• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Prezidentin cazibədar məşuqəsi" haqqında maraqlı faktlar – FOTOLAR, VİDEO

  • Qadın
  • 11 Fevral 2014 17:40
  • 8 203 Baxış
"Prezidentin cazibədar məşuqəsi" haqqında maraqlı faktlar – FOTOLAR, VİDEO

Beyons pop və R&B divası, stilist , model, rejissor, rəqqas, aktyor, prodüser, söz yazarı, ən nəhayət məftunedici gözəldir. Fərqli üz cizgiləri və möhtəşəm bədəni bütün kişilərin xəyallarını bəzəməklə məşğuldur. Bu kişilər arasına ABŞ lideri Barak Obamanın da adı hallanır. Belə ki, Beyons evli olmasına baxmayaraq, son günlərdə Barak Obamanın məşuqəsi olduğu xəbəri yayılıb. Gözəl və tanınmış qadınların bir çoxunun dünya liderləri ilə eşq yaşadığını hamımız bilirik. Deyəsən bu qadınların siyahısına Beyons da daxil olacaq. Beləliklə bu gün "9 don" layihəsi çərçivəsində Beyonsun həyatı, yaradıcılığı və qeyri-adi gözəllik sirlərindən bəhs edəcəyəm.

Qeyri-adi gözəlliyi ona anasından miras qalıb. Anası Luizana ştatındandır. Deməli, qanında fransızların, amerika hindularının, ispanların və digər xalqların tamamilə fərqli mədəniyyətləri toplanıb. Artistizm və yaxşı vokal qabiliyyəti qızcığazda erkən yaşlarda özünü büruzə versə də, uşaqlıqda çox sakit və utancaq qız olub. Heç kəsin ağlına da gəlməzdi ki, belini büküb gözlərini aşağı salıb döşəməyə dikən və haradasa kənarda sakitcə dayanan qızcığaz gözqamaşdırıcı gülüşü ilə milyonlarla izləyicini ələ alacaq. 6 yaşından o, öz məktəbində keçirilən vokal müsabiqəsində qalib gəlir. Valideynləri də qızın uşaqlıqdan müğənni olmaq səylərini dəstəkləyir. Təxminən bir il ərzində o, yaşadığı yerdə 30-dan çox belə müsabiqələrin mükafatçısı olur. Dünya ulduzlarından fərqli olaraq qızıl dərili gözəlin ağlamalı həyatı olmayıb. Əvəzində uşaq sevinclərindən özünü həmişəlik məhrum edir, qayğısız həyata başlayır və daim məşq edir.

“Yadımdadır, ilk müsabiqədən çıxanda maşında özümü yatmış kimi göstərirdim. Valideynlərim çıxışın qeyri-real təsiri altında idilər. Anam atama “Səncə onda alınacaq?” sualını verir. Atam isə bunu zamanın göstərəcəyini söyləyir. Bu hadisədən sonra böyük səhnələrdə çıxış etməyə daha əzmli və iddialı oldum!”

Jizel Noulz (Giselle Knowles), yaxud da bizim təkcə Beyons kimi tanıdığımız ulduz 1981-ci ildə Amerikada Texas ştatında dünyaya gəlib. Qız bürcüdür, boyu 1 70 sm, çəkisi isə 62 kq-dır. Öz qeyri-adi adını müğənni anasının qızlıq familiyasından götürüb. Demək olar ki, bütün ailə üzvləri yaradıcılıqla məşğul olur. Anası - geyim üzrə rəssam, dizayner və gözəllik salonların sahibi, atası - səsyazma sahəsində peşəkar işçi, bacısı Solandj - mahnı sözlərinin müəllifi və aktrisadır. Beyons çox istedadlı qızdır. Amma yaxşı müğənni olmaq üçün istedaddan başqa xüsusiyyətlər də tələb olunur. Maneələri dəf etmək üçün güclü xarakterin olmalıdır.

Beyonsun vokal istedadı məktəbin rəqs dərnəyində kəşf edilir. Bir dəfə müəllimə mahnını oxumağa başlayır, ardını isə Beyons çox yüksək notlarda bitirir. Bu hadisədən sonra müəllimə qıza məktəbin istedadlar müsabiqəsində iştirak etməyi tövsiyə edir. 1990-cu ildən etibarən Beyons musiqi təmayüllü orta məktəbdə təhsil alır. O, həmçinin yuxarı siniflərdə təsviri incəsənət sahələri ilə məşğul olur, bir il kilsə xorunun solisti olur.

Qızının istedadını görən ata qızlardan ibarət vokal qrupu yaratmağa qərar verir. 5 nəfərdən ibarət “Girls Time” qrupu yaranır. Qrup üzvlərindən biri Beyonsun xalası qızı Kelli Rouland olur. Metyu Noulz qrupun prodüseri vəzifəsini icra edir. Bir çox müsabiqələrdə iştirak edərək Texasda populyarlıq qazanırlar. Lakin məşhur teleşoudakı birinci çıxışından sonra qrupda dəyişiklik baş verir və kollektivdə cəmi dörd iştirakçı qalır. 1995-ci ildə onlar “Electra record” və“Columbia records” səsyazma şirkəti ilə müqavilə imzalayırlar.

1997-ci ildə qurulan və dünyanın ən çox satan “Destiny's Child” adlı qrupun rəhbəri və qurucusu kimi dünya səviyyəsində böyük şöhrət qazanır. Qrup mövcud olduğu bütün tarixi ərzində qadın qruplarının albomları arasında liderlik edir və çox satılır. “Say My Name” sinqlı çıxdıqdan sonra 2000-ci ildən təkcə Amerikada deyil, Avropada da şöhrət qazanırlar. Kollektivin iştirakçıları 2002-ci ildən solo layihələrlə məşğul olmaq qərarına gəlir. Bu hadisə gözlənilməz olmur, belə ki, öz istedadını tam açmaq və daha böyük uğur əldə etmək istəyən Beyons üçün gözəl şans idi. İstedadları isə az deyildi. Başlanğıc üçün o, özünü kinoda sınayır, “Qoldmember” filmində rol alır. Bir çox tənqidçilər onun debütünü yüksək qiymətləndirirlər. Həmçinin filmin “soundtreki” üçün iki mahnı yazdırır. Lakin bu, yalnız başlanğıc idi. Bu qızın hərtərəfli istedadı ona istirahət və dinc həyat vermir. Belə ki, “Pink Panter” filmində baş rollardan birinə çəkilir. Cəmi 1-2 il ərzində müğənni müasir şou-biznesin seks-simvolu tituluna sahiblənir. O, “Pepsi”inin reklam çarxlarında, o cümlədən “L’ oreal”ın reklamlarında çəkilməyə başlayır.

Müğənni ilk solo “Dangerously In Love” albomunu çıxaran kimi dərhal xit-paradların zirvələrinə düşür. Dünyanın ən güclü qadın vokalçıları arasındadır və bütün zamanların ən yaxşı 7 vokalçısı olma xüsusiyyətini daşıyır. “Billboard Hot 100” listində 36 həftə ilə ən uzun müddət 1 nömrədə qalan qadın sənətçidir. “Albom Billboard 200” listində ilin ən müvəffəqiyyətli albomları arasında yer alır. Albomdan çıxan “Crazy in Love” və “Baby Boy” mahnıları 10 həftəyə yaxın siyahılarda 1 nömrədə qalır və bu müvəffəqiyyət ona 5 “Qremmi” mükafatını gətirir. Beyons ilin ən yaxşı qadın ifaçısı nominasiyasında mükafata layiq görülən ilk qaradərili qadındır. Albomdan çıxan “Irreplaceable”, “Deja Vu”, “Ring the Alarm” və “Beautiful Liar” ən üst yerlərdə qərarlaşır. Şakira ilə duet oxuduğu “Beautiful Liar” mahnısı, “Billboard Hot 100”-də 98-ci nömrədən 3-cü nömrəyə qədər yüksələrək tarixin ən böyük sıçrayışlardan birini həyata keçirir. Beyons səhnədə eyni anda canlı mahnı oxuyub, rəqs edə bilən tək-tük müğənnilərdən biridir. Belə ki, 2006-cı ildə “Forbes” jurnalı ona Queen B! (Kraliça B) ləqəbini verir. Sənətçinin digər albomları da müvəffəqiyyətli olur. 2009-ci ildə isə “Billboard” tərəfindən “İlin Qadını” seçilir.

2010-ci ildə isə Beyons “Telephone” mahnısında Lady Gaga ilə oxuduğu duet dünyanın ən çox satan qadın duetlərindən birinə çevrilir. Öz adını daşıyan “BEYONCÉ” albomunu isə 2013-cü ilin 13 dekabrında çıxarır. Albom ilk olaraq “iTunes” üzərindən satışa çıxarılmış və Azərbaycan da daxil olmaqla 130-dan çox ölkənin “iTunes”ında 1-ci yerə çıxır.

Şübhəsiz, bu gün Beyons ən populyar gənc müğənnilərdən biri sayılır. Amma müğənninin yaradıcılıq planları hələ bitməyib - həm aktyor, həm də müğənni kimi solo karyerasının davam etdirmək istəyir. Üstəlik müğənni model biznesində çalışmağa davam edir. Deyilənlərə görə, nənəsinin qızıl əlləri olub, parçalara qeyri-adi bəzəklər vurub. Sonra onun qızı, yəni Beyonsun anası dizayner olur. Buna görə də, ailə biznesini hər tərəfli davam etdirməyə qərar verir və anası Tina Noulzla birlikdə “House of Dereon” moda brendinin sahibi, eyni zamanda simasıdır.

Dostluq sevgiyə çevrilir

Şəxsi həyatı və kişilərlə münasibətlərini Beyons kənar gözlərdən gizlədir. Bunu da yaxşı bacarır. Müğənnin neçə il birlikdə işlədiyi musiqiçi Jay-Z ilə romanının nə vaxt başladığını özlərindən başqa heç kim bilmir. Bir-birinə nə vaxt vurulduqları məlum olmasa da, 2000-ci ildən tanışdılar. Cütlük ilk “03 Bonnie and Clyde” musiqi kompozisiyasını da 2002-ci ildə yazıb.

Beyons Amerikalı repçi Jay Z ilə 2008-ci ildə evlənir. Blue Ivy adında 2 yaşında bir qızı var. Jay-Z və Beyons dünya şou-biznesində ən nüfuzlu şəxslərdən biridir. Onlar şəxsi həyatı barədə suallara cavab vermirlər, yalnız dostları və qonşuları ilə ünsiyyət qururlar. Jay-Z hətta “Fashion Rocks” konsertinə qədər nişan üzüyünü də taxmırdı. 2011-ci ildə MTV təqdimatında milyonların qarşısında Noulz hamilə olduğunu etiraf edərək hər kəsi təəccübləndirir.

Deyilənlərə görə, Beyonsun 20 yaşından bəri birlikdə olduğu Jay-Z onu bir neçə dəfə aldadıb. Hətta 44 yaşlı Jay-Z-nin 9 il əvvəl sevgili olduğu model Shenelle Scottdan bir uşağı olduğu deyilir. Bundan başqa Belçikanın gözəllik kraliçası ilə də görüşdüyü və ona çox bahalı şampan ismarladığı xəbərləri də yayılmışdı. Özləri bu cür söhbətləri dedi-qodu kimi qiymətləndirirlər.

"Prezidentin məşuqəsi"

Xəyanətdə təkcə Jay-Z ittiham olunmur. Beyonsun da ərinə xəyanət etdiyi iddiası ortaya atılıb. Belə ki, ikinci dəfə prezident seçilən Obamanın 21 yanvar 2013-cü ildə təşkil edilən andiçmə mərasimində səhnədə milli marşı söyləyən Beyonsla sevgili olduğu deyilir. And içmə mərasimindən sonra onların sevgili olduğu söhbətləri səngimək bilmirdi. Bu günlərdəFransanın maqazin müxbiri Paskal Rostainin “Europe 1” telekanalında dediyi sözlər isə hər kəsi şoka salıb. O, açıqlaması ilə ABŞ prezidenti Barak Obama və müğənni Beyonsun gizli eşq yaşaması ilə bağlı yayılan şayiələri daha da gücləndirib. Bundan başqa onların tez-tez görüşdüklərini göstərən fotolar da mətbuatda yayımlanmağa davam edir. Hələ ötən həftə Obama cütlüyünün ailəvi problemləri olduğu və Mişel Obamanın boşanmaq istədiyi xəbəri də mediaya sızmışdı. Zaman bu xəbərin həqiqət, yoxsa irəli sürülən boş fərziyyə olduğunu sübut edəcək.

İndi isə keçək Beyonsun gözəllik sirlərinə... Beyons səyahət etməyi və dadlı yeməkləri çox sevir. Belə baxanda onları kim sevmir ki? Divanın gözəlliyi və kişiləri heyrətə gətirən bədən ölçüləri isə gündəmdən düşmür. Həm seksual, həm də fərqli üz cizgilərinə malik olan qadındır.

Ananınız sözünə qulaq asın

“Ən yaxşı tövsiyələri anam öyrədib. Anamın gözəllik salonu olduğu üçün uşaqlıqdan necə qulluq etməli olduğumdan xəbərdaram. Xarici gözəllik zaman keçdikcə solur, insanın daxili aləmi isə illər keçdikcə zənginləşir. Yəni, insanın zahiri birbaşa daxili ilə bağlıdır. Yatmazdan əvvəl üzümü mütləq yuyuram. Saç rəngi və formasını tez-tez dəyişdirməyi sevdiyim üçün ona körpəyə baxdığım kimi qulluq edirəm. Saçlarıma12 ildir Kim Kimble qulluq edir. Təbii yağlar və E vitamini ilə birlikdə maska hazırlayır. Saçıma çəkdikdən sonra saç isidən papaq taxıb bir müddət gözləyirəm. Saça daha az zərər verən sulfatsız şampunlardan istifadə edirəm.

Makiyajda təbii tonlara üstünlük verirəm. Özüm kimi olmaq çox vacibdir. Başqa qadınlar göz qələmi və ya pomada çəkmədən evdən çıxmır, mən isə ənlik vurğunuyam. Bu mütləq şaftalı tonlarında olmalıdır”. Makiyajda müğənninin seçimi L'Oreal kosmetikalarıdır.

  • Göz ətrafında dərinin qırışmaması üçün günəş eynəkləri taxır. Çantasından əskik etmədiyi eynəyin makiyajsız qadının həyatını xilas etidiyini bildirir. Konsert turları da daxil olmaqla makiyajını özü edir. Sadəcə vizajistin fikirlərini öyrənir. “Sizə yaraşanı tapmaq çox önəmlidir. Bu məncə ən önəmli ip ucudur. Gördüyüünz hər şey gözəl görünəcək deyə bir şey yoxdur. Bunu edərək gözəlliyinizə xələl gətirə bilərsiniz ”.
  • Gənc qızlara od qoyan Beyons hamiləlikdən sonra kərəviz sayəsində əvvəlki formasına qayıda bilib. Kərəvizin kalorisi çox azdır, həm də möcüzəvi bitkidir.
  • Gündəlik qida resionunda qaynadılmış toyuq əti və tərəvəzlər üstünlük təşkil edir.
  • İdmanın və rəqslərin rolunu vurğulamasaq, ayıb olardı. Qızıl dərili ulduzun rəqslərini unutmaq mümkün deyil. Qış aylarında idman salonundan çıxmır, yayda isə açıq havada demək olar ki, bütün idman növləri ilə məşğul olur, kilometrlərlə qaçır.
  • Britney Spears, Madonna, Demi Moore, Katy Perry kimi Beyonsun da adını daşıyan parfumu var. Ancaq aralarında ən çox Beyonsun parfumu satılır. 2010-cu ildən bu yana satılan ətirlərin satışından 400 milyon dollar gəlir əldə edib.
  • Səhnədəki işıltısını isə “Natura Bisse Diamond Dust Skin Perfection” nəmləndirici kremə borcludur. Belə ki, bu krem almaz tozu, zanbaq, efir yağlarından və palçıqdan hazırlanır. Almaz tozu dəriyə təbii və qalıcı parıltı bəxş edir, əzələ gərginliyinin və stressin aradan qalxmasına da kömək edir.

“Qremmi 2014” gecəsində möhtəşəm səhnə şousu və füsunkar libası ilə Beyons yenə də hər kəsi özünə ram etməyi bacarır. Müğənni həftənin ən çox müzakirə olunan ulduzu oldu, desək, yanılmarıq. Barmağına taxdığı 10 milyon dollarlıq üzüklər isə mətbuatın gözündən yayınmır. Bədənini bütün cazibədarlığı ilə göstərəcək geyimlər seçməklə, Beyons özünəməxsus stilinin olduğunu hər çıxışında sübut edir.

Beyons səhnə geyimləri ilə fərqli obraz yaradan sənətçilərdəndir. Onun bikini formasında tikilən səhnə kostyumlarını bir çox dünya ulduzları təqlid edir. Bu geyimlərin müəllifinin kim olduğu yəqin ki, çoxunuza maraqlıdır. Bir zamanlar “Destiny's child” qrupunun stilisti olan xanım Noulz indi qızı Beyonsun səhnə geyimləri üzərində çalışır. “Destiny's child” qrupundakı görünüşü ilə müqayisədə Beyons illər ərzində həm bədən ölçüsü, həm saçı, həm də makiyajı ilə xeyli dəyişib. Artıq çəkilərə baxmayaraq, müğənni heç vaxt bunu özünə kompleks etmir, əksinə, indi daha seksual olduğunu deyir. Gündəlik həyatda Beyonse cins şalvar, qısa ətəklər və şortlara üstünlük verir. “Qremmi” gecəsində geyindiyi kostyumu isə gənc Maykl Kostello hazırlayıb. Ümumiyyətlə, Beyons dəb dünyasında öz sözünü demiş böyük moda evləriylə yanaşı, gənc modelyerlərlə də işləyir. Son“Haunted” klipində Rusiyanın tanınmış Ulyana Sergeeno geyim brendinə müraciət etməsi buna əyani sübutdur.

Ayaqqabılara gəldikdə isə Beyons hündürdabanlara üstünlük verir. Dabanın hündürlüyü isə bir çox qadının dayana bilmədiyi hündürlükdə olmalıdır. Düz 10 sm... “Versace”, “Balenciaga” və “YSL” ayaqqabıları Beyonsun qarderobunun sevimli aksesuarlarıdır.

Hazırladı: AYTƏN

Xəbər lenti

DAHA ÇOX XƏBƏR