• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

TQDK V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib

TQDK V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VI siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilib.

TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hər bir vəsait 2 hissədən ibarətdir: I hissədə V-VI siniflərin kurikulum proqramı və dərsliyinə əsaslanan qiymətləndirmə vasitələri, II hissədə isə həmin sinif üçün qapalı (çoxseçimli) və açıqtipli test tapşırıqları toplusu dərc edilib.


Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və ancaq test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.


Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır.


Vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intellektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqayisələr aparmağa həvəslənəcəklər. Müəllimlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şagirdin biliyini aşkara çıxarmağa, təkcə ayrıayrı mövzuların deyil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirə biləcəklər. Bununla da hər bir şagirdin hazırlığının yoxlanılmasına fərdi yanaşma imkanları xeyli genişlənəcəkdir.


Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq.

Vəsaitlər Azərbaycan dili – VI sinif,Azərbaycan tarixi – VI sinif , Biologiya – VI sinif , İngilis dili – VI sinif, Riyaziyyat – VI sinif , Azərbaycan dili – V sinifi əhatə edir.

Digər siniflər üzrə vəsaitlər yaxın günlərdə çap olunacaq. Vəsaitləri TQDK-nın binası yanındakı “Abituriyent” köşkündən almaq və ya internetlə sifariş vermək olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR