“Bakı 2015”in pul nişanları buraxılıb - FOTO
Bizi izləyin

Digər

“Bakı 2015”in pul nişanları buraxılıb - FOTO

“Bakı 2015 İlk Avropa Oyunları”na həsr olunmuş xatirə pul nişanları tədavülə buraxılıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, əlamətdar hadisənin tariximizdə həkk olunması məqsədilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanları tədavülə buraxılıb. Xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb: “Ölkədə idman, mədəniyyət, elm, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr və tədbirlər ölkənin sosial-iqtisadi, milli-mənəvi dəyərlərinin inkişafına verdiyi böyük töhfələrlə yanaşı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməkdədir.

Təşkil olunan belə mötəbər tədbirlərdən biri də 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarıdır. Avropa Oyunlarının dünya idman tarixində ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisə hesab edilir və bu tədbirin keçirilməsi ilə Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu daha da yüksələcəkdir”.

MB-dan o da qeyd olunub ki, pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunub. Üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Pul nişanları ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun hazırlanıb. Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm