• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millət vəkili: “Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır”

Millət vəkili: “Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır”

Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır və 20-ci əsrə qədər gəlib çıxır. Ona görə də, mart soyqırımından danışarkən təkcə 1918-ci ildə baş verən prosesləri xatırlamaq yox, ondan əvvəlki və sonrakı hadisələri də ciddi təhlil etmək lazımdır.

Publika.Az-ın məlumatına görə, bu sözləri yap.org.az-a açıqlamasında millət vəkili, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.


- Fəzail müəllim, tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Bunların sırasında miqyasına görə 1918-ci ilin mart ayında törədilmiş qətliamlar daha dəhşətlidir. Bu soyqırımın tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?
- Ümumiyyətlə, soyqırımdan danışarkən bunu təkcə millətin faciəsi kimi təqdim etmək lazım deyil. Təbii ki, tariximizi unutmamalıyıq və bu faciələri hər zaman yaşatmalıyıq. Amma ideoloji müharibə getdiyi bir zamanda mart soyqırımına gedən tarixi yollara daha çox nəzər salmalıyıq, onun səbəblərini izah etməliyik. Mart soyqırımına gedən yol Pyotr dövründən başlayır və 20-ci əsrə qədər gəlib çıxır. Ona görə də, mart soyqırımından danışarkən təkcə 1918-ci ildə baş verən prosesləri xatırlamaq yox, ondan əvvəlki və sonrakı hadisələri də ciddi təhlil etmək lazımdır. Tarix sübut edir ki, dövr dəyişsə də, illər ötsə də, ermənilərin xisləti dəyişmir. Məsələn, babalarının 1918-ci ildə etdtiklərini nəvələri 1992-ci ildə Xocalıda təkrar ediblər. Bu mənim fikrimə əyani bir misaldır. Hesab edirəm ki, baş verən bu hadisələr Azərbaycan xalqına qarşı strateji plandır və bu planın mahiyyətini ardıcıl olaraq cəmiyyətimizə çatdırmalıyıq. Məqsədimiz isə məhz erməni xislətinin mahiyyəti açıb dünyaya göstərmək və onların məkrli planlarının qarşısını almaq olmalıdır.

- 1918-ci ilin mart ayında baş vermiş hadisə haqqında nə deyə bilərsiniz? Bu tarixlə bağlı müxtəlif ehtimallar, rəqəmlər səsləndirilir...

- Bilirsiniz ki, 1917-ci ilin fevralında çar Rusiyası dağıldı, həmin ilin oktyabrında bolşeviklər hərbi çevriliş edərək hakimiyyəti ələ keçirdilər. Bu zaman dekabrın 16-da Bakı Sovetində sədr olan Stepan Şaumyan Leninin əmri ilə Qafqazda fövqəladə və səlahiyyətli komissar təyin olunur və ona 500 min rubl pul ayrılır. Yanvar ayında isə yenə Leninin imzası ilə Bakı Sovetinə 30 milyon 800 min rubl, 5 000 tüfəng, 2 aeroplan və 2 zirehli maşın ayrılıb. Onu da qeyd edim ki, Ərzincan müqaviləsinə görə rus ordusu Qafqaz cəbhəsindən Rusiyaya qayıtmalı idi. Rus qoşunlarının tərkibində Türkiyəyə qarşı vuruşan erməni hərbi birləşmələri, onların 5000 əsgəri Bakıya gəlmişdi. Deməli, bolşevik hökumətinin ayırdığı 5000 tüfəng Bakıya yerləşdirilən erməni hərbçiləri üçün nəzərdə tutulubmuş. Bu hərbi qüvvələr isə azərbaycanlıların qətlə yetirilməsinə, soyqırımına məruz qalmasına yönəldilmişdi. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur.

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. O zaman ermənilər rusları inandırıblar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec olub. Çünki alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar. Hətta İçərişəhərə hücum zamanı Anastas Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik ediblər.

- Qətliamdan sonra hadisələrin araşdırılması istiqamətində Azərbaycan Xalq Cümhuriyyətinin atdığı addımların əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Komissiyanın hesabatında hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Bayaq qeyd etdiyim kimi, komissiyanın sənədlərində təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilildiyi göstərilirdi. Məsələ burasındadır ki, o dövrdə bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmirdi. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirmişdilər. Stepan Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutmuşdu. Təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdılmışdı. Təxminən 8 minə yaxın insan öldürülmüşdü ki, bunun da 1653 nəfəri qadın, 965-nəfəri isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi. Bunlardan başqa, ermənilərin 1918-ci il mart və aprel aylarında Şamaxı və ona qonşu kəndlərdə törətdikləri qətliamları isbat edən çoxlu sayda arxiv materialı da var. Bu materiallar arasında 22 noyabr 1918-ci ildə Təcili Araşdırma komissiyasının başçısı Xasməmmədovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi başçısına Şamaxı şəhəri və ona qonşu kəndlərin dağıdılması və müsəlman əhali üzərində ermənilərin işgəncələri və cinayətləri haqqında məlumatını, həmin komissiyanın üzvü Novatskinin bu məsələylə bağlı komissiya başçısına verdiyi məlumatı, bu işlərdə cinayətkar şəxslərlə bağlı məhkəmə işinin başladılması haqqında Təcili Araşdırma komissiyasının 12 iyul 1919-cu il tarixli qərarını göstərmək olar. Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında 7 cild, 925 səhifədən ibarət araşdırma materiallarında toplanmış məlumatlar ermənilərin cinayət və qətliamlar etdiklərini bir daha göstərir.

Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edib. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp özünü erməni xalqının qəhrəmanı və müdafiəçisi adlandıraraq, ona Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verildiyini demişdi. Məhz onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırmışdılar. Yerli sakinləri isə min bir əzabla qətlə yetirmişdilər. Ümumiyyətlə, ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayındaAzərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.

- Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 31 mart tarixi hər il azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. İstərdik ki, bu sənədin əhəmiyyəti haqqında fikirlərinizi bildirəsiniz...

- Qeyd etdiyiniz kimi, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi, azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi heç də təsadüfi deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var.
Davamlı olaraq hər il faciənin ildönümündə ölkə Prezidenti tərəfindən Azərbaycan xalqına müraciət olunur. O da qeyd edilməlidir ki, həmin fərmana qədər biz 31 mart soyqırımı barədə yalnız elmi söhbətlər edirdik. Ancaq 1998-ci ildə imzalanan bu sərəncamdan sonra 31 mart soyqırımı dövlət səviyyəsində müzakirə edilməyə başlandı. Bu isə 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi. Hazırda da 31 mart azərbaycanlıların soyqırımı günü dövlət səviyyəsində qeyd edilir. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Ümumiyyətlə, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlanılır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə də böyük məsuliyyət düşür.

- Heydər Əliyev Fondunun təşəbbüsü ilə Quba məzarlığında “Soyqırımı memorial kompleksi” yaradıldı. Sizcə, bu məkan erməni xislətini təsdiq etmək baxımından beynəlxalq birlik üçün kifayət deyilmi?

- Quba məzarlığında yaradılan kompleks ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların beynəlxalq birliyə nümayiş etdirmək üçün xüsusi əhəmiyyətə malikdir.

“Soyqırımı memorial kompleksi”nə gəlincə, burada XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdəki xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada Ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin, Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bilirsiniz ki, ölkəmizə gələn xarici qonaqlar da Quba məzarılığını ziyarət edir. Bu isə əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacib məsələdir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR