• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Millət vəkili narahatdır: "Qanun layihəsi hazırlanmalıdır"

Millət vəkili narahatdır: "Qanun layihəsi hazırlanmalıdır"

"Mən də Azərbaycanda yas mərasimlərində israfçılığa qarşıyam, illərdir bu haqda yazır və fikrimi bildirirəm. Yaslarda israfçılığa qarşı tədbirlər ilk olaraq Naxçıvanda tətbiq edildi və yeni qayda insanların rəğbətini qazandı. İndi Naxçıvanda yaslarda ancaq çay və qənd verilir, ən doğrusu da elə budur. Çünki yaxınını itirən şəxs belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda fikirləşir". Publika.az-ın məlumatına görə, bu fikirləri Adil Əliyev facebook səhifəsində paylaşıb.

O bildirib ki, yaslarımız israfçılıq məkanına çevrilib ki, bu, dinimizə də ziddir.

“Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini dəstəkləyirəm.


Bununla paralel olaraq digər israfçılıq mənbəyinə çevrilən toylarımıza da əncam çəkməyin vaxtıdır. Təəssüf ki, yaslarımız kimi toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr bahalı menyular sifariş etsəydilər, bəlkə də, problem olmazdı. Deyərdik ki, özləri bilər, pulları çoxdur, nə istəyirlər onu da sifariş edə bilərlər. Halbuki, həddən artıq dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və tənzimləmə mexanizmi lazımdır ki, kasıb və orta təbəqə imkanlı şəxslərin girovuna çevrilməsin. İmkanlı şəxslər isə bu tənzimləmə mexanizmini əllərində rəhbər tutaraq kasıb və orta təbəqəni öz varidatları ilə qıcıqlandırmasınlar. Möhtərəm prezidentimiz İlham Əliyevin də siyasəti ona yönəlib ki, vətəndaşlar arasında ayrı-seçkilik olmasın, təvazökarlıq ön planda tutulsun.


Şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində qalır. Adətən razılaşma belə olur ki, toy sahibi mərasim bitdikdən sonra məslicdə yığılan pulu şadlıq sarayının rəhbərliyinə çatdırmalıdır. Bəzən elə hallar olur ki, ev sahibi toyda gərəkən miqdarda pul toplaya bilmir. Şadlıq sarayının rəhbərliyinin isə tələb etdiyi pulun tamamını toplamayınca bəylə gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik. Toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 80 faizindən istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi bilinmir. Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur, qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki, toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş “yaxşı deyil” deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir.



Statusumu möhtərəm Prezident İlham Əliyevin çıxışlarının birində dediyi fikirlə yekunlaşdırmaq istəyirəm: “İnsanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR