12 mindən çox abituriyent imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

12 mindən çox abituriyent imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 15-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Məlumat üçün bildirək ki, imtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I qrup üzrə, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə 1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849 nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm