Alimdən qorxunc XƏBƏRDARLIQ: “Bu məhsulları yemək ən böyük faciədir” – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Alimdən qorxunc XƏBƏRDARLIQ: “Bu məhsulları yemək ən böyük faciədir” – MÜSAHİBƏ

Bu gün bazarlarda dədə-baba sortları olan alma, armud tapmaq çətinləşib. Onların əvəzinə xarici sortlar bazarı doldurur. Üstəlik, yayda qış, qışda yay meyvələrini bazarda tapmaq mümkündür. Artıq bazara daxil olanda hansı fəsil olduğunu təxmin etmək sanki asan olmur.

Xüsusən də, bu aylarda bazarlarda xarici meyvələrin sayı artdığı bir vaxtda, onları yeməyin insan sağlamlığı üçün qorxulu olub-olmaması gündəmə gəlir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyevdən yerli və xarici meyvə, tərəvəzlərin azalması barədə suallarımıza cavab öyrəndik.

Publika.az müsahibəni təqdim edir:

“Bu məhsullara vurulan kimyəvi maddələr bədənimizə...”

- Bu gün elə bir meyvə və tərəvəzlər varmı ki, onların yerli sortları əkilməsin?

- Bəli. Hazırda bir çox meyvə və tərəvəz sortları var ki, onlar artıq əkilmir. Uzun müddətdir bir klassik pomidor sortlarını itirmişik. Yalnız iyul və avqust aylarında klassik pomidor yemək lazımdır. Həmin pomidoru tanımaq çətin deyil. Həmin məhsulda pomidorun qoxusu və dadı hiss olunur. Bu gün satışda olan pomidorların əksəriyyəti elə sortlardır ki, onlar uzaq məsafələrə daşına bilir. Dünyanı narahat edən əsas problemlərdən biri geni dəyişdirilmiş bitkilərdir ki, onların torpaqdan nə aldığı və insana nə verəcəyi elmə məlum deyil. Bu yəqin ki, nə vaxtsa nüvə reaksiyası kimi faciələrin mənbəyi də ola bilər. Pomidor bir çox ağır xəstəliklərin müalicəsində istifadə edilir. Onun tərkibindəki bir sıra vitaminlər, üzvü turşular insan orqanizmi üçün son dərəcə vacibdir. Bu aylarda bazarlarda satılan pomidorda həmin vitamin və turşular yoxdur. Bu gün bazarlarda satılan xiyarların da əksəriyyəti sağlamlıq üçün təhlükəlidir. Onun geni dəyişdirilməsə belə, qapalı sistemdə saxlandığına görə tərkibinə çoxlu kimyəvi maddələr vurulur. Ən təhlükəlisi də budur ki, həmin maddələr meyvə vaxtı vurulur. Kimyəvi maddələr bar vasitəsilə bədənimizə daxil olur. Gələcəkdə onun bədənimizə bir çox fəsadlara səbəb olması istisna edilmir.

Çiyələkdə də vəziyyət oxşardır. Klassik çiyələk bir gecə qalandan sonra xarab olurdu. İndi isə çiyələyi günlərlə saxlayırıq, hətta xarici ölkələrdən günlərlə yol gəlir, amma əzilmir. Bir sözlə, insanın min illər əvvəl babalarının yemədiyi bitkini yeməsi bir gün fəsad verəcək. İnsan qida rejimi genetik koda oturmuş vasitədir.

“Ən dəhşətlisi hamilə qadınlar və uşaqların bu qidaları qəbul etməsidir”

- Hansı fəsad verə bilər ki?

- Tarixən bu torpaqlarda yetişən bitkilərin hər birinin yeyilmə vaxtı olub. İndi isə qış vaxtı tərkibini bilmədiyi bir pomidoru yeyən azərbaycanlının nə düşündüyünü anlaya bilmirəm. O pomidorun tərkibi bizə məlum deyil və o heç bir effekt verə bilməz. Axı belə olan halda o pomidoru nə üçün yeməliyik? Ən dəhşətlisi isə, hamilə qadınlar və uşaqların bu qidaları qəbul etməsidir. Çünki onların bədəni çox həssas olur.

“Azərbaycan dünya həkimlərinin bostanına ona görə çevrilib ki...”

- Yəqin ona görə də bazarda yerli sort azaldıqca, xəstəxanaların, klinikaların reklamı da artır.

- Azərbaycan dünya həkimlərinin bostanına çevrilib. Bunun səbəbi bizim düzgün qidalanmadan uzaqlaşmağımızdır. Dədə-babadan ağartı məhsulları gündəlik qidalar sırasında olub. Lakin bu gün insanlar bu qidalardan da uzaqlaşıblar. Ancaq hər ağartı məhsulu da keyfiyyətli deyil. Bu qidaların özünün də sağlam olmasına diqqət edilməlidir. Həmin heyvanlar elə yerdə qidalanmalıdır ki, ətinə, südünə zərərli maddələr keçməsin.

“Sumqayıt yolundakı həmin sahələrdə yetişən bitkini yemək faciədir”

- Amma bu gün zərərli təsirlərə məruz qalmamış ot tapmaq belə çətindir.

- Avtomagistralda nəqliyyatın ətrafdakı bitkilərə zərəri barədə tədqiqat aparıram. Sumqayıt yolunda elə sahələr var ki, həmin ərazidə həyətdə yetişdirilən bitkini yemək ən böyük faciədir. Bu barədə araşdırmam yekunlaşmasa da, deyə bilərəm ki, bir maşında dizel yananda 260-a qədər zərərli maddələr havaya buraxılırsa, bir gündə həmin yoldan 53-56 min maşın keçdiyini nəzərə alsaq, bunun nə qədər böyük və qorxunc bir rəqəm olduğunu təxmin etmək çətin deyil. Həmin maddələr hamısı ətrafdakı bitkilər üzərinə çökür. Yolun hər iki tərəfində 150 metr məsafədə bütün torpaq və bitkilər zərərli olur. Orada bitən bitkilər qida üçün tam yararsızdır.

- Qayıdaq yerli sortlara marağın azalmasına, sizcə buna səbəb nədir?

- Bunun üçün ölkədə kənd təsərrüfatının inkişafına xüsusi stimul olmalıdır. Bu gün belə stimul yoxdur. 30-40 il əvvəl dünya əhalisinin sayı indikindən çox az idi. İnsanların sayı durmadan artır, Azərbaycanda da oxşar vəziyyət müşahidə edilir. Bunun üçün də əhalini qida ilə təmin etmək lazımdır. Lakin hazırda əmək məhsuldarlığı baxımdan ölkə olaraq çox geriyik. Bu da əsasən əkinçilik mədəniyyətinin aşağı olması ilə bağlıdır. Əkinçilik mədəniyyətinin ən mühüm xüsusiyyəti açıq havada yetişdirilən məhsulun təbiətdən asılılığı ilə bağlıdır. Kənd təsərrüfatı təbiətdən 80% asılıdırsa, demək həmin ölkə ibtidai icma quruluşunda yaşayır. Çünki həmin icma quruluşunda da insanlar məhsul əkirdi, güclü külək əsəndə məhsul əldə edə bilmirdi. Lakin bu gün texnologiya inkişaf edir. Biz təbiətdən asılı olmamalıyıq. Müasir texnologiyalardan istifadə edə bilərik. Amma hazırda nəinki ayrı-ayrı kənd təsərrüfatı sahələrini itirmişik, həmçinin klassik əkinçilik də təbiətdən asılı olduğuna görə sıradan çıxır. Bir il iqlim çox yaxşı olursa, məhsuldarlıq da yüksək olur. Növbəti il hava şəraiti kəskin dəyişirsə, bu zaman az məhsul götürürük. Biz bu sahəni inkişaf etdirməliyik, müasir suvarma qurğuları, texnologiyaların imkanlarından faydalanmalıyıq. Bu zaman bitkinin əkildiyi yerin iqlim şəraitinə də həssas yanaşmalıyıq. İnsanın təbiətdən asılılığı intellekti və kənd təsərrüfatı sahəsindəki biliklərindən asılıdır.

“Mənim bitkilərdəki xəstəlikləri məhv etmək üçün istifadə etdiyim bu sudan camaat içki kimi istifadə edir”

- Fermerlərin narahatlıqlarından biri də əkilən məhsulun hələ dərilməmiş saralmasıdır. Xüsusən, xiyarda bu daha çox baş verir. Buna səbəb nədir?

- Bunun səbəbi də əkinçilik mədəniyyətinin zəif olması ilə əlaqədardır. Nəticədə təbiətin şıltaqlığından asılıyıq. Xiyarların tağda saralmasının səbəbi göbələklərdir. Həmin göbələklərə üzümdə də rast gəlinir. Bitkinin meyvəsi əmələ gəlməmiş ona mis sulfat (göy daş) vurmalıyıq. Bu göbələklər 26-28 dərəcədən yüksək temperaturda 80% rütubətli havada yüksək sürətlə inkişaf edirlər. Onların inkişafı üçün normal temperatur və rütubətlilik olsa, 24 saata bütün planeti əhatə edərlər. Ona görə də, bir anda bütün tağı saralda bilirlər. Bitkiyə mis sulfat vursaq, o zaman problemin qarşısnı ala bilərik. Bu da əkinçilik mədəniyyətinin bir hissəsidir. Bu illər ərzində yetişdirdiyimiz bitkilərin xəstəliklərə tutulması bizim faciəmizdir. Bu, o deməkdir ki, biz məhsuldarlığın yüksəldilməsi və xəstəliklərdən qorunmaq üçün lazımi yeniliklər etməmişik. İstixanada olduğu kimi, həyətlərdə, sahələrdə əkilən bitkilərə qarşı da diqqət göstərilməli, dərmanlama prosesi düzgün aparılmalıdır. Lakin bu dərmanlar istixanalardan fərqli olaraq az zərərli olmalıdır. Hər bir kimyəvi maddəni istifadə etməmişdən əvvəl tərkibini araşdırmaq lazımdır. Məsələn, qızılgül kolunda yaranan bəzi qara gənələri məhv etmək üçün koladan istifadə edirəm. Bəzi insanlar isə həmin şirəni içir. Bu içkilər mədəaltı vəzin funksiyasını pozur. Zərərvericiləri məhv etmək üçün yaxşı vasitədir.

- Xarici sortların əkilməsinin torpağa zərəri nə qədərdir.

- Bu barədə tədqiqat aparmamışam. Elə bitkilər var ki, torpaq şəraitinə uyğun gəlmirsə, onun fəsadlarının olacağı qaçılmazdır.

- Kənd təsərrüfatının iqlimdən asılılığına toxunduq. Ötən il ciddi quraqlıq oldu, bəzi illər isə yağıntı daha çox müşahidə edilir. Bunun sonrakı illər kənd təsərrüfatına təsiri necə olur?

- Quraqlıq çoxillik bitkilərin vegetativ orqanların qurumasına səbəb olur. Torpaqdakı rütubət az olduğuna görə, ona qayıdan mineral hissələr azalır. Bəzi regionlarda bitkilər tamam quruyur və bəzi çoxillik bitkiləri yenidən əkmək lazımdır. Elə yerlər var ki, torpaq tamamilə quruyub, ot örütüyü yoxdur və qəfildən yağan yağış torpaqda eroziya prosesinə səbəb olur. Elə birillik bitkilər var ki, quraqlıq zamanı toxumları tamamilə quruyur. Ən qorxulu problem eroziyadır. Çünki 1 sm torpaq qatının əmələ gəlməsi üçün min illərlə vaxt lazımdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm