Azərbaycanda polisin peşə bayramı keçirilir
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda polisin peşə bayramı keçirilir

İyulun 2-də Azərbaycan polisi yaranmasının 96-cı ildönümünü qeyd edir.


Publika.az-ın məlumatına görə, bu münasibətlə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in Kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək "Əbədi Məşəl" abidəsini ziyarət ediblər.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2013-2014-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.


Nazir, general-polkovnik Ramil Usubov təntənəli mərasimdə çıxış edərək demişdir ki, demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Milli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladağı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi günü elan etmiş, çoxminli asayiş keşikçiləri nəslinin Vətənə və xalqa xidmətlərini özündə əks etdirən, mərdlik, şücaət və qəhrəmanlıqlarla zəngin olan bu tarix 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmış, həmin dövrdə polis Cümhuriyyətin formalaşmasında, milli mənafelərin qorunmasında xüsusi rol oynamış, sovet hakimiyyəti dönəmində isə ictimai-siyasi quruluşun bütün ziddiyyətlərinə baxmayaraq, böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak etmişdir.


O qeyd etmişdir ki, bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Keçmiş ittifaq miqaysında Daxili İşlər Nazirliyi təşkilati cəhətdən möhkəmlənmiş, şəxsi heyəti yüksək peşə hazırlığı əldə etmişdir. 1980-ci illərin sonlarında, daxili işlər orqanları özünün birbaşa funksiyalarını həyata keçirməklə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən milli müdafiə vəzifələrini də layiqincə yerinə yetirmişdir.


Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq huquq mühafizə strukturlarından da yan keçməmişdi. Respublikamız yeni əldə etdiyi müstəqilliyini itirmək təhdidi ilə üzləşmiş, vətəndaşlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaq hüququ pozulurdu.


Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycana siyasi rəhbərliyə qayıdan Milli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə, milli inkişaf modelinin əsasını qoydu.


Millət vəkillərinin, nazir müavinlərinin, aidiyyəti xidmət rəislərinin, yerli icra, hüquq-mühafizə orqanları rəhbərlərinin, Olimpiya oyunlarının, dünya çempionatlarının mükafatçıları olan daxili işlər orqanları əməkdaşlarının, məzunların valideynlərinin, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin də iştirak etdiyi tədbirdə nazir müavini, polis general-leytenantı Əsgər Ələkbərov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubova raport verib. Sonra nazir Polis Akademiyasının sıra meydanında təntənəli mərasimlə əlaqədar düzülmüş müəllim və müdavim heyətini əlamətdar hadisələr -Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə təbrik edib.


Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - İlkin Almazova, Həbib Həbibliyə və Xosrov Şükürova diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.


Akademiyanı əla qiymətlərlə başa vurmuş Rüstəm Xanhüseynov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub.


Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm