FHN daha bir təmizləmə layihəsini yekunlaşdırdı – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

FHN daha bir təmizləmə layihəsini yekunlaşdırdı – FOTOLAR

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) “Keçmiş Neftçala Yod-Brom Zavodunun Təbii Radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazisinin reablistasiya” layihəsinin yekun hesabat konfransı keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib ki, 2006-cı il sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” ekoloji problemlərin həllində nazirliyin fəaliyyət proqramı olub: “Sovet İttifaqından qalan çirklənmiş və insan həyatı üçün təhlükə mənbəyi olan yod zavodlarının ərazilərinin ekoloji reabilitasiyası bu proqram çərçivəsində həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinin səyləri ilə keçmiş Bakı Yod Zavodunun Ramana və Suraxanı istehsalat sahələrinin ekoloji reabilitasiyası prosesi uğurla başa çatıb və rekultivasiya olunmuş ərazilərdə park və yaşıl meydançalar salınıb”. Nazir müavini deyib ki, Bakı Yod Zavodunda aparılmış bərpa işlərində əldə olunan təcrübəyə əsaslanaraq, Fövqəladə Hallar Nazirliyi keçmiş Neftçala Yod-Brom Zavodunun istehsalat sahəsinin reabilitasiya layihəsinin həyata keçirilməsinə dair qərar qəbul edib.

Onun sözlərinə görə, “ECOLAND” MMC-nin həyata keçirdiyi növbəti layihənin məqsədi keçmiş Neftçala Yod-Brom Zavodunun ərazisində 18,9 hektarlıq sahənin təsərrüfatda məhdudiyyətsiz istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün tam reabilitasiyasından ibarət olub: “Bərpa işləri Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında həyata keçirilib. Keçmiş Neftçala Yod-Brom Zavodu ərazisinin reabilitasiyası işlərinə 2013-cü il sentyabrın 16-dan başlanılıb və bu il avqustun 10-dək davam edib. Bu müddət ərzində zavodun ərazisindən zərərli tullantılarla birlikdə 262,9 min ton çirklənmiş və deqradasiyaya uğramış torpaq Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən zərərli tullantıların basdırılması və saxlanması məntəqəsinə daşınıb”. Bildirilib ki, aparılmış işlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin tövsiyələrinə tam uyğun şəkildə həyata keçirilib. Təmizlənmiş sahənin təmiz torpaqla təkrar doldurulması və hamarlanması üçün layihə ərazisinə 131,8 min ton təmiz torpaq daşınıb. Bundan əlavə, zavodun təmizlənmiş sahəsinə layihə ərazisinin cənubunda yerləşən süni göldən çirkləndirici maddələrin qarışmasının qarşısını almaq məqsədi ilə sahilboyu zolağın uzunu boyu (590 m) tökmə damba tikilib. Ümumiyyətlə, dambanın tikilməsi və ərazidə olan gölməçələrin qurudulması üçün layihə ərazisinə 286,2 min ton karbonat və blok daşınıb. Rekultivasiya dövründə nəzərdə tutulan bütün müvafiq ölçmələr radioloji nəzarəti həyata keçirmək üçün dünya praktikasında istifadə edilən ən müasir cihazlarla həyata keçirilib. Bununla yanaşı, bərpa işlərində iştirak edən işçilər üçün radiasiya təhlükəsizliyi üzrə mütəmadi treninqlər keçirilib, ərazidə onlar üçün bütün zəruri şərait yaradılıb. Burada hər bir işçi üçün fərdi mühafizə vasitələrindən istifadə olunub. Görülmüş işlərin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin tələblərinə müvafiq olmasını müəyyən etmək üçün Agentliyin Braziliya, Kuba, Fransa, ABŞ və Rusiyadan olan ekspertləri Horst Richard Sebastian Monken Fernandes, Roman Padilla Alvarez, Didier Dubot, Eugene Alexander Jablonowski və Andrey Çupov Bakıya dəvət olunub. Onlar tərəfindən 2014-cü il sentyabrın 2-3-də istehsalat sahələrində aparılan monitorinqlərin nəticələrinə dair yekun hesabat hazırlanıb. Hazırda tədbir davam edir. Qeyd edək ki, tədbirdə Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və digər qurumların məsul şəxsləri iştirak edir.

Vasif Həsənli

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm