərinə. Tədbirlərə gedəndə uşaqları görəndə həmişə deyirəm ki, uşaqlar xoşbəxt olmalıdır.

“Səbir məndə Misir ehramları qədərdir”

- Səbirli insansınız?

- Həddən artıq. Mənim səbrim tükənirsə, deyirəm ki, yəqin nəsə fövqaladə bir şey baş verib. Səbir məndə Misir ehramları qədərdir. Bəlkə də uğurun formulaları bunlardır.

- İdmanla məşğul olursunuzmu?

- İdmanla yox, çünki buna vaxtım olmur. Amma yoqa ilə məşğul oluram. Sizə bir şey danışım. Əvvəl video vardı, diski qoyub televizorda yoqa hərəkətlərinə baxırdım. Artıq bu mənim telefonumda var.

“Bunu etsəniz, qəzəbiniz soyuyacaq”

- Yoqa sizdə nəyi dəyişdi?

- Nəfəs gimnastikası deyilən bir texnika var. On dənə şamı qoyub yandırın. Bir-bir o şamları üfürüb söndürün. Bundan sonra hirslənmisinizsə, qəzəbiniz soyuyacaq. Bu nəfəs gimnastikasıdır. Yenidən emosional vəziyyətiniz bununla bərpa olunacaq.

“Gözəl ətir ruhu sağlamlaşdırır”

- Eşitdik yeni ətir istehsalına başlamaq niyyətindəsiniz.

- Artıq formulası yaradılıb, ətirlərim yeni versiyada təqdim olunacaq. Yeni çalarlar əlavə edəcəyəm bu ətirə. Artıq bu iş tamamlanmaq üzrədir. Bəylərimiz üçün də yeni romantik ətir olacaq. Xanımlar üçün ekskluziv bir ətir nəzərdə tutulub, qoy bu da sirr qalsın.

- Ətir qadının sirridir, razılaşırsınızmı bu fikirlə?

- Gözəl ətir ruhu sağlamlaşdırır. Gözəl ətirdirsə, ətrafa gözəllik bəxş edir. Son beş ilimi ətirlərin içərisində keçirdiyim üçün düşünürəm ki, sağlam insanam. Bütün günü ətirləri testdən keçirmək çox maraqlı prosesdir.

“Allaha dua etdim ki, bu baş verməsin”

- Maraqlı, yəqin həm də çətin, deyilmi?

- Bəli, allergiya problemləri başlayır, zaman keçdikcə, vəziyyət düzəlir. Son zəlzələ olanda ətirlərimlə məşğul idim. Zəlzələ başlayan anda həyəcan keçirdim. Özümdən çox ətirlərimin xilası barədə düşündüm. Həyəcanlandım ki, bu şüşələr indi dağılacaq, sonra necə olacaq. Allaha dua etdim ki, bu baş verməsin, son həddə gətirib çıxardığım ətir formulaları dağılmasın. Çünki üzərində aylarla işləmişdim.

“Bədxərc insan deyiləm, sağa-solo pul xərcləmirəm”

- Özünüzün sevimli ətriniz hansıdır?

- Öz yaratdığım ətirlər. Mən bu ətirləri Azərbaycan xanımın emosional ovqatına uyğun yaradıram. Elə ətirlər var ki, xanım özü xoşlasa da, ətrafda maraq doğurmur. Mən emosional ətir istehsal edirəm, qiymətlərini də münasib etmişəm. Qazanc məqsədi güdmürəm. Nə vaxtsa ola bilər qeyri-adi bir ətir istehsal edib baha qiymətə sataram. Çünki biznes hər kəsə lazımdır.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Kitablara… Bədxərc insan deyiləm, deyim ki, sağa-solo pul xərcləmirəm.

“Qarderobda ən bahalı ayaqqabımın qiyməti 500 manatdır”

- Şoppinqləri xoşlayırsınız?

- Yox təyinatına görə geyim alıram. Emosiyalara qapılmıram. Sadəcə mənə nə lazımdırsa alıram. İş, səyahət üçün pul xərcləyirəm.

- Qarderobunuzda ən bahalı geyim hansıdır və neçəyədir?

- Ən bahalı paltarım özümə məxsusdur, kolleksiyamdandır. Ayaqqabılar var. Açıqlamaq istəmirəm o qədər də baha deyil.

- Yəni?

- Beş yüz manat, heç bundan artıq pul xərcləmərəm də.

“Geyimlərimi hədiyyə edirəm”

- Artıq qalan geyimlərinizin aqibəti necə olur. Elə adam var özəl əşyalarına, geyimlərinə çox sadiqdir, onları heç kimə vermək istəmir.

- Hədiyyə edirəm. Qurban bayramı ərəfəsində nə qədər təzə ayaqqabı, paltarları xeyriyyə məqsədi ilə bağışladım. Ona görə yox ki, mənə lazım deyildilər, yox. Sadəcə ürəyimdən keçdi, bağışladım. Fikirləşdim ki, gənc qızların bu geyimlərə ehtiyacı olar. Çəkinə-çəkinə deyirəm bu sözləri çünki, sağ əlin verdiyini sol əl bilməməlidir.

“Öz paltarlarımı, ətirlərimi dəlicəsinə sevirəm”

- Geyimdə hansı elementi daha çox sevirsiniz?

- Öz geyimlərimi sevirəm. Mən o geyimlərdən zövq alıram. Modelyerin uğuru nədədir? Xanımdırsa yaratdığı paltarı geyinəndə zövq almalıdır. Məsələn, modelyer var kolleksiya yaradır, amma geyimlərinə qarşı çox konservativdir. Amma mən kolleksiyanın ən gözəl geyimini özüm geyinirəm. Uşaqlıqdan məndə belədir. Öz paltarlarımı, ətirlərimi dəlicəsinə sevirəm.

- Nədən gözünüz dola bilər?

- Əzizlərimlə bağlı nəsə baş verəndə, şəhidlərin xəbərini alanda. İstəmirəm qurban verək, istəmirəm müharibə olsun.

Cəvahir Səlimqızı

Fotolar: Müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm