"Azərbaycan toylarındakı bu ənənəni heç xoşlamıram" - FOTOLAR
Bizi izləyin

Qadın

"Azərbaycan toylarındakı bu ənənəni heç xoşlamıram" - FOTOLAR

Azərbaycan xalqının milli-mənəvi dəyərləri sırasında toy mühüm və məxsusi yer tutur. Hər bir azərbaycanlı gənc özünə unudulmaz və qeyri-adi toy mərasimi keçirməyi arzulayır. Bu arzunu heç nə ilə müqayisə etmək olmaz. Çünki söhbət, insan həyatının ən xoşbəxt günündən gedir. Xüsusilə də qızlar illərlə xəyallarını qurduqları, təsəvvür etdikləri toy məclisinin daha yadda qalan olmasına çalışırlar. Seçilmək və orijinallıq arzusunu reallaşdırmaq istəyənlər daha xarici filmlərdəki toylara həsədlə baxmayacaq. Çünki toy təşkilatçılığı artıq ölkəmizdə də yayılmağa başlayıb.

Bu gün ki, müsahibimizlə də toyların bəzədilməsi haqqında danışmışıq. Belə ki, bu gün “Kokteyl” layihəsinin qonağı toy və ad günləri təşkilatçılığı ilə məşğul olan, şirkətini sıfırdan və heç bir yatırımsız quran Mehin Əlməmmədovadır. Mehin Ə.Əzimzadə kollecinin moda dizaynı, Rəssamlıq Akademiyasının sənaye dizaynı üzrə, həmçinin, 1 il Amerikada interyer dizaynı üzrə təhsil alıb. Xaricdə təhsil aldığı müddətdə 6 ay Amerikanın nüfuzlu dizayn şirkətlərinin birində çalışıb. Bakıya qayıtdıqdan sonra isə öz şirkətini açmağa qərar verir.

- Azərbaycanda toy təşkilatçılığı yeni yaranan sahələrdən biridir. Niyə tam öz ixtisasın üzrə deyil, bu işlə məşğul olmağa qərar verdin?

- Toy təşkilatçılığı ilə məşğul olmaq və belə bir şirkət açmaq anamın ən böyük arzusu idi. Həm də 9 il bu sahə üzrə təhsil almışam, istənilən halda özümün də həvəsim var idi. Burda özümü tapdığımı hiss edirəm, rahatlıq tapıram. Bundan başqa səhərdən-axşama qədər işləyirəm və maaşım məni qane etmir. Bu zaman fikirləşdim ki, niyə də mən öz şirkətini qurmayım? Bu işi 6-7 ay bundan qabaq açmağa qərar verdim. İdeyalar çox, büdcəm isə sıfır idi. Nədən başlayacağımı, hətta qiymətləri necə qoyacağımı bilmirdim. Özümə “Facebook”da səhifə açdım və fikirlərimi, maraqlı ideyalarımı yazmağa başladım. Heç gözləmədiyim halda 4 sifariş gəldi. Mənə müraciət edən müştərilərin inamını qazanmaqda Amerikada təhsil almağımın da böyük rolu var.

- Dekorasiyaları haradan alırsınız?

- İstədiyim dekorasiyaları Azərbaycandan tapmaq çətin məsələdir, həm də qiymətlər həddindən artıq bahadır. Adətən Amerikadan online sifariş verirəm. Başqa ölkələrə səfər edəndə oradan da alıram. Məsələn, sonuncu dəfə Parisə gedəndə hərəyə bir çamadan gətirməyə icazə var idi. Mən isə ordan 3 çamadan dekorasiyalar gətirmişdim. Gülləri isə başqa ölkədən gətirmək mümkün olmadığı üçün təbii ki, burdan alırıq.

- Dekorasiyaları müştəri özü seçir?

- Amerikada işləyəndə kiminsə evini dizayn etməzdən əvvəl müştəridən müsahibə alırdıq. Onun maraqları, hansı rəngləri, gülləri, sevdiyi, ümumiyyətlə, həyat tərzi və xarakteri haqqında danışırdıq. Yəni, evini maraqlarına və həyat tərzinə uyğun dizayn edirsən. Həmçinin toy və.s olanda cütlüklərlə görüşüb toyu necə görmək istədiklərini müzakirə edirik.

- Toyun, yaxud ad gününün keçiriləcəyi məkanı siz özünüz təklif edirsiniz?

- Bu müştərinin istəyindən asılıdır.

- Dekorasiya etdiyiniz məkanların sahibləri necə qarşılayır?

- Qiyməti həddindən artıq şişirdilmiş restoranlarda çox kömək edirlər. Normal qiymətlər qoyulan məkanlarda isə bizə maksimum dərəcədə kömək etməməyə çalışırlar. Əksinə, mane olurlar. Yaxud da gəlib məkana baxanda müştərinin özünə demədikləri halda axırıncı gün bizdən pul tələb edirlər. Şadlıq saraylarının çoxunda özlərinin dizayneri olur və gələn müştəriləri də onun yanına göndərdikləri üçün işimizi yaxşı görməyə şərait yaratmırlar.

- Şirkətdə neçə nəfər işçi var və məkanların bəzədilməsi prosesi necə baş verir?

- Məkandan və mərasimin böyüklüyündən asılıdır. Məsələn, ad günlərinə adətən tək özüm gedib bəzəyirəm. Elə toylar da olub ki, həmin məkanı bəzəmək üçün 10-15 nəfər lazım olub. Bütün işləri başqalarına tapşırmıram. İş prosesində birbaşa özüm də iştirak edirəm. Bu yaxınlarda “Mickey Mouse” stilində ad günü təşkil etmişdik. Printerdən çıxarmaq əvəzinə, öz əllərimlə 3 gün gecə saat 3-ə qədər kağızlardan “Mickey Mouse” şəkilləri kəsmişəm. Sıfır büdcə ilə başladığım üçün hər şeydən özümə gəlir saxlamağa çalışıram. Heç nəyi print etmirəm, hər şeyi özüm kəsirəm.

- Qiymətlər haqqında da danışaq, bir toyun bəzədilməsi maksimum və minimum neçəyə başa gəlir? Burda əldə etdiyiniz gəlir sizi qane edirmi?

- Başqa işlə də məşğul oluram, həm də böyük həvəslə gördüyüm üçün razıyam. Tanışlar üçün qazancsız gördüyüm işlər də olub. Mənə nə qədərə başa gəlirsə, onun üstünə 20-25 %-ni qoyuram. Çox adam elə bilir ki, gülə 5 manat vermişəmsə, 5 manat da olmalıdır. Bunun taksi pulunu, xərclədiyim enerjini, zəhmətimi, çəkdiyim əziyyəti fikirləşmirlər.

- Dekorasiyada ən çox nəyə fikir verirsiniz?

- Rənglərə daha çox fikir verirəm. Bizdə qızılı, zərli aksessuarlara böyük bir sevgi var. Bu ənənəni qovmağa çalışıram. Sadə olsun, şık olsun. Şadlıq saraylarında pərdələrin rəngi də çox yorucu və ağır olur. Çox şey qatmıram və sadəliyi maksimum dərəcədə qorumağa çalışıram.

- Ən çox nə pul aparır?

- Güllərlə olan dekorasiyalar və desertlər çox pul aparır.

- Tortları və desertləri də siz hazırlayırsınız?

- Yox. Türkiyədə bu sahə üzrə təhsil alan bir xanımla işləyirəm. Çox gözəl əl işləri var. Bir-birindən maraqlı “cupcake”lər hazırlayır.

- Bizim toylarda hansı ənənəni bəyənmirsiniz və onu ləğv etmək istərdiniz?

- Toy bəylə gəlinin onların ən gözəl günüdür və bu insan həyatında bir dəfə olur. Nədənsə bizdə bəylə gəlin durub oynayanda, yaxud gəlin sevinəndə normal qarşılamırlar. “Aaa gəlin nə qədər oynadı...” Şükürlər olsun ki, bu kimi hallar artıq sıradan çıxır. Daha sonra tamadaların yersiz və uzun-uzadı çıxışları heç xoşuma gəlmir. Qızın və oğlanın ata-anasının çıxışı, xeyir-duası lazımdır, amma bütün qohum-əqrəbanın söz deməsi və bu kimi proseslər mənim heç xoşuma gəlmir.

- Toyun əsas atributlarından biri də dəvətnamələrdir.

- Siz deyəsən, bu yaxında evlənməyə hazırlaşırsınız. Hər şeyi detallarına qədər soruşursunuz. (Gülürük)

- Yox, hər bir oxucunun fikrini nəzərə almağa çalışıram.

- Dəvətnamələr üzərində xüsusi dizayner işləyir. Mən gəlinlə bəyin öz şəkli olan dəvətnamələrin tərəfdarıyam. Yəni, dəvətnamə hər cütlüyə özəl və fərqli hazırlanmalıdır, standart bir şey olmasın.

Bir dəfə fotolent tipdə, gəlinlə bəyin şəkilləri olan dəvətnamə sifariş almışdım və çox xoşuma gəlmişdi.

- Ad günlərində ən çox nələrə fikir verilir?

- Əsasən uşaqların bir yaşı qeyd olunur. Daha böyük yaşlar çox az qeyd olunur. Uşağın hansı cizgi filmlərini xoşladığını, yaxud da valideynlərdən ən çox hansı cizgi qəhrəmanın geyimlərini geyindirdiklərini soruşuram. “Maşa və medved” son zamanlar dəbdə olduğu üçün, çoxu o stildə olmasını istəyir. Bundan sonra da öz təkliflərimi təqdim edirəm.

- Gözəl əl işləri olan xanımlarla əməkdaşlıq edirsiniz?

- Kirayə alanda ola bilər. Mən kirayə yox, növbəti dəfə istifadə edə bilmək üçün alıb özümdə saxlamağa üstünlük verirəm.

- Müğənnilərlə necə, işləmisiniz?

- Hələ ki, işləməmişəm.

- Müştərilər çox kaprizli olur?

- Çox olub. Verdiyi pulun müqabilində 10 qatını tələb edir. Biz özümüz də nə isə alanda maksimum yaxşı olmasını istəyirik. Ona görə, artıq öyrəşmişəm. Elə insanlar da var ki, onlar həmişə narazıdır və onları nə qədər əlləşsən də, razı salmaq mümkün deyil.

- Amerikada işlədiyiniz müddətdə toy təşkilatçılığı ilə məşğul olmuşdunuz?

- Yox, ancaq interyer dizayn sahəsində işləmişəm. Ancaq yayda Amerikaya 3 aylıq kurs, ya da pulsuz praktikaya getməyi planlaşdırıram.

- Rəqibləriniz varmı və sizə şirkəti böyütmək üçün təkliflər gəlir mi?

- Belə təkliflər çox olub. Hətta ən yaxın rəfiqəm şərik olmağı təklif elədi, razı olmadım. Şərik olmaqdansa, rəqib olmaq daha yaxşı variantdır. Çünki pul olan hər bir işdə münasibətlər korlana bilər. Həm də bu işdə “bosum” olmağını istəmirəm. Özüm öz işimin rəhbəri olmaq istəyirəm, heç bir şirkətlə işləməyə razılıq vermirəm.

Bu işə təzə başlayanda çox həyəcanlı idim və müştərini razı sala bilməyəcəyimdən çox qorxurdum. Sənə həm pul verir, həm də ən vacib gününü etibar edir. Bu çox böyük məsuliyyətdir. Bir dəfə gəlin-bəy stolunun arxasından dekorasiya asmaq lazım idi. Asmağa yer olmadığı üçün onu divara 4 qat skoçla yapışdırmışdıq. Toyu sağ-salamat təhvil verib gəlmişdik, amma bütün gecə yuxuda o dekorasiyanın qopub düşdüyünü gördüm. Çox böyük stress keçirmişdim. Səhəri gün gedib gördük ki, dekorasiya yerində olduğu kimi dayanıb. Nə qədər qopartsaq da, çıxmaq bilmirdi. (Gülürük) Beləcə yavaş-yavaş təcrübəm artır. Əslində, hələ də araşdırıram, öyrənirəm.

- Toyların necə məkanlarda keçirilməsinin tərafdarınız və sizə hansı daha çox sərf edir?

- Açıq məkanlarda, bir də otellərdə.

AYTƏN

FOTO: Elçin Murad

Müsahibin özünə aid olan fotolardan da istifadə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm