Korrupsioner məmurun həbsdən azad olunmasına reaksiya – RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Korrupsioner məmurun həbsdən azad olunmasına reaksiya – RƏSMİ

“Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqının, guya, yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilməsi, həmçinin İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək həbsdən azad olunması barədə informasiyalar həqiqəti əks etdirmir”.

Bu sözləri Axar.az-a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi. Sultanovun sözlərinə görə, istintaq hazırda davam edir:

“Hazırda qeyd edilən cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir və İ.Veysovun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməyib”.

Baş Prokurorluğun sözçüsü istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini də bildirdi.

Qeyd edək ki, dünən Axar.az olaraq Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının keçmiş direktoru İsa Veysovun azadlığa çıxması xəbərini yaymışdıq. Məlumatı İ.Veysovun adının açıqlanmasını istəməyən qohumu vermişdi.

İsa Veysov saxta diplom satışı və qanunsuz xidmətlər müqabilində külli miqdarda rüşvət almaqda təqsirli bilinərək ötən ay həbs olunub. Baş Prokurorluğun mayın 26-da yaydığı məlumatda göstərilir ki, İsa Veysov “qulluq mövqeyindən istifadə edib saxta sənədlər əsasında filiala müsabiqədənkənar 36 şəxsin qəbul edilməsi, onlara saxta tələbə biletlərinin və müvəffəqiyyət kitabçalarının verilməsi, habelə imtahan sessiyalarında iştirak etmədən qiymətlərin yazılması, yekunda saxta diplomların verilməsi və digər qanunsuz xidmətlər müqabilində ümumilikdə 239 min 970 manat məbləğində pul almaqla təhsil sistemini nüfuzdan salan hərəkətlər etməsində və dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan, o, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm