• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aytən Səfərova: “İndi bəzi kişilərdə arvadlaşma prosesi gedir” - FOTOLAR

  • Qadın
  • 3 Aprel 2014 13:54
  • 7 928 Baxış
Aytən Səfərova: “İndi bəzi kişilərdə arvadlaşma prosesi gedir” - FOTOLAR

Elə insanlar var ki, onlardan müsahibə almaq məsuliyyət tələb edir. Xüsusən də həmin insan ölkənin ən cəsarətli, ən çox sevilən jurnalistidirsə... Özü də 15 il təcrübəsi olan və peşəkar biridirsə, mənim keçirdiyim narahatlığı özünüz təsəvvür edin. "Kökaltına düşməyi" isə qətiyyən istəmirdim. Həmin insanı təəccübləndirmək asan məsələ deyil. Ona təkrar və eyni suallar da vermək ayıb olardı. Buna görə də Novruz tətilində çayla şəkərburadan və paxlavadan yeyərək müsahibin diqqətini çəkən, oxucuların marağını təmin edən suallar hazırladım. Beləliklə, Publika.Az-ın “Kokteyl” layihəsinin bu həftəki qonağı ANS-in aparıcısı, adaşım Aytən Səfərovadır.

“Parnik xiyarı kimi yox, əsl bar kimi gətirmişik”

- İnterneti və Facebook-u olmayan aparıcının uşaqlığı necə keçib?

- Elə interneti olamayanların uşaqlığı olub, bilmişik əsl həyatda dost olmaq, yıxılıb-qalxmaq, kitab oxumaq, hava udmaq, sağlam böyümək nədir. Parnik xiyarı kimi yox, əsl bar kimi gətirmişik. Belə gözəl uşaqlıq hər kəsə nəsib olmur. Şükür edirəm ki, insanların robotlaşıb bir-birinə soyuduğu dövrdə böyüməmişəm. Bu, böyük xoşbəxtlikdi. Bilmişəm və bilirəm ki, çətinliyə düşsəm, dostlar başım üstdə toplaşacaq, “Feysbuk”dakı statusumda yox.

- Uşaqlıqda etdiyiniz ilk uğurlu zarafatı xatırlayırsınız?

- Uşaqlığımın ən uğurlu zarafatı anama ad günü hədiyyəsi olub. Bağımızdan balaca qurbağa tapıb əmimdən xahiş eləmişdim onu qəşəng büksün. Əmim də büküb onu mənə vermişdi, mən də tənbəllik eləmədim, qazın üstündə dovğa bişirən anama məsum baxışlarla yaxınlaşıb “anacan, ad günün mübarək” deyib həmin bağlamanı vermişdim. Anamın sevincinin həddi-hüdudu yox idi, amma... bağlamanı açanadək.

- Ciddi deyirsiniz? Mən şokdayam...

- Hə, anam da şoka düşmüşdü. Həmin gün mən həm də ömrümdə ilk dəfə təcili tibbi yardım maşınını gördüm. Anama gəlmişdi...

- 5-6 yaşında olan uşaq bunu necə bacarıb?

- Balaca olanda beyin dumanlı olur axı, özümü təzə-təzə dərk etməyə başlayırdım.

- Bəs yazıq qurbağanın taleyi necə oldu?

- Qurbağa da dovğanın içinə düşmüşdü.

“Mən orta statistik azərbaycanlı deyiləm!”

- Çox hazırcavab insansınız. Ağlınıza gələnləri dərhal deyirsiniz. Sizcə, bu xüsusiyyətiniz insanları sizdən uzaqlaşdıra bilər? Məsələn, “Kök altı”nda verilişə gələn qonaqların küsüb getmək ehtimalını nəzərə alırdınız?

- “Demək” sözü varsa, bu artıq ağızdan gəlir. Amma mən ağzımdan gələni yox, gözlərimlə gördüyüm, barəsində beynimdə vətəndaş olaraq fikir formalaşdırıb jurnalist olaraq əldə etdiyim ümumi rəyə dair dilimin ucuna gələn sualı səsləndirirəm. “Ağzına və ağlına gələni” danışanlar indi televiziyalarda doludur. Bir də ki, mən orta statistik azərbaycanlı deyiləm. Mən hamının düşündüyü və barəsində qorxaqlığından pıçıltı ilə danışdıqlarını açıq deyirəm. Üzə deyirəm! Heç kimi təhqir etmədən. Bunu isə barmaqla sayılası qədər aparıcı eləyə bilir.

- Aytən Səfərəvova yaxşı dostdur? Gecə yarı dostunuz zəng edib kömək istəsə, gedərsiniz?

- Sözsüz ki, gedərəm. İndiyədək də getmişəm, amma mənim əsl dostlarımın çoxu xarici ölkələrə köçüb gedib. İndi Azərbaycanda tək-tük insan qalıb, hansı ki, dost adına layiqdir. Bəzi məşhurlardan fərli olaraq, mən qapalı həyat tərzi sürürəm, ekrandan əksinə görünsə də. Həyatımda da özümə yaxın nadir halda kimisə buraxıram. Yəni, ətrafımda 100 riyakar, məni görəndə yalandan “ay canım mənim” deyib marça-murç öpüşüb pis gündə aradan çıxanlar yox, 3-4 nəfər əsl insan və dost var. Bu, da mənim üçün dost sarıdan daha zəngin olmaq deməkdir.

- Tamaşaçılar sizdən hər zaman maraqlı, düşündürücü cavablar, eyni zamanda gülməli ifadələr gözləyir. Bu sizi narahat etmir və sıxmır ki?

- Mirzə Ələkbər Sabirə Allah qəni-qəni rəhmət eləsin. Onun yazdıqlarını indiyədək bir çoxu anlamır. O da güldürə-güldürə sözünü deməyi bacarırdı. O, məni çox ruhlandırır. Bir də ingilis yumoru. Gülməli tərzdə çatdırırsan sözünü. Yəni sən işinin bir qismini gördün. Qabları dayaz olanlar gülür sadəcə, kimsə “şit” adlandırır zarafatı, amma ağıllı və dərrakəli insan dediyimin məğzinə varır. O, sənin nə dediyini, söhbətin əslində, nədən getdiyini anlayır. Azərbaycanda elə insanlar hələ var.

- İstənilən verilişi apara bilərsiniz?

- Mən ANS məktəbini keçmişəm. Bu məktəbi cəmi 3-4 il keçib gedib başqa telekanalların reytinqlərini “partladan” keçmiş ANS-çilər varsa, hansılardan ki, bəziləri vaxtilə, hətta ixtisara düşmüşdü, sizcə, 17 ildir nəinki bu məktəbi, hətta artıq aspiranturasını, doktoranturası bitirib, artıq Elmlər akademiyasını keçən bir şəxs istənilən verilişi apara bilərmi?! Təvazökarlıqdan uzaq olsa da sualım...

“Özümü aktyorluğa qoymuram, mən buyam!”

- Efirdə çox emeosinal görünürsünüz? Bu xüsusiyyət hər işdə kömək edir?

- Mən efirdə necə görünməyimə varmıram. Pis mənada yox. Yəni, mənim üçün köhnə ANS-çilər kimi, əsas görkəmim və özümü nə qədər efirdə aktyorluğa qoyacağım yox, verdiyim xəbər və barəsində danışdığım hadisəyə tamaşaçı marağı yaratmaqdır ki, sabah hamı bu haqda danışsın. Mən emosional yox, təbiiyəm. Özümü də aktyorluğa qoymuram, mən buyam. Bir də nədənsə Azərbaycanda düz söz deyən insanların çoxunu emosional adlandırırlar. Əzizim, emosiyalar artıq insanın təbii və birüzlü olmasından xəbər verir!

- Qızıl kimdədirsə, qanun da ondadır?

- Onda bizim gürcüstanlı qonşumuz gərək məhəllədə qanunlar qoysun. Onda çox qızıl var, adi günlərdə də yeni il ağacı kimi məhəlləyə çörək dalınca qır-qızılla çıxır. Allah canını sağ eləsin. Başqa yerləri deyəmmərəm, amma Azərbaycanda qanunlar kağız üstdədir, qızıl olanlarda yox.

- “Delete” eləmək istədiyiniz insanların sayı çoxdur? Hansı səbəblərə görə?

- Elə insan yoxdur. Mən istənilən şəxsin həyatımda peyda olmasına Allahdan bir sınaq kimi baxıram. Kimsə üzümü güldürmək üçün gəlir, kimsə ağlatmaq, kimsə dərs vermək, kimsə də dərs almaq üçün. Hər şeyə görə şükran Allah!

- Sizin üçün maraqlı mövzu nədir?

- Mövzular əslində çoxdur. İstənilən mövzunu maraqlı eləməyi bacaran insanlarla istənilən diskussiya.

“Yaxınlara can yandırmağın nə olduğunu birinci dəfə onda anladım”

- İlk dəfə nə vaxt mətbəxə girmisiniz və nə bişirmisiniz?

- İlk dəfə, yadımdadır, 4 yaşım var idi. Balaca qardaşım əməliyyat olunmuşdu, anam da xəstəxanada idi. Atam işdən yorğun və ac gəlmişdi. Yaxınlara can yandırmağın nə olduğunu birinci dəfə onda anladım. Onda başa düşdüm ki, atamın qabağına çörək aparmalıyam. Çörəyi apardım. Başqa heç nə. Birdən ağlıma tavanı qazın üstünə qoyub qayğanaq eləmək gəldi, qayğanağa nar dənələri atdım. Sonra göyərti və alınmış həftəbecəri, xətrimə dəyməmək üçün, atam yeməyə məcbur oldu. Amma mənə daha çox onun üzündəki məmnunluq ifadəsi xoş idi. Sözlə izaholunmazdır.

- Sevgi ilə yemək arasında nə kimi fərq var?

- Hər ikisi qida növüdür. Yeməksiz bədən çox yaşamaz, sevgisiz də qəlb. İstənilən birində çatışmazlıq olsa, ikisi də birbaşa ürəkdən vuracaq. Aclıq insanın ürəyini dayandıra, sevgisiz olmaq isə onu daşa çevirə bilər. İnsanda robotlaşma gedər. İkisi də bir-birinə bağlıdır. Əgər yemək var, məhəbbət yoxdursa, ürək daşlaşacaq. Məhəbbət var, yemək çatmırsa, ürək sıxılacaq, sevgi böyük yükə çevriləcək. Nə qədər ailələr və ya cütlüklər çatışmazlıq üzündən ayrılıb?! Ona görə də, ikisi də insanı qidalandırır. Həm yemək, həm sevgi.

“Vaxt olub məktəbə ac getmişəm, evimizdə çörək də olmayıb”

- Dadlı, ləzzətli yemək hazırlayan insanlardan təsirlənirsiniz?

- İnsanlardan yox, onların bişirdiklərindən təsirlənirəm. Bəzən qarın ağrısına düşürəm, bəzən həzz alıram, bəzən isə resepti götürürəm. Amma istənilən halda yetirdiyi nemətə görə, Allaha şükür edirəm. Vaxt olub məktəbə ac getmişəm, evimizdə çörək də olmayıb. İndi Allah bu neməti yetirirsə, niyə də ondan dadmayım və şükür etməyim?!

“Mənə həmişə elə gəlir ki, onların qablarında bir-iki saat əvvəl it və ya pişik bişiriblər”

- Sizi xoşbəxt edən yemək qoxusu və dadına baxmağa qorxduğunuz yemək varmı?

- Mən təzə bişirilmiş çörəyin qoxusunu sevirəm, doymaq olmur o qoxudan. Dadına baxmağa qorxduğum yemək varsa, o da çinlilərin bişirdikləridir. Məni bütün çinlilər bağışlasın, amma onların bişirdiyi adi kartofu da yeyə bilmərəm. Mənə həmişə elə gəlir ki, onların qablarında bir-iki saat əvvəl it və ya pişik bişiriblər. Amma mətbəxi kənara qoysaq, mənim ən çox hörmət etdiyim xalq varsa, o da çinlilərdi. Onlar çox əməksevər, ağıllı, dərin düşüncəlidilər. Özlərinə hörmət qoymağı da bacarırlar. Dünyaya indiyədək həyati əhəmiyyət kəsb edən kəşfləri də məhz onlar bəxş ediblər.

- Evinizə gələn qonaqlara yemək hazırlamağa vaxt tapa bilirsiniz?

- Bəli. Çox xoşlayıram. Amma vaxt olsa.

- Mətbəxdə yemək hazırlayan kişilərə münasibətiniz necədir?

- Kişidirsə - pis deyil. Əsas kişi cinsindən arvad olmasın. İndi bəzi kişilərdə, elə qadınlarda da “arvadlaşma” prosesi gedir. Bura qadın və kişi adına xas olmayan hərəkətlər, boşboğazlıq, qeybət etmək, yalan, qorxaqlığı və s. aid edirəm. Bu, mənim subyektiv fikrimdi. Amma yenə də düşünürəm ki, mətbəx qadının yeridir. Kişi gedib evə pul qazansın. O pulları xərcləmək və bişirmək artıq bizlikdir.

- Əgər gecə yemək zərərlidirsə və olmazsa, onda soyuducudakı lampa nəyə lazımdır?

- Təhlükə ilə üz-üzə dayanıb onun düz gözünün içinə baxmaq üçün.

- Sizi nə və ya kim qıcıqlandırır?

- Deyəcəm, bəlkə kimsə qıcıqlanacaq, amma məni ayaqyoluna gedib arxasınca su buraxmayanlar, unitazın üstünə ayaqla çıxanlar, ictimai yerlərdə tüpürənlər, yerə zibil atanlar, küçə söyüşlərilə danışan “qadın”lar, hamilə və uşaqlı xanımların yanında siqaret çəkənlər, əsnəyəndə bütün dişləri görünənlər, camaatın üstünə əsnəyə-əsnəyə əcaib səslər çıxaranlar, qəhqəhə vuran “qadın”lar, böyük-kiçik yeri bilməyən gənclər, hirsli insanlar, o cümlədən gənclərə hirs və haradasa paxıllıqla baxan bəzi yaşlılar, başqalarına pis olanda sevinən məxluqlar, cadu-piti etdirən Allahsızlar və qudurmuş... Allah axırımızı xeyir eləsin!

- Azərbaycanda niyə saçlarını sarı rəngə boyayan qızların qaşları əksərən qara rəngdə olur?

- Bu, milli adət-ənənədir. Analoqu olmayan imic. Bizim qızlar istənilən halda gözəldirlər.

- Qadınlar niyə 20 il həyat yoldaşının xasiyyətini dəyişmək istəyir, 20 ildən sonra isə əslində, həmin insanın xəyallarının kişisi olmadığına təəssüflənirlər? Sizdə də var belə bir xüsusiyyət?

- 20 il tamam olandan sonra mütləq bu suala cavab verəcəyəm. Hələ ki, xasiyyəti dəyişməklə məşğulam. (Gülürük)

- Əgər gözəllik hər dəfə qurban tələb edirsə, o, dünyanı necə xilas edə bilər?

- Qurban hələ verilməyib. Dünya da xilas barədə hələ heç nə deməyib. Hələ sakitçilikdir. Dəlinin yadına daş salmayın.

“Gözəl bədəndən 40 günə doymaq olar, amma gözəl xasiyyətdən, gözəl insandan 40 ildə də doymaq mümkün deyil”

- Arıqlamaq üçün plastik əməliyyata gedərsiniz? Ümumiyyətlə, plastik əməliyyatlara münasibətiniz necədir?

- Arıqlamaq üçün lazım olsaydı, çoxdan çox yerə gedərdim. Məndən başqa mənim çəkim niyə hamını maraqlandırır, anlamıram. Gözəl bədəndən 40 günə doymaq olar, amma gözəl xasiyyətdən, gözəl insandan 40 ildə də doymaq mümkün deyil. Qadın üçün, hesab edirəm, əsas onun kiloqramları yox, onun nə qədər öz sevdiyi şəxs üçün maraqlı olub yaddaşında iz qoyması vacib olmalıdır. Deyirlər, kişi həyatı boyu bir çox qadına rast gələ bilər. Amma yalnız bir qadın kişinin yaddaşında həmişəlik həkk olunur. Buna da onun boyu, çəkisi, yaşı yox, məhz nə qədər maraqlı olması təkandır.

- Siz də həqiqəti bildiyiniz halda yalan dinləməkdən zövq alırsnız?

- Xeyr. İyrənirəm, imkan olanda deyirəm. Ona görə, mənə evdə arada bir “nemes” deyirlər. Mənim üçün belə yaşamaq daha asandır. Dostunu və düşmənlərini tanıyırsan. Ətrafını ələkdən keçirirsən.

- Niyə spirtli içkiləri, siqareti və başqa şeyləri reklam edirlər, kitabları isə yox?

- Kitablardan pul gəlmir axı.

- Sizin özünüzə məxsus aparıcılıq üslubunuz var. Hansısa məmur onu tənqid etdiyiniz üçün hədə-qorxu gəlibmi, təhdid edibmi?

- Azərbaycanda söz azadlığının olmadığını tez-tez eşidirəm, yaxud da insanların səsinin boğduğunu deyirlər. İnsan heç kimi təhqir etmədən, heç kimin şəxsiyyətinə toxunmadan, heç kimin şəxsi işlərinə qarışmadan, qorxmadan öz sözünü deyirsə, deməli, Azərbaycanda söz azadlığı var. Mən öz tənqidlərimi normal şəkildə deyirəm. Biz nəyə görə vətəndaşıq? Bir-birimizə kömək etmək üçün. Amma bəziləri öz sözlərini deməyə qorxurlar, arxada danışırlar, üz-üzə gələndə isə heç kim sözü üzə demir. Bu halda cəmiyyətdə böyük problem yaranır.

- Elə insanlar da var ki, ən yumşaq tənqidi belə heç bir halda qəbul etmək istəmir.

- Onlar daxili kompleksi olan insanlardır. Məsələn, məni kimsə tənqid edəndə bundan nəticə çıxarmağa çalışıram. İrad tutulmayan yerdə, tənqid olmayan yerdə inkişaf ola bilməz. Deməli, o insanlar artıq çürüyürlər.

- Ən böyük tənqidçi insanın özüdür?

- Yox, mən özümü sevirəm və əcəb də edirəm. Hər kəs özünü sevməlidir. Sən özünü nəyin ki, insan olaraq, qadın və jurnalist olaraq da sevməsən, səni heç kim sevməyəcək, nəticədə də hörmət etməyəcək. Digər tərəfdən də konstruktiv tənqidlərdən nəticə çıxarmalıdır.

- Bildiyim qədəri ilə siz İslam dininə bağlı, onun qaydalarına əməl edən insansınız. Maraqlıdır, ateistlərə münasibətiniz necədir?

- Mən elə bir insanam ki, başqa dinlərdən olan insanlara, onların nümayəndələrinə ağız-burun büzmürəm. İslamda da məzhəblərarası ayrı seçkiliyin qəti əleyhinəyəm. Hamı namaz qılır, hamı azana durur, hamının da tək bir Allahı var! Ateistlərə gəldikdə isə bu, onların öz işləridir. Mənim bir ateist tanışım var, bəlkə bir çox dində olanlardan da üstündür. O insanları da bəlkə nə vaxtsa Allah hidayət edəcək. Bir var ki, haradansa eşitdiyin kəlməni robot kimi təkrarlayasan, amma dərk etməyəsən. Elə insanlar da tanıyıram ki, bir müddət ateist olub, bunu sonradan dərk edib. Bu, tamam başqa bir şeydir və daha üstündür.

Hər kəsin öz seçimi var. Durub kimisə Allaha inanmadığına görə təhqir edə bilmərəm. Sabah həmin insan rəhmətə gedəndə nənki (qəbirdə insanı sorğu-suala çəkən mələyin adı) gəlib məndən heç nə soruşmayacaq, o adamın başının üstündə dayanıb onun özündən hesab soruşacaq.

- ANS-çi olmaqdan yorulmamısınız ki?

- ANS-çi olmaqdan doymuram, nəinki yorulmamaq. Hər gün mən Vahid Mustafayevin iclaslarından nə qədər yeni-yeni biliklər əldə edirəm. Mirşahinin sətiraltı elə ifadələri var ki, hətta mənim beynim belə onları tam anlamaq üçün tüstüləməyə başlayır. Seyfulla müəllimin əzmkarlığına heyranam. Həyat ömür boyu öyrənməkdir.

- Həyatın sınaqlarından üzüağ çıxmaq üçün nə etmək lazımdır?

- Olduğun kimi görünmək və ya göründüyün kimi olmaq. İlk növbədə özünü aldatmamaq, rəhmli olmaq və Allaha inanıb duaları əsirgəməmək. Allah duaları eşidən, istənilən bəndəsinin həyatında möcüzələr yaradan tək kamil varlıqdır. Allah hamımıza şəfa versin.

- Amin!

AYTƏN

FOTO: ELÇİN MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR