• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gülər Əhmədova: "Buraxın, gedim evimə"

Gülər Əhmədova: "Buraxın, gedim evimə"

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın bü gün məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edib. O, Elşad Abdullayevin yaydığı videolara rəy verən ekspertlərin və cinayət işinin istintaqını aparan müstəntiq Emzar Quliyevin məhkəmədə şahid qismində dindirilməsini istəyib. Vəkil, Sevinc Babayevanın G.Əhmədovaya göndərdiyi 2, Tavat Şirvanovaya göndərdiyi 5 mesajın tədqiq edilməsini istəyib.

Vəkil həmçinin, Sevinc Babayevanın hüquq müdafiəçilərindən birinin ofisində çəkdiyi “Seva danış” videosunun tədqiq edilməsi, həmin videoda danışan şəxslərin əlavə şahid qismində dindirilməsi, Gülər Əhmədovanın yenidən dindirilməsi, Elşad Abdullayevin dindirilməsi barədə vəsatətlər verib. O, eləcə də Sevinc Babayevanın Bakı Şəhər Prokurorluğuna göndərdiyi müraciətin də məhkəmədə tədqiq olunmasını istəyib. Vəkil əlavə edib ki, S.Babayevanın verdiyi ifadə məhkəmədə elan olunsun.

Məhkəmədə çıxış edən Gülər Əhmədova deyib ki, Elşad Abdullayevin dindirilməsi vacibdir, o, Fransada oturub yalan danışır: “Onu Azərbaycana gətirib, dilindən yalan danışmaması barədə iltizam alınaraq, ifadə verməsinə şərait yaradılmalıdır. Çünki bu adam şər-böhtan atmaqla məşğuldur. Bu adam Fransada oturub Facebook-da məhkəmə qurub, hətta Facebook-u da özünə "türmə" hesab edir. Heç bir dövlətdə belə şey yoxdur. O, bu hərəkətləri ilə Azərbaycan dövlətini lağa qoymaqla məşğuldur. Elşad Abdullayev 1 il 6 aydır yalan danışır. Bu yalanları da təkrar-təkrar internetdə yaymaqla insanları özünə inandırmağa çalışır. Bu adam doğru danışmır, mənim ona çoxlu suallarım var. Burada məhkəmə çəkişmə prinsipi pozulub, əgər zərərçəkmiş varsa, o da dindirilməlidir. Mən çıxılmaz vəziyyətdə qalmışam. Suallarıma hakim, prokuror cavab verə bilməz. Ona görə də çəkişmə prinsipində suallarımı ünvanlanmağa şəxs tapa bilmirəm. Elşad Abdullayev İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməyib. Məndə İnterpolda axtarışda olan şəxslərin siyahısı var. Həmin siyahıda 160 azərbaycanlı var, onların arasında Elşad Abdullayev yoxdur. Elşad Abdullayevin barəsində MDB ölkələrində axtarış verilib. Elşad Abdullayevi Qazaxıstanda, Tacikistanda axtarmağa ehtiyac yoxdur. Onun yeri, ünvanı, harada yaşadığı bəllidir”.

Gülər Əhmədova deyib ki, həbsdə olduğu müddətdə onu aldadıblar: "Deyirdilər ki, Elşad Abdullayevi gətirəcəklər. Amma bu müddətdə vədlərinə əməl etməyiblər. Körpə uşağım var, nə vaxta kimi məni həbsdə saxlayacaqsınız? Elşad Abdullayev 3 ağır maddə ilə ittiham olunub. Həmin maddələrlə ittiham olunan şəxsin kim ölkədən çıxmasına şərait yaradıb? Hamıya bəllidir ki, orqan, silah və narkotik alveri ən təhlükəli cinayət hesab olunur. Ukrayna prokurorluğunun məlumatı əsasında Elşad Abdullayevin orqan alveri ilə məşğul olması ATƏT-in hesabatında yer alıb. Elşad Abdullayevin cinayətləri barədə dövlət başçısına düzgün məlumatlar verilmir. Əgər ona doğru məlumat verilsə, cənab prezident bu məsələlərə biganə qalmaz”. S.Babayeva barədə danışan G.Əhmədova vurğulayıb ki, müstəntiqlərin səhlənkarlığı ucbatından istintaq zamanı S.Babayeva dindirilməyib: “Bu işlərdə Sevinc Babayeva tam məlumatlı idi. O, istintaq zamanı dindirilsəydi, bu məsələlərə də aydınlıq gətirərdi. Xahiş edirəm ki, S.Babayevanın Bakı Şəhər Prokurorluğuna göndərdiyi 12 səhifəlik müraciəti cinayət işinə əlavə edilsin”.

G.Əhmədova Səlcuq Ağlayanın məhkəmədə dindirilməsini istəyib.

Sonra prokuror çıxış edib. O, vəsatətlərin təmin olunmamasıni istəyib. Hakim bildirib ki, çoxsaylı vəsatətlər var, məhkəmə kollegiyası həmin vəsatətlərlə tanış olmalıdır. Buna görə də məhkəmədə sabah saat 11:00-a kimi fasilə elan olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR