• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Örnək birinci xanım

Örnək birinci xanım

“...Həyatda uğur və məsuliyyət yanaşıdır.”

Mehriban ƏLİYEVA

Mehriban Əliyeva! – Azərbaycanın “FIRS LADY”si (Birinci Xanımı), millət vəkili, Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun başçısı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gim­nastika Federasiyasının prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəl­səfə elmləri doktoru və 3 gözəl övladın anası! – Bu gün onun doğum günü – 50 illik əlamətdar yubileyidir!

O, bu gün Azərbaycan mədəniyyətinin fədakar elçisidir; xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır.

O, bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır.

O, bu gün gözəl bir ailə örnəyidir hər kəsə. Hər zaman cənab Prezidentin yanında olaraq ölkəmizin inkişafı üçün əlindən gələni edir.

Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki,o, bu gün təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə Dünyamız və İNSANLIQ üçün Türk və Müsəlman Dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə, eləcə də, təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi dünya mətbu orqanları bir çox birinci xanımları onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki o, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də artıq dünyada geniş şöhrət sahibidir. Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət xadimlərindən onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamının da fikri yekdildir: Azərbaycanın bəxti gətirib! Bu, inkar olunmaz bir həqiqətdir.

YUNESKO-nun xoşməramlı Səfiri

Bəlli olduğu kimi 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.

Mehriban xanımın rəhbərliyi ilə hazırlanan və ünlü muğam ustalarının valehedici ifalarının toplandığı “Qarabağ Xanəndələri” albomu bu gün bütün dünyada onu bircə dəfə dinləyənləri ömür boyu öz sehrində saxlayır... Azərbaycanın, ümumən türk millətinin kökü qədimlərə dayanan milli musiqisi olan aşıq sənətinin, milli bayramımız olan Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınmasını özəlliklə vurğulamalıyıq. – Bunlar çox ciddi çalışmaların bəhrəsidir və tarixi mahiyyət daşıyır.

Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri var.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin fədakarı

Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azər­baycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir. O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqi­qətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Xocalı faciəsini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri,təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən,bir çox dillərdə kitablar nəşr etdirir, filmlər hazırlayıb dünya ictimaiyyətinə doğru bilgilərin çatdırılması istiqamətində misilsiz işlər görür.

O, YUNESKO ilə yanaşı, həm də müsəlman dünyasını özündə birləşdirən İslam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də müsəlman dünyasını layiqincə təmsil edir. Sivilizasiyalararası, mədəniyyətlərarası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Mehriban Əliyevanın ötən illər ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir və aldığı mükafatlar bununbariz göstəricisidir.

Azərbaycan paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Dünyası Paytaxtı elan edilib. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı ölkəmizdə bu sahədə keçirilən böyük beynəlxalq tədbirlər, Azərbaycanın bu sahədə bir çox ölkələrə örnək olmasıhaqqında dünyada yaranan müsbət təsəvvürün formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı onun da böyük xidmətləri var. Amerika Birləşmiş Ştatlarının nüfuzlu “WASHİNGTON TİMES” qəzetinin onun haqqında dərc etdirdiyi məqalədə deyilirdi: “AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA MÜSƏLMAN DÜNYASI QADINLARI ÜÇÜN ƏN YAXŞI ÖRNƏKDİR!” Sonralara bu və bu qəbildən sözlər dünyanın bir çox nəşrlərində dəfələrlə təkrarlandı, nüfuzlu insanların dilindən eşidildi...

O, dünyanın 10-a yaxın ölkəsinin birinci xanımının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə “Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi” adlı beynəlxalq konfransın həm təşəbbüsçüsü, həm də təşkilatçısı olub. Dünyanın iki önəmli təşkilatı, YUNESKO və İSESKO-nu da bu böyük tədbirə cəlb edərək DÜNYAMIZIN GƏLƏCƏYİ ÜÇÜN ƏN ÖNƏMLİ MƏSƏLƏ OLAN MƏDƏNİY­YƏT­LƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİNİN VA­CİBLİYİNİ VƏ ƏLDƏ EDİLƏ BİLƏCƏK BAŞARILARI BİR PLATFORMA KİMİ ORTAYA QOYDU! Və bu istiqamətdə davamlı olaraq böyük işlər görməyə davam edir. Afrikadan tutmuş Avropaya, Asiyadan tutmuş Amerikaya və İslam ölkələrinə qədər bir çox ölkənin liderlərinin və dünyanın 6 qitəsindən gələn, öz ölkələrinin ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan insanların, YUNESKO, İSESKO, Avropa Şurası rəsmilərinin və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarından olan təmsilçilərin iştirakı ilə keçirilən bu beynəlxalq tədbirlərdə, müzakirələrdə iştirak edən qonaqlar Azərbaycanın bir türk və müsəlman ölkəsi kimi Mədəniyyətlər və Sivilizasiyalararası Dialoqla bağlı gördüyü böyük işləri yerində görməklə yanaşı, Bakının Qərblə Müsəlman Dünyası arasında önəmli bir qapı rolu oynaya biləcəyini – böyük rolunu özəlliklə vurğu­layırlar. O, həm də fəaliyyəti ilə Mədəniyyətlər və Sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu, eyni zamanda qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini göstərir.

Onun təşəbbüsü ilə “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinoqoqlar da təmir olundu və insanların ibadət etməsi üçün yaxşı şərait yaradıldı. O, Azərbaycan örnəyində göstərdi ki, Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqa yalnız qarşılıqlı sayğı və dözümlülüklə nail olmaq olar.

Mehriban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür!

O, 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görüb. Məsələn, Mehriban Əliyevanın 1996-cı ildə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması isti­qamətində önəmli bir addım olub (və olmaqdadır!).

Azərbaycan Gimnastikasının himayədarı və rəhbəri,

Azərbaycan Olimpiya Hərəkatına töhfələr verən xanım lider!

O, həmişə işin asanından deyil, çətinindən tutur. O, bütün dünyaya göstərdi ki, Azərbaycan qızı, yəni Türk-Müsəlman qızları öz gözəllikləri və təravəti ilə idmanın gimnastika sahəsində də böyük uğurlar əldə edə bilərlər. 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının medallarını qazanmağa nail oldular. O, Azərbaycan qızlarının idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduğunu nümayiş etdirdi. Bu gün gimnastika sahəsində Azərbaycan qızları əldə etdiyi uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur! Bu, onun zəhmətinin bəhrəsidir. Cəmi bir il sonra onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışlardan sonra daha neçə-neçə beynəlxalq yarışların bir-birinin ardınca məhz Azərbaycanda keçirilməsi, Mehriban Əliyevanın fəaliyyətinə verilən qiymət və ona olan etimadın göstəricisi idi. Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı.

...Və nəhayət I Avropa İdman Oyunları! – Bu mötəbər yarışın ilki məhz Azərbaycanda, məhz Mehriban xanımın başçılıq etdiyi Təşkilat Komitəsinin tərtibi ilə keçiriləcək! Hazırlıq işləri böyük miqyasla, artan sürət və gərəkən keyfiyyətlə davam etməkdədir! Artıq nüfuzlu Avropa Mahnı Yarışmasının hazırlığı və yüksək səviyyədə keçirilməsi təcrübəsi var! Çünki Bakıda keçirilən yarışma ümumiyyətlə yarışmanın tarixində ən möhtəşəm tədbir kimi yadda qaldı. Hamı Azərbaycana, Azərbaycan dövlətinə, dövlət başçısına və təbii ki, Birinci Xanıma – Mehriban Əliyevaya güvənir! – Haqlı olaraq!

Yeni stadionlar tikilir, yeni qovşaqlar salınır, I Avropa İdman Oyunlarının geniş miqyası və yüksək səviyyədə keçirilməsi nəyi tələb edirsə, onlar planlı şəkildə yerinə yetirilir. Heç şübhə yoxdur ki, 2015-ci ildə keçiriləcək böyük idman bayramı yaddaşlarda əbədi iz salacaq! Bugündən demək istərdim: TƏŞƏKKÜRLƏR, MEHRİBAN XANIM! YAXŞI Kİ, VARSIZ!

Yeri gəlmişkən... “Avrovizion” Yarışmasında Azərbaycanın ard-arda uğurlar qazan­masında, nəhayət Azərbaycan gənc sənətçilərinin parlaq qələbə qazanmasında Heydər Əliyev Fondunun, şəxsən Mehriban Əliyevanın fikir və tövsiyyələri, dəstəyi əvəzsiz rol oynayıb. Beləliklə, 2011-ci ildə Azərbaycan Ell və Nikki duetinin timsalında Düsseldorfda “Avrovizion” mahnı yarışmasında qələbə qazandı. “Avrovizion-2012” yarışmasının Təşkilat Komitəsinin sədri olan Mehriban Əliyeva deyirdi: “...“Avrovizion” mahnı yarışmasında təmsilçilərimizin qələbəsini xalqımız çox böyük coşqu ilə qarşıladı. Bir azərbaycanlı, ölkəmin bir vətəndaşı kimi bu hadisə mənə hədsiz təsir etdi. Bu, həm iştirakçıların, həm də onların çıxışını hazırlayanların böyük uğurudur. ...Belə irimiqyaslı yarışmaya hazırlıq bir çox aspektlərdən asılıdır: konsert zalı, otellər, şəhər təchizatı, infrastruktur. ...Başqa bir məsələni qeyd etmək istərdim. “Eurovision” müxtəlif ölkələrin, müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin ümumi təntənəsidir. Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşayıblar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkə kimi, biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq. Bizim tolerantlıq ənənəmiz elə bir parlaq təməl yaradıb ki, Azərbaycana gələn hər bir təşkilatçı, müşahidəçi, yaxud adi tamaşaçı üçün hər cür şərait yarada bilərik”...

...Və necə deyərlər, deyildi və edildi! Gəldilər və gördülər! 2012-ci ilədək keçirilən, 2012-ci ildən sonra keçirilmiş mahnı yaraşmalarının içində Bakıda, Xəzər qıyısındakı “KRİSTAL HOLL”dakı möhtəşəm Avropa Mahnı yarışması özünəməxsus yeri ilə seçilir...

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti!

Dünyada tanınan Heydər Əliyev Fondunun 10 il öncə yarandığına bir çox xarici qonaqlar da ilk öncə inana bilmirlər. 10 il və bu qədər nailiyyət! Fond bu xoşməramlı inanılmazlığı hələ 5 yaşında da göstərmişdi, ondan öncə də, sonra da... Gələcəkdə də, göstərəcək, təbii. Heydər Əliyev Fondu bu gün artıq dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və s.) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. O, deyir: “Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.

Xeyirxahlıq və Humanizm!

Bəli, bu, onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi Fond maddi durumu ağır olan minlərlə xəstənin əməliyyat və müalicə olunaraq yenidən həyata qayıtmasına yardım edib. O, bu kasıb insanların müalicə olunaraq sağlamlıqlarına qovuşmasına dəstək göstərməsindən mənəvi rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayr. Sizə ehtiyacı olanların yanında olacaqsınız! Yardımınıza ehtiyacı olanlara əl uzadacaqsınız! – Bu, bir insanlıq vəzifəsidir. Budur onun həyat fəlsəfəsi və topluma aşıladığı müsbət dəyərlər!

Yoxsul insanlar daim onun rəhbərlik etdiyi Fondun diqqət və qayğısındadır. Onun qapısını döyən hər bir kəsə kömək edilir. Əslində, bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi şəxsin Mehriban Əliyeva olması insanların ona olan böyük inam, etimad və sevgisinin göstəricisidir. Bu gün sadə insanlar ona mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxırlar!

Heydər Əliyef Fondunun bütün digər fəaliyyətləri ilə yanaşı, bu Fondun vitse-prezidenti və Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr, özəlliklə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası bir milli, tarixi xidmətdir və böyük alqışa, öygüyə layiqdir! Leyla Əliyevanın bu və bənəzri çalışmaları bir atalar sözümüzü yada salır: OT KÖKÜ ÜSTƏ BİTƏR!.. Xatırladaq ki, Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri olan kampaniyanın artıq real nəticələri mövcuddur.

Gəlin bir daha Fondun beynəlxalq miqyaslı çalışmalarına qayıdaq və Birinci Xanımın öz sözlərinə müraciət edək. –Bəllidir ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, həm də xarici ölkələrdə nadir mədəni irsin qorunmasına ciddi töhfələr verməkdədir. Örnəyi, Fond Parisdə Notr-Dam, Strasburq Kafedral kilsələrinin bərpasına da yardım edib. Xanım Əliyeva bu yardımların önəmini belə izah edir: “...Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. İtmiş hər hansı maddi dəyər əvəzedilməzdir və inamla deyə bilərəm ki, bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də, həm ölkəmizdə, həm də sərhədlərimizdən kənarda mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu bir sıra memarlıq abidələrini, o cümlədən Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını bərpa edib. Fondumuz Parisdə on dördüncü əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Hazırda biz Vatikanda mədəni abidələrin bərpası üçün danışıqlar aparırıq. Mədəni və humanitar əlaqələrin qurulması ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Mədəni əməkdaşlıq bir-birimizi necə tanıdığımızı üzə çıxarır, bir-birimizin tarixini, mədəniyyətini, ənənələrini necə bildiyimizi göstərir.” – Bu sözlərə nəsə əlavə etmək istəməzdim...

Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi!

O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda xeyriyyəçilik institutunu fəal şəkildə inkişaf etdirdi. Çünki azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə aşınmaya məruz qalmışdı. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, çağdaş Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, çağdaş dünyada və məhz çağdaş anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını açıqladı və bir məktəbin əsasını qoydu.

Xanım Əliyeva deyir: “Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin – təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik kimi qəbul edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik – insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işdir”.

Bəli, o əsl xeyriyyəçidir! Öz qəlbinin və vicdanının səsi ilə qüvvəsini, vaxtını və enerjisini xeyirxah əməllərə, toplum və dünya üçün vacib məsələlərə təmənnasız sərf edir!O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək, uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Təhsili millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır.Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar.Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında mənzilə ehtiyacı olanların təminatına yardım edilir. Qarabağ müharibəsində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər... – onların problemləri daim onun diqqəti mərkəzindədir.

O, tibb məntəqələri yaxşı olmayan bölgələrdə tibb məntəqələri tikdirərək insanların sağ­lamlığına xidmət edir. Ona görə yox ki, o həm də gözəl həkimdir, ona görə ki, millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu gözəl bilir və bunun üçün əlindən gələni edir. Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişafı üçün lazım olan bütün şərait yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyllərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli istifadə olunması, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çoxsaylı layihələr həyata keçirilir.O, daim çətin duruma düşən insanların yanındadır. Kasıb dializli xəstələrin bahalı dializ prosedurlar keçməsində problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqlar alaraq onların istifadəsinə verir. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, ən yüksək səviyyəli xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir. O, bu uşaqların saçlarını sığallarayaq kövrəlir, onların əldə etdikləri şəraitdən necə sevindiyini görüb sevinir.Azərbaycanda ata və ana himayəsindən məhrum olan uşaqlar ona Mənəvi Ana kimi baxırlar. Bu da səbəbsiz deyil. Çünki o, uşaq evləri, internat məktəblərini himayəsinə alaraq, onların normal böyüməsi üçün əlindən gələni edir. O, işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və bu evlərdə, məktəblərdə böyüyərək ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, iştirak edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir.Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi hər şeylə təmin olunublar. O, hər məsələylə şəxsən maraqlanır. Bir ana, bir valideyn kimi... tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır.Ən önəmli bayramlarda onlar üçün məclislər təşkil edir və onlarla birlikdə əlamətdar günləri qeyd edir, sevinir, əylənir. O gözlərdəki işıq onun üçün ən gözəl hədiyyədir. O, bu uşaqların ata-analı uşaqlar kimi böyüməsi üçün yorulmadan çalışır... amma o, heç nəyin ata-ana məhəbbətini əvəz etmədiyini bəyan edərək, insanları daha məsuliyyətli və daha həssas olmağa çağırır. O, uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisi olur.

Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf edib və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılıb. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin toplumda möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi yaradılıb ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynamaqdadır. Hər zaman qayğı ilə yanaşdığı Daun sindromlu uşaqlar üçün tikilən yüksək səviyyəli mərkəzdə də onun böyük rolu var .

Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyev Fondu tərəfindən gərəkən dərmanlarla təmin olunurlar. Bu uşaqların çöhrəsində, gözlərində yaranan hər bir gülüş onun üçün bir dünyadır. O, deyir: “Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, bu cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcək”.

Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. “İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər” deyən Mehriban Əliyeva toplumda bu düşüncənin əməllərlə daha da möhkəmlənməsi üçün geniş fəaliyyəti göstərir.Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sahəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri yüksək səviyyədə bərpa olunub. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal göstərmək olar.

O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı yetişməsi və buna sahib­lən­məsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığını daim vurğulayaraq, bu istiqamətdə çoxsaylı layihələrə dəstək verir.O, hesab edir ki, hər bir vətəndaş dövlətinin və toplumun inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalı, bunu özü üçün bir vətəşdaşlıq borcu kimi qəbul etməlidir. “Həmişə özünə və prinsiplərinə sadiq olmaq!”– Mehriban xanım bu həyat devizi ilə yaşayır və uğurları bir-birini əvəz edir!

Millətin vəkili!

Azərbaycanın hansı bölgəsinə getsəniz, hamı Mehriban Əliyevanın məhz oradan millət vəkili olmasını arzulayır. Millət vəkili kimi təmsil etdiyi Xəzər rayonu az qala hər gün bir yeniliyə, tikinti-quruculuq hadisəsinə, mədəniyyət hadisələrinə səhnə olur! Rayon necə deyərlər, yenidən qurulur, günbəgün inkişaf edir! Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək nəcabət örnəyi olaraq, qiymət­ləndirir və bundan qürur duyurlar.Çünki onları təmsil edən millət vəkili təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Millət vəkili olduğu dövrdə parlamentə Amnistiya aktları ilə bağlı qanun layihələri təqdim etmiş və millət vəkillərinin də dəstəyi ilə, minlərlə məhbus azad edilərək öz ailəsinə qovuşmuşdur.Cinayət törətmiş qadınların çox hissəsi həbsxanalardan azad edilərək öz övladlarına, yaxınlarına qovuşmuşdur. Bu humanist aksiya toplum tərəfindən yüksək qiymətləndirilir. O, “biz səhvini başa düşən insanlara yenidən şans verərək, kömək edərək onları cəmiyyətimizə yararlı vətəndaşlar kimi qazan­dırmalıyıq” deyərək, yeni bir yanaşma tərzini ortaya qoydu. O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir.

Yaxşı yadımdadır, ABŞ-a səfəri zamanı bu ölkənin ictimai-siyasi xadimləri ilə görüşündə Azərbaycan qadınlarının seçib-seçilmək haqqını nəinki Müsəlman Şərqi, hətta Birləşmiş Ştatların qadınlarından öncə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyini özəlliklə vurğulayan Mehriban Əliyeva Azərbaycan qadınının təhsili, inkişafı, toplumun müxtəlif sahələrində, dünyada daha yüksək səviyyədə təmsil olunmasına böyük dəstək verir.

O, bugün parlamentdə Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun sədridir. İstər hazırkı vəzifəsində, istərsə də, daha öncə daşıdğı vəzifə ilə - Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun başçısı vəzifəsindəöz işinin öhdəsindən layiqincə gəlib. O, hərf iki önəmli dünya gücü olan dövlətlə əlaqələrin və əməkdaşlığın daha da genişlənməsi, Azərbaycanın daha yaxından tanınması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha geniş təbliğ olunması istiqamətində ciddi addımlar atıb və bu gün də atır.

...Qadınlar onu gözəllik etalonu hesab edirlər. O, isə hesab edir ki, əsl gözəllik insanın xarici və daxili gözəlliyinin vəhdətindən yaranır.Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, özü haqqında danışmağı qəti sevmir Mehriban xanım. O, öz işi ilə insanların sevgisini qazanır!

Qardaş ölkə olan, Azərbaycanın dövlət müstəqilliyin tanıyan ilk 3 ölkədən biri olmaq kimi tariximizdə və qəlbimizdə fəxri yerə sahib Pakistanda zəlzələ nəticəsində Müzəffərabad şəhərində məktəb tamamilə dağılmışdı. Uşaqlar çadırlarda ağır şəraitdə oxuyurdular. Məhz Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Pakistan qızlarının yüksək səviyyədə təhsil alması üçün dünya standartlarında, ən çağdaş texnologiyalarla təmin olunmuş böyük məktəb tikərək istifadəyə verdi. Bu nə qədər gənc müsəlman qızın yaxşı təhsil alması deməkdir! Bu nə qədər gənc müsəlman qızın gələcəyi deməkdir! Amma Pakistanda onun dəstəyi ilə həyata keçirilən işlər bununla bitmədi. Çoxlu sayda humanitar layihələr, dəstəklər bu gün də davam edir.

Azərbaycandan kənarda yaşayan soydaşlarımız da daim onun diqqət mərkəzindədir. Gür­cüstanda, öz tarixi ata-baba torpaqlarında yaşayan 500 min Azərbaycan türkünün təhsili, öz mədəniyyətini qoruyub saxlaması istiqamətində çoxsaylı layihələr həyata keçirilir. Neçə illər Gürcüstan azərbaycanlılarının birinci sinfə gedən uşaqları məktəb ləvazimatları ilə təmin olunublar. Azərbaycan türklərinin gürcü dilini, kompyuter texnologiyalarını yaxşı bilməsi üçün çoxlu kurslar açılıb, Fondun dəstəyi ilə Azərbaycan türklərinin bir sıra musiqi, rəqs qrupları qurulub ki, indi onlar millətimizi təkcə Gürcüstan səviyyəsində deyil, bey­nəlxalq səviyyəli müsabiqələrdə də təmsil edirlər. Soydaşlarımızın yaşadığı bəzi kəndlərdə məktəblərin, məs­cidlərin bərpa olunmasına, su xətlərinin çəkilməsinə kömək göstərilir.

Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi isə bu ölkədə yaşayan, təhsil alan insanlarımızın təhsili, mədəniyyətimizin qorunması və təbliği, gənclərin vətənpərvərlik ruhunda yetişməsi, bu ölkədə layiq olduqları yeri tutması üçün böyük işlər görür. O cümlədən Fondun hər yerdəki nümayəndəlikləri çox fəal şəkildə fəaliyyət göstərir.

O, təkcə birinci xanım deyil, həm də prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycanın inkişafı, gələcəyi uğrunda onunla çiyin-çiyinə mübarizə aparan ən yaxın silahdaşı...O, Azərbaycanın köklü bir ailəsinin qızı, köklü bir ailənin isə gəlini olaraq Vətənə, Millətə xidmətin başlıca məqsəd olduğu bir mühitdə həyata addımlarını atdı. Babası ünlü Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə edib. Ana babası isə ünlü jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. Xanım Əliyeva Azərbaycan Aviasiyasının inkişafında böyük xidmətləri olan, ünlü alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevin və təkcə Azərbaycanda deyil, keçmiş SSRİ mə­kanında və dünyada sayğı ilə xatırlanan məşhur ərəbşünas alim Aida İmanquliyevanan tərbiyəsi ilə böyüyüb. İkinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ailəsində keçib. O, hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırdı. Mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə oldu. Ən əsası isə, o, Millətinə və Vətəninə mükəmməl bir övlad oldu!Mehriban Əliyeva qadının ailəni karyeraya, karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl örnəyidir!

O, gənc qızlar və qadınların kumirinə çevrilib. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı həddindən artıq çoxdur!Bu gün dünya ondan danışır. Azərbaycanın “FİRST LADY”sindən! O, sözün həqiqi anlamında bu gün bütün Türk və Müsəlman dünyasının lider qadınıdır. Mehriban Əliyeva dəflərlə müxtəlif təşkilatlar tərəfində “İlin qadını” adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilib! Lakin onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada qiymətləndirilir.2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları”, Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.Bundan başqa, Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban Əliyevanı bu beynəlxalq təşkilatın mükafatı ilə təltif edib.Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək” beynəlxalq mükafatına, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının isə QIZIL MEDAlına layiq görülüb.

2011-ci ildə isə Mehriban Əliyeva Fransanın “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunub.

O daha neçə-neçə mükafatlara, fəxri təltiflərə layiq görülüb, layiq görüləcək! Ancaq Mehriban xanımın ən böyük ödülü ona olan böyük xalq inamı, xalq məhəbbətidir! Və bu inam, bu məhəbbət ona ana südü kimi halaldır!

Mehriban Əliyeva öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətri insanlara sevgi ilə doludur. Onun həyat düsturu özünün bu sözləri ilə ifadə oluna bilər: “Xoş söz, xoş niyyət, xeyirxah əməl”.

Doğum gününüz mübarək, əziz Mehriban xanım!

Bilirəm, bu gün – yəni doğum günündə onun haqqında çox yazılar yazılacaq, xoş sözlər deyiləcək, təbriklər ünvanlanacaq. O xoş sözlərin hamısına layiqdir!.. Minlərlə insana öz xeyirxahlıq əlini uzadıb, yüzlərlə insanı həyata qaytarıb,yüzlərlə insana ən çətin anlarında dəstək olub, neçə-neçə qadının dövlətin və toplumun həyatında fəal rol oynamasının böyük dəstəkçisi olub və olmaqda davam edir.

Mehriban xanım hər zaman, şəxsən mənim həyatımın ən ağır anlarında sanki bir mələk kimi yetişib, əlini uzadıb və dəstək göstərib. Bir qədər özəl olsa da, bir çox insanların onun necə bir qəlb sahibi olduğunu bilməsi üçün sadəcə iki xatirəmi bölüşmək istərdim: Televiziyadan ayrılmışdım və rəsmən işsizdim. Asan günlər deyildi mənim üçün və gələcəyi düşünürdüm – necə olacaq, nə təhər olacaq.!? –Uzun illər çalışdığın bir kollektivdən ayrılmaq və belə deyək, bir qeyri-müəyyənlik içində olmaq asan iş deyil... Tam da o sırada Mehriban Əliyeva bir mələk kimi əlini uzatdı. İlk görüşümüzü xatırlayıram... o səsdə özgüvən vardı və özgüvən verirdi; o səsdə güc vardı və güc verirdi... Sonra söhbət etmək imkanım oldu və mən onun insan kimi qəlbinin böyüklüyünə, insanlıq duyğularına heyran qaldım..! Ondan öyrənəcək o qədər çox şey var ki..!

Cəmi 30 yaşım vardı və ilk dəfə seçkilərə qatılmışdım. Yadımdadır, seçkidən təxminən 20 gün öncə qəfildən atamı itirdim. Yıxılmışdım, bütün dünya mənim üçün çökmüşdü... Elə bir durumda idim ki, atamı dəfn etməyə belə vermirdim –camaat pəjmürdə idi... Seçkiləri tamamilə unutmuşdum. Nə görüşlər keçirməyə, nə debatlara... heç bir gücüm, heyim qalmamışdı sanki. Bu an telefonum zəng çaldı... – Mehriban xanımın mənə başsağlığı verməsi və həyatın anlamı ilə, olum və ölümlə bağlı qiymətli fikirlər söyləməsi...o səs, o duyğu, o duyarlılıq, o söhbət məni ayağa qaldırdı və bir həftə sonra yenidən seçki görüşlərimə başladım. Bu gün burda, bu yerdəyəmsə -ictimai-siyasi mühitdə hansısa uğurum olubsa, bir sıra mədəni-kütləvi tədbirin təşkilatçısı olmuşamsa, bununçün ona çox şey borcluyam və hər zaman da bu borcluluq hissim mənimlə olacaq.

Bu illər ərzində ondan o qədər çox şey öyrəndim ki!..Öyrəndim ki, “...Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.

Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən”...

Öyrəndiklərimin hamısını saymaqla qurtarmaz ancaq illa da yığcam şəkildə bir öyrənimimi fərqləndirəsi olsam, onun adı İNSANLIQ olardı...

Mənim Heydər Əliyev Fondunda çalışdığım ilk günlərdə, tənqidi mövqeli mətbu fəaliyyəti ilə seçilən bir jurnalistimiz bizə müraciət etdi – övladının sağlıq durumu ağırıydı və ona təcili kömək lazım idi. Bu üzüntülü xahişi Mehriban xanıma çatdırdıq. Həmən kömək etdi. Jurnalist qardaşımızın bu köməyə görə mətbuatda təşəkkür yazmaq istəyini eşidəndə isə cavabı ibrətamiz oldu: Deyin, bunu onun üçün etmədik..! Sonra belə hadisələr dəfələrlə oldu. Böyük ürəkli, geniş üfüqlü bir insan, əsl xeyirxahlıq mələyi kimi tanıdım onu... O bu gün Azərbaycan qadınınına əsl örnəkdir. Minlərlə qız, gənc qadın ondan öyrənir, ona bənzəməyə çalışır. O bu gün Azərbaycan qadınının simasıdır, Birinci xanımdır.

Azərbaycan qadınını dünyanın hər yerində ən yüksək səviyyədə təmsil edən Mehriban xanımı hər zaman qürurla izləmişəm. Dünyanın hər yerində onun haqqında xoş sözlər eşidəndə qürur hissi keçirirəm ki, bizim belə Birinci Xanımımız var! Çünki dünyada sadəcə Birinci Xanım olduğu üçün tanınanlardan deyil, daha çox öz əməlləri ilə tanınan bir lider xanımdır Mehriban Əliyeva! Bu gün o dünyanın lider xanımları arasında özəl yeri, özü və sözü olan bir xanımdır – o bunları gözəl düşüncə, gözəl fikir, gözəl əməlləri ilə qazanıb.

Bugün Mehriban xanımın doğum günü və yubileyidir! Örnək aldığım Qadının doğum günü! Təbrik edirəm, əziz və sevimli Mehriban xanım! Mən Sizə qəlbinizdə olan bütün arzularınıza çatmanızı və cənab Prezidentlə, gözəl övlad və nəvələrinizlə hər zaman sağlıqlı, bəxtiyar doğum günləri keçirməyi arzulayıram!

Bilirəm, Qarabağ Sizin qəlbinizin ən böyük yarasıdır. Sizə ən böyük arzum yaxın gələcəkdə öz doğum gününüzü Şuşada keçirməyinizdir! İnşllah, O gün uzaqda deyil!

Qənirə PAŞAYEVA ,

Azərbaycan Milli Məclisinin deputatı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR