• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazirlik işəgötürənləri məlumatlandırdı - FOTO

Nazirlik işəgötürənləri məlumatlandırdı - FOTO

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydalarına dair növbəti məlumatlandırma tədbirini Şəki şəhərində keçirib. Şəki rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan “Açıq qapı” günü-vətəndaş forumuna bu rayonun və Zaqatala, Balakən, Qax, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ Oğuz rayonlarının işəgötürənləri cəlb olunub.

Tədbirdə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiq olunmasının ölkənin əmək bazarına, işçi hüquqlarının təminatına daha çevik və obyektiv dövlət nəzarəti mexanizmini formalaşdırmağa xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu islahat tədbiri işçi və işəgötürənlər arasında bağlanan hər bir əmək müqaviləsi üzrə bildirişin, eləcə də əmək müqaviləsinə dəyişiklik edilməsi və əmək müqaviləsinə xitam verilməsi zamanı bu barədə bildiriş formalarının EİS-də qeydiyyatdan keçirilməsi yolu ilə rəsmiləşdirilməsini nəzərdə tutur. Bu isə əmək müqavilələrinin tərəflər arasında bir sıra hallarda formal olaraq bağlanması və bir nüsxəsinin işçilərə verilməməsi kimi əvvəllərdə mövcud olmuş mənfi praktikaya son qoyur. Ən başlıcası, EİS əmək müqavilələrində əksini tapan işçi hüquqlarının təmin edilməsinə birbaşa və səmərəli dövlət nəzarətinin həyata keçirilməsinə, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılmasına şərait yaradır. Əmək müqaviləsi bildirişi üzrə EİS-in işləyən əhalinin gələcək sosial təminat hüquqlarının müdafiəsində, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasında mühüm hüquqi əsas yaratdığı da bildirilib.

Forumda əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza ilə “Elektron hökümət” portalı (https://www.e-gov.az) üzərindən EİS-ə daxil edilməsi proseduru əyani şəkildə nümayiş etdirilib. İşəgötürənlərə aidiyyatı üzrə praktik bilgilər aşılanaraq, onların ayrı-ayrı sualları cavablandırılıb, həmçinin gücləndirilmiş imza sertifikatlarının necə əldə olunması barədə onlara məlumat verilib. Əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə ilə bağlı işəgötürənlərə metodiki köməklik göstərilməsi üçün ƏƏSMN tərəfindən respublikanın bütün bölgələrində “Yardımçı masaları”nın yaradıldığı da işəgötürənlərin diqqətinə çatdırılıb, onların ünvanları, əlaqə nömrələri barədə KİV-lərdə məlumatlar yayımlandığı qeyd olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR