• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məktəbli forması dəbə necə daxil olur? - FOTOLAR

  • Qadın
  • 19 Aprel 2014 13:35
  • 3 574 Baxış
Məktəbli forması dəbə necə daxil olur? - FOTOLAR

2014-cü ilin dəbini təhlil etsək, məktəbli formasının bəzi detallarına geyimlərdə təzahürünə rast gələrik. Ağ, krujevalı dəyirmi yaxalıqlar, ağ-qara rəngin sintezi, kombinezonlar, tipik məktəbli çantaları və oxford ayaqqabıları məktəbli formasının əsasını təşkil edir. Dəyirmi və krujevalı ağ yaxalıqlar gündəlik geyimi adilikdən xilas edib ona ciddi və zərif görkəm bəxş edir. Bu detala dünya xanımlarının rəğbətini qazanan, əsasən də “Valentino” kimi böyük moda evləri tez-tez müraciət edir. Bu gün isə mən məktəbli formasının modaya necə daxil olması haqqında danışacağam.

Məktəbli formalarının Rusiyada rəsmi doğum tarixi 1834-cü il hesab olunur. Ümumi sistem bütün imperiyada, o cümlədən gimnaziyada mülki mundirlər geyinməyə dair qanun qəbul edir. Çar Rusiyasında geyim formasının təhsil müəssisələrinin şagirdləri üçün tətbiqi ilk növbədə onunla bağlıdır ki, həmin müəssisələr dövlətin idi. O vaxtlar bütün dövlət qulluqçuları rütbəyə və vəzifəyə müvafiq olaraq, “Dərəcələrin siyahısı” haqqında qanuna əsasən forma geyinməli idi. Belə ki, dövlət təhsil müəssisələrində bütün müəllimlər (gimnaziyalarda) formalı sürtüklər daşıyırdılar. Buna əsaslanaraq, şagirdlər üçün də məktəbli formalar tikilir.

Onda bu qayda yalnız oğlanlara aid edilirdi. 1896-cı ildə məktəbli forması qızlara da şamil olunur. Məktəbli formaları şagirdlərin yaşından asılı olaraq müxtəlif rənglərdə və fasonlarda olurdu. Yuxarı siniflərə qalxdıqca qızların məktəbli formaları ciddiləşirdi. Büzməli, qırçınlı ətəklər düz və sadə formalarla əvəz olunurdu. 6-9 yaşında qəhvəyi, 9-12 yaşında mavi, 12-15 yaşında boz, 15-18 yaşında formalar ağ rəngdə olurdu. Bu formaları nəinki təhsil müddəti ərzində həm gəzinti, həm də evdə geyinmək tapşırılmışdı. Gimnazistin paltarı isə təhsil ala bilməyən digər uşaqlardan fərqlənirdi. Gimnaziyada bu formaları ancaq zadəganların, iri sənayeçilərin, zəngin və dövlətli ailələrin övladlarına geyinməyə icazə verə bilərdi. Belə ki, məktəbli formaları silk əlaməti idi. O, öz formasını həm gimnaziyada, həm küçədə, həm evdə, həm də şadlıq və bayram günlərində daşıyırdı. Çünki o təhsil alan gimnazistin qürur predmeti idi. Bütün təhsil müəssisələrində hərbi fason idi. Daimi furajka digərlərindən şinelin rəngi, düymələrinə və nişanlarına görə fərqlənirdi. Şagirdlər adətən gümüşü qabarıq düymələri, gümüş toqqası olan qara parıltılı kəmər, qara şalvar və mahuddan tikilən mavi mundir daşıyırdılar. Mundirin yaxalığı gümüşü güləbətin tikişi ilə işlənirdi. Gimnazistlərin dəyişməz atributu çanta idi.

Və həmin vaxtdan - 1917-ci ilə qədər məktəbli forması (1855, 1868, 1896 və 1913-ci illərdə) - modanın təsirinə müvafiq olaraq bir neçə dəfə dəyişikliklərə məruz qalır. Amma bütün bunlar zamanla oğlanların hərbi kostyumlarının formalaşmasına səbəb olur.

1917-ci il inqilabından sonra və bolşeviklərin hakimiyyətə gəlişi ilə məktəbli formaları ləğv olunur. Məktəbli formaları yalnız Böyük Vətən Müharibəsindən - 1949-cu ildən sonra geri qayıdır. Qızlar üçün qəhvəyi, yun paltarlar təsdiq olunmuşdu. Bu paltarı qara önlük, krujevalı yaxalıq və manjetlər müşayiət etməli idi. Oğlanlar isə hərbi gimnastyorkalar daşımalı idi. Qızlar məcburi şəkildə hörüklərinə ağ və qəhvəyi bantlar taxmalı idi. Taxmayanlar isə cəzalandırılırdı. Ekstravaqant saç kəsimləri də qadağan edilmişdi.

70-ci illərdə məktəbli forması təlim və pioner növünə bölünür. Oğlanlar hər gün 50 faizi yun parçadan tikilən tünd göy kostyum, qızlar isə tünd göy yubka ilə qolunda emblem olan ağ bluzka (düyməli köynək) geyinirdilər. Sonralar qaydalar yumşalır. İstənilən rəngli yubka geyinmək olardı, amma bir rəng olmaq şərtilə.

80-cı illərdə qızların məktəbli forması kostyum – 3 hissədən: jilet, trapesiya formasında yubka və pencəkdən ibarət idi. Yubkanı tək geyinmək olmazdı. Ya pencəklə, ya jiletlə. Jilet - isti havalarda məktəbli formasının görkəminə xələl gəlməməsi üçün nəzərdə tutulmuşdu. Köynək isə şəxsi istəyə əsasən seçilirdi. Soyuq əyalətlərdə qızlara yubka yerinə, şalvar geyinməyə icazə verilmişdi.

1992-ci ildə - SSRİ dağılandan sonra məktəbli formaları ləğv olunsa da, onun geri qaytarılması haqqında müzakirələr gedirdi. 2010-cu ilin may ayında Azərbaycanda vahid məktəbli forması təsdiq olunur. Bu formalarda yaşa görə dəyişir. Formanın üstündə isə şagirdlərə Azərbaycanın dövlətçiliyini əks etdirən nişanlar və emblemlər verilir.

Dünyada məktəbli forması

Bir çox ölkələrdə məktəbli forması moda istiqamətlərinə əməl olunan nümunəvi geyim dəsti hesab olunur. Məsələn, Yaponiyada məktəblilər dərsə matroskalarda (dənizçi geyimi) gedirlər. Bu forma moda dünyasında yeniyetmələrin yeni etalonu olur. ABŞ və Böyük Britaniyada təhsil müəssisələrinə məktəblilər özləri öz məktəbli formasını tapırlar və digərlərindən fərqlənmək üçün ona müəyyən loqo və gül-çiçək yapışdırırlar.

Məktəbli formasının ayrı-ayrı elementlərini dizaynerlər öz kolleksiyalarında, gənc zərif xanım obrazını yaratmaq üçün istifadə edirlər. Son illərin dəbinə dəyirmi ağ yaxalıqlarla bəzədilən qısa paltarlar, məktəbli formasını xatırladan trapesiya yubkalar daxildir.

Yenidən məktəbliyə necə çevrilmək olar? Və bu üslubdan 2 almamaq üçün hansı moda biliklərini mənimsəmək lazımdır?

Məsum məktəbli qız obrazına bir çox aktrisalar, dəb ikonaları da müraciət edirlər. Onların dəb izi ilə getmək istəyirsinizsə, paltarın, yaxud da sviterin altından ağ yaxalığı olan köynək geyinin. Ya da taxma yaxalıq əlavə edə bilərsiniz. Aksesuar mağazalarında muncuqlarla, daş-qaşla bəzədilən yaxalıqlar tapmaq çətin iş deyil. Bu stili trapesiya formasında tikilən qısa büzməli ətək, üzərində iri bantlar olan hündür və ya düz ayaqqabı ilə birləşdirə bilərsiniz. Amerika məktəbli formasının əsasında həmçinin qızıl emblemlərlə bəzədilmiş yun pencəklər, zolaqlı qalstuklar istifadə etmək olar.

AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR