BMT-dən Azərbaycanda su qıtlığı barədə xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

BMT-dən Azərbaycanda su qıtlığı barədə xəbərdarlıq

Mərkəzi Asiya və Qafqaz ölkələri son illərdə kasıblıqla mübarizə, təhsil və gender bərabərliyi sahəsində əhəmiyyətli uğurlar əldə ediblər. Buna baxmayaraq əlavə səylər göstərilmədən region ölkələri 2015-ci ilə qədər bir sıra vəzifələrin, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində vəzifələrin öhdəsindən gələ bilməyəcəklər.

Virtualaz.org xəbər verir ki, bu qənaət BMT-nin Minilliyin İnkişaf Hədəfləri hesabatında yer alır. Hesabatı Nyu Yorkda təşkilatın mənzil-qərargahında BMT Baş katibi Ban Ki Mun təqdim edib.

Hesabatda Azərbaycan da daxil olmaqla region ölkələrini su qıtlığının gözlədiyi barədə xəbərdarlıq edilir. Bildirilir ki, hazırda Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalır və bu da regionu su qıtlığı ilə təhdid edir.

Sənəddə Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın son illərdə əldə etdiyi çoxsaylı pozitiv nailiyyətlər qeyd olunur. Hesabatda deyilir ki, bu ölkələr aclıqdan və yetərincə qidalanmamaqdan əziyyət çəkən əhalinin sayını iki dəfəyədək azaltmağa nail olublar. Belələri 1990-cı ildə 14 faiz təşkil edirdisə hazırda 7 faizə qədərdir. Həmçinin olduqca yoxsul, dilənçi kökündə yaşayanlar 1990-cı ildə 10 faiz təşkil edirdisə hazırda bu rəqəm 4 faizdir.

Region ölkələri ibtidai təhsillə təminat məsələsini də demək olar ki, həll ediblər. Birinci sinfə daxil olan hər 10 şagirdin 9-u orta məktəbi bitirir. Mərkəzi Asiya və Qafqazda məşğulluq sferasında gender bərabərliyi də demək olar ki, təmin olunub. Həmçinin 1990-2012-ci illər ərzində region ölkələri 5 yaşınadək uşaqlar arasında ölüm hallarını da iki dəfəyədək azaltmağa nail olublar. Həmçinin ana ölümlər də azalıb və 2013-cü ilə olan rəqəmlərə görə hər 100 min doğuşda 39 ana ölümü qeydə alınır. “Lakin bu irəliləyiş heç də o demək deyil ki, region ölkələri 2015-ci ilə qədər ana ölümlərinin dörddə üçünü ləğv edə biləcəklər” deyə hesabatda bildirilir.

Hesabatda xəbərdarlıq edilir ki, Cənubi Qafqazda və Mərkəzi Asiyada bərpa olunan su resursları azalmaqdadır. Regionda su sərfiyyatı 50 faiz təşkil edir. Bu isə böhranlı həddə yaxındır. Əgər mövcud su resurslarının 60 faizi həcmində su sərf olunursa o zaman fiziki olaraq su qıtlığı yaranır, insanların həyatı, ətraf mühit üçün təhdid meydana çıxır. Hesabat müəllifləri ehtiyat edirlər ki, region ölkələri əhalinin içməli su ilə təminatının genişləndirilməsi vəzifəsini həll edə bilməyəcəklər. Bundan əlavə region ölkələri quruda və suda təbiəti mühazifə zonalarının yaradılması, təbii resursların qorunması məsələsini həll etmək gücündə deyillər.

BMT-nin 2000-ci ildə keçirilən Minilliyin çağırışları və inkişaf hədəfləri sammitində dünya ölkələri səkkiz əsas vəzifə müəyyən ediblər. Bura yoxsulluğun və aclığın azaldılması, təhsil, ətraf mühit, gender bəravərliyi vəzifələri daxildir. Bu vəzifələrin əksəriyyəti 2015-ci ilə qədər yerinə yetirilməli idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm