• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“ASAN Xidmət” Londonun “Civil Service Live 2015” sərgisində - FOTOLAR

“ASAN Xidmət” Londonun “Civil Service Live 2015” sərgisində  - FOTOLAR

“ASAN Xidmət”in nailiyyətləri oktyabrın 5-də Londonun məşhur “Queen Elizabeth II” konfrans mərkəzindəki “Civil Service Live 2015” adlı sərgi və konfransda nümayiş etdirilib.

Publika.az-ın bu ilin iyun ayında “ASAN Xidmət”in Birləşmiş Millətlər Təşkilatının “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək mükafata layiq görülməsindən sonra baş tutan hazırkı təqdimat Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilib. Tədbirdə dövlət qulluqçuları və ictimai xidmət mütəxəssisləri iştirak edib.

Britaniyanın aparıcı nəşrlərindən olan “Civil Service World” jurnalının təşkil etdiyi “Civil Service Live 2015” sərgisinə ən yaxşı və müasir dünya təcrübəsi ilə tanış olmaq istəyən, aralarında dövlət qulluqçuları və özəl sektor təşkilatları əməkdaşlarının da olduğu 6000 nümayəndə qatılıb.

Konfransın builki əsas mövzularından ikisi bunlar idi: “Xidmət və informasiyanı istifadə üçün daha sadə, aydın və sürətli etmək məqsədilə rəqəmsal sistemin tətbiqi” və “Effektivliyi artırmağa yönəlmiş yeni iş metodlarından istifadə, yeni, modern və dinamik iş atmosferinin yaradılması”.

Buna görə də bütün diqqətlərin Azərbaycanın ictimai xidmət sahəsində inqilabi yeniliklər etmış “ASAN Xidmət”ə yönəlməsi heç də təsadüfi deyildi.

“Civil Service Live 2015” sərgi və konfransında təmsil olunan yeganə xarici təşkilatın - ASAN İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasi “ASAN Xidmət” haqda təqdimat çıxışında Azərbaycan hökumətinin genişmiqyaslı islahatlar həyata keçirdiyini və ictimai xidmət sahəsində belə bir unikal modeli araya-ərsəyə gətirdiyini bildirib. O, daha sonra “ASAN Xidmət” modelinin 5 əsas sütununa toxunub:

a) Əlçatanlıq - coğrafi mövqeyindən, dinindən və etnik kimliyindən asılı olmayaraq Azərbaycanda hər kəs “ASAN Xidmət”dən yararlanmaq hüququna malikdir;

b) Hesabatlılıq - hər bir işçi vətəndaşlara göstərilən xidmətlə bağlı öz məsuliyyətini dərk etməlidir. Ona görə də müştərilərin xidmətlə bağlı öz rəylərini bildirməsi üçün sistem tətbiq edilməkdədir. Bu sistemə “ASAN Xidmət” mərkəzlərində yerləşdirilmiş “exit poll” terminalları, sosial media, müştəri razılığını əsas prioritetə çevirmiş və dövlət qulluqçularının mentalitetinin dəyişilməsinə yönəlmiş treyninq proqramları, habelə mütəmadi olaraq keçirilən performans qiymətləndirilməsi daxildir;

c) Effektivlik - prosedurların mütəmadi olaraq nəzərdən keçirilməsi və ən son texnologiyaların tətbiqi göstərilən xidmətlərin səmərəliyini təmin edir.

d) Şəffaflıq - informasiya açıq və şəffaf şəkildə müxtəlif kommunikasiya üsulları ilə çatdırılır. Ona görə də insanlarda əməl etməli olduqları proses və dövlət rüsumları haqda aydın fikir yaranır. Şəffaflıq məsələsi “ASAN Xidmət” mərkəzlərinin dizaynında da öz əksini tapıb;

e) İnnovasiya - bu, ikitərəfli prosesdir. ASAN hər zaman vətəndaşlarla əlaqədədir, onların rəylərini nəzərə alaraq ASAN mərkəzlərində həyata keçirilən ideyalara birləşdirməyə çalışır. 9 ASAN mərkəzi fəaliyyət göstərir ki, açılan hər yeni mərkəz öncəkindən daha mükəmməl olur.

Kamran Ağasi çıxışında daha sonra deyib: “ASAN mərkəzləri artıq dövlət xidmətlərinin göstərildiyi bir mərkəzdən ümumi xidmət mərkəzinə çevrilməkdədir. O, mobil şirkətlər, kabel televiziyaları, kommunal xidmətlər də daxil olmaqla digər şirkətlər üçün də cəlbedici olub. Bizim mərkəzlərdə artıq bəzi tibbi xidmətlər də göstərilir.

Biz artıq yüksək texnologiyalı avtobuslarda ölkənin ucqar bölgələrinə də səyyar ASAN xidməti həyata keçiririk. Həmçinin evlərə xidmət göstərilir. Bunun üçün ödəniş edilir, lakin hərəkət imkanı məhdud olan şəxslər bu ödənişdən azaddır.

Azərbaycanın əhalisi 9,6 milyon nəfərdir. Təşkilatımız fəaliyyətə başladığı iki il yarım ərzində 6 milyondan çox insana xidmət göstərib. Hər bir mərkəz gün ərzində 2500-3000 insana xidmət göstərir. “Exit poll”arımız göstərir ki, müştərilərin 98 faizi göstərilən xidmətdən məmnundur”.

Təqdimat böyük maraqla qarşılanıb və tədbir aktiv sual-cavab sessiyası ilə davam etdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR