• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sahibkarlar rüşvət yığan məmurdan şikayət etdi – Prezidentə

Sahibkarlar rüşvət yığan məmurdan şikayət etdi – Prezidentə

“Bakıeletrikşəbəkə” əməkdaşları bizim işlətdiyimiz müəssisələrə 1.500-2.000 manatlıq əlavə sərfiyyat yazırlar”.

Bu sözləri Qaradağ rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir neçə sahibkar Axar.az-a göndərdiyi şikayət məktubunda bildirib. Onlar “Bakıelektrikşəbəkə” ASC-nin Ruslan və Canəhməd adlı işçilərindən boğaza yığılaraq Prezidentə şikayət ediblər.

Sahibkarların iddiasına görə, bu əməkdaşlar onlardan qanunsuz olaraq külli miqdarda pul tələb edirlər:

“Biz və bizim kimi onlarla sahibkar Qaradağ rayonu ərazisində daş karxanasında mişar daşının istehsalı ilə məşğuluq. İşlədiyimiz müddətdə fəaliyyətimiz tam qanuni olub və heç bir qayda pozuntusuna yol verməmişik. İstehsalatla məşğul olmaq üçün təbii ki, elektrik enerjisindən istifadə edirik. Bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müraciət edərək, müəssisələrimizi sayğacla təmin etmişik. Belə ki, işlədiyimiz müddətdə elektrik sayğaclarına uyğun olaraq sərf edilən enerjinin haqqı vaxtı-vaxtında ödənilir. Lakin artıq bir müddətdir ki, bizim fəaliyyətimiz iflic olub. Belə bir vəziyyətin yaranmasına səbəb “Bakıelektrikşəbəkə”nin bir neçə dələduz əməkdaşının - Ruslan və Canəhməd adlı şəxsin - qanunsuz hərəkətləridir. İradımız həmin şəxslərin işlədilən elekrtik enerjisinə görə əlavə və şişirdilmiş sərfiyyat yazmasıdır. Belə ki, hər ay sayğaca baxış keçirilir və sayğacın ilk və son göstəricisi arasındakı fərq elektrik enerjisindən sərfiyyat kimi yazılır. Buna görə heç bir iradımız yoxdur. Nə işlədiriksə, onun da ödənişini etməyə hazırıq. Lakin Ruslan hər dəfə hesab-faktura gətirəndə əlavə olaraq bizim işlətdiyimiz müəssisələrə 1500-2000 manatlıq əlavə sərfiyyat yazır. Biz isə bununla razılaşmırıq və səbəbini soruşduqda, “Bu mənlik deyil, mənə rəhbərlik belə göstəriş verib, gedib kimə istəyirsiniz şikayət edin”, - sözünü eşidirk. Bu adamlar dövlətin qanunlarına məhəl qoymur”.

Sözügedən şəxslərin bu özbaşınalığa son qoymaq istəmədiyini deyən sahibkarlar qanunsuzluğun hələ də davam etdiyini bildirir. Onların sözlərinə görə, ərazidə 240-a yaxın daş karxanası fəaliyyət göstərir, amma bəzi müəssisələrin sayğacı olmadığı halda, idarə işçiləri buna qarşı heç bir tədbir görmürlər:

“Ərazidə, ümumiyyətlə, elektrik sayğacı olmayan istifadəçilər var ki, həmin əlavə sərfiyyat onlara münasibətdə tətbiq edilməlidir. Lakin nədənsə məhz bu qanun pozuntuları bizlərə qarşı edilir. Bunu isə onlar belə izah edirlər ki, həmin adamlar başqa cür ödəniş edərək öz sərfiyyatlarını ödəyirlər”.

Sahibkarlar Prezidentə müraciət edərək, problemin həll olunması üçün kömək istəyiblər:

“Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq, sizdən İdarənin əməkdaşları Ruslan və Canəhməd barəsində xüsusi tədbirlər görməyi və müəssisəmizə yazılan əlavə sərfiyyatların ləğv edilməsi barədə göstəriş verməyinizi xahiş edirik”.

Məktubu “ENSO” MMC rəhbəri Eyniyev Natiq Sarıbala oğlu, “NFT” MMC rəhbəri Abbasov Kamal Babalı oğlu, “Karvansaray” MMC sədri Quliyev İlqar Nadir oğlu, “Minkənd” MMC-nin rəhbəri Qazakov Şirvan İsmayıl oğlu imzalayıb.

Hadisə ilə bağlı “BakıElektrikşəbəkə”ASC İdarə heyətinin sədri Baba Rzayevin köməkçisi Ağamir Əliyev bildirdi ki, idarəyə belə bir şikayət daxil olmayıb:

“Bu problemlə bağlı hər hansı bilgimiz yoxdur. Bu barədə sizdən xəbər tuturuq. Baş verən hadisə tərəfimizdən araşdırılacaq. Nəticə barədə mətbuata məlumat veriləcək”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR