• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışı olub

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)-nin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışı olub.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, Ramana qəsəbəsindəki Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı kurslarını bitirmiş və buraxılış imtahanından uğurla keçmiş 29 nəfər əlilliyi olan şəxsə peşə şəhadətnamələri təqdim olunub.

Onlardan 21 nəfəri kompüter istifadəçisi, 4 nəfəri bərbər və daha 4 nəfəri isə tikişçi peşələrinə yiyələnib. Tikişçilik kursunu bitirən, lakin imtahandan keçə bilməyən bir nəfər əlilliyi olan şəxsin isə peşə hazırlığının uzadılması qərara alınıb. Şəhadətnamələrin təqdim olunması tədbirində qeyd olunub ki, burada yeni peşələrə yiyələnən əlilliyi olan şəxslərin əmək bazarına çıxışı xeyli asanlaşıb. Həmçinin onlar özünüməşğulluq imkanları qazanıblar. Əlilliyi olan şəxslərin burada yiyələndikləri peşələr üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi üçün onların yaşadıqları ərazilər üzrə məşğulluq xidməti orqanlarına məktubla müraciət ediləcək.

Mərkəzdə ümumilikdə 10 peşə (xalçaçılıq, toxuculuq, tikişçilik, bərbərlik, kompyuter istifadəçisi, ağac üzərində oyma, rəssamlıq, kulinariya və s.) üzrə peşə hazırlığı kursları təşkil edilir və hazırda bu kurslarda 97 nəfər əlilliyi olan şəxs peşə təlimindədir. Peşə şəhadətnamələri alan əlilliyi olan şəxslər sevinclərini bölüşərək, onların rifah halının yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya olunmaları, həmçinin məşğuluq imkanlarına yiyələnmələri üçün göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmış Ramana Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı bölgələrdən gəlmiş əlillərin qalması üçün 53 otaqdan ibarət yataqxana var. Mərkəzdə əlilliyi olan şəxslərin tibbi xidmətlə təmin olunması üçün tibbi korpus, yeməkxana və kommunal xidmət korpusları, idman zalı, eləcə də stolüstü idman və trenajor zalları, incəsənətin ayrı-ayrı növləri üzrə dərnəklər və s. fəaliyyət göstərir. Müasir avadanlıqlarla təchiz olunmuş 188 yerlik müəssisədə həmin şəxslərin fizioterapevtik müalicəsi və asudə vaxtlarının mənalı təşkili istiqamətində də müvafiq işlər aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR