• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nazirlik əlillərlə bağlı yeni strategiya hazırlayır

Nazirlik əlillərlə bağlı yeni strategiya hazırlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra olunacaq "Əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək" Tvinninq layihəsinin fəaliyyət istiqamətləri üzrə görüləcək işlər müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının qabaqcıl Avropa ölkələrinin müvafiq təcrübəsi əsasında təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiyası sisteminin inkişaf etdirilməsidir. 2014-2016-cı illəri əhatə edən layihə çərçivəsində əlilliyi olan şəxslər üçün yeni reabilitasiya xidməti növlərinin formalaşdırılmasına ekspert dəstəyi, bu sahədə yeni strategiyaların hazırlanması, müvafiq kadr potensialının artırılması təmin olunacaq.

ƏƏSMN-in mütəxəssislərinin və avropalı ekspertlərin iştirak etdiyi tədbirdə layihəyə uyğun olaraq, ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin inkişafına dair strategiya sənədi və Master Planın hazırlanmasının nəzəri və texniki məsələləri ətrafında fikir mübadilələri aparılıb. Həmçinin əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının, onların tətbiqi üçün mexanizmlərin hazırlanması, sosial reabilitasiya metodlarının tətbiqi üçün pilot Əlillərin Bərpa Mərkəzlərinin seçilməsi məsələləri müzakirə edilib.

Hazırda Tvinninq layihəsinin bir neçə beynəlxalq eksperti ƏƏSMN-nin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin mütəxəssisləri ilə birgə yuxarıda qeyd olunan istiqamətlərdə təhlillərin aparılması və kadr potensialının gücləndirilməsi məqsədilə müzakirələr aparırlar.

Tədbirdə layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ölkələrə təlim səfərlərinin təşkili ilə bağlı görüləcək işlər də nəzərdən keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR