• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Prezident: Azərbaycanda düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi

Prezident: Azərbaycanda düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi

Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak etmişdir.

Mərkəzdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasından bəhs edən sərgi açılmışdır.

Sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçmişdir. Həmin dövrdə muxtar respublikada ümumi daxili məhsulun həcmi 13,9 dəfə, adambaşına ümumi daxili məhsul 12 dəfə, sənaye məhsulları istehsalı 49 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 4,7 dəfə, əsas kapitala investisiya qoyuluşu 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə artmışdır. Naxçıvan Muxtar Respublikasında təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə hərtərəfli yenidənqurma işləri aparılmışdır.

Sərgidə Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, o cümlədən Fondun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə məlumatlar da geniş əksini tapmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev konfransı giriş nitqi ilə açdı: "Bu gün biz Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasını müzakirə edəcəyik. Bildiyiniz kimi, ikinci Dövlət Proqramı bir ay bundan əvvəl başa çatdı. Beləliklə, bu proqramların müzakirəsinə ehtiyac vardır. Əslində, biz hər il bu proqramların icrasını müzakirə edirik. Hər il təhlil edirik və görüləcək işlər haqqında göstərişlər verilir".

Dövlət başçısı qeyd edib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır: "Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə, Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur".

Prezident bildirib ki, Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir:

"Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İqtisadiyyat 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmamışdır. Bunun başlıca səbəbi aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik, ictimai asayişdir. Əlbəttə ki, sabitlik və düşünülmüş siyasət iqtisadi sahədə inkişafa da gözəl şərait yaratmışdır. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Bu iki istiqamət arasında uzlaşma vardır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər".

İlham Əliyev deyib ki, iki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır: "Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artmışdır. Əlbəttə, 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyəti nəticəsində ölkəyə böyük valyuta axını başlamışdır. O illərdə iqtisadi artım daha çox neft amilinə bağlı idi. Ancaq biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə edə bilmişik. Bu sahədə də Azərbaycan təcrübəsi nümunə ola bilər. Şəffaflıq təmin edildi, neft gəlirləri artırıldı, eyni zamanda, əldə edilmiş gəlirlər iqtisadiyyatın real sektoruna, infrastruktur layihələrinə istiqamətləndirildi. Yəni, hesab edirəm ki, biz burada da çox düzgün balans saxlaya bilmişik. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Ancaq, eyni zamanda, ölkə iqtisadiyyatına böyük investisiya qoyulmuşdur. Bu investisiya hesabına sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası mümkün olmuşdur. İndi Azərbaycanı bunlarsız təsəvvür etmək mümkün deyildir".

Dövlət başçısı vurğulayıb ki, ümumiyyətlə, 2004-cü ildə əgər birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir:

"Əlbəttə, əldə edilmiş bütün bu nailiyyətlər statistik göstəricilərdə də əks olunur. Qeyd etdiyim kimi, iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artmışdır. Ölkədə bir milyon 200 min iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq. Qoyulan investisiyalar ya xaricdən cəlb edilən investisiyalardır, ya da ki, dövlət büdcəsindən ayrılan, o cümlədən Dövlət Neft Fondunun hesabına qoyulan vəsaitdir. Yəni, biz beynəlxalq maliyyə bazarlarından maliyyə resursları cəlb etməmişik. Yəni, onları çox aşağı səviyyədə cəlb etmişik ki, ölkə borclanmasın. Bu gün inkişaf etmiş ölkələrdə bu göstərici 100 faizdən də çoxdur. Ancaq Azərbaycanda 8 faizdir. Misal üçün, xarici dövlət borcunun 50 faizi ümumi daxili məhsula nisbətdə məqbul hesab edilir. Biz hazırda 30 milyard dollar kredit resurslarını alsaq, yenə də bu göstərici ən yüksək səviyyədə olacaqdır. Yəni, bu, Azərbaycanın iqtisadi potensialını əyani şəkildə göstərən amildir. Gələcək illərdə xarici borcun aşağı səviyyədə saxlanması hesab edirəm ki, düzgün siyasət olacaqdır".

Azərbaycan Prezidenti bildirib ki, son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır: "Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər çoxdur".

Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan vermişdir. Bu müsbət meyllər güclənir. Gələcəkdə həm dövlət, həm özəl, həm xarici və daxili sərmayələrin qoyuluşu gözlənilir:

"Azərbaycan, baxmayaraq ki, əsas neft kontraktları artıq imzalandı və icra edilir, yenə də xarici iş adamları üçün cəlbedici ölkə kimi çox maraqlıdır. Bu gün daha çox qeyri-neft sektorunun inkişafına vəsait qoyulur. Əlbəttə ki, biz bunu alqışlayırıq. Ölkəmizdə yaradılan investisiya iqlimi çox müsbətdir. Adambaşına düşən birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında ön sıralardadır. Biz son on il ərzində, eyni zamanda, sahibkarlığın inkişafına çox böyük diqqət göstərmişik. Xüsusilə sahibkarların ölkə iqtisadiyyatına sərmayə qoyuluşunu təmin etmək üçün dövlət tərəfindən konkret proqramlar icra olunmuşdur, maliyyə resursları cəlb edilmişdir. Sahibkarlığa Kömək Milli Fondu hesabına bir milyard 200 milyon manat investisiya qoyulmuşdur. Sahibkarlara güzəştli şərtlərlə kreditlər verilmişdir".

İlham Əliyev deyib ki, sahibkarlığın inkişafı üçün xüsusi tövsiyə planları da tərtib edilmişdir. Ölkə iqtisadiyyatında ən çox lazım olan sahələri inkişaf etdirmək üçün artıq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər ayrılır: "Beləliklə, biz son illər ərzində əsas ərzaq məhsullarımızla özümüzü daha da böyük səviyyədə təmin edirik. Mən bir neçə il bundan əvvəl qarşıya vəzifə qoymuşdum ki, biz özümüzü 100 faiz təmin edək. Hələ ki, buna çatmamışıq. Bu barədə danışacağıq. Ancaq sahibkarların fəaliyyəti hesabına və düşünülmüş dövlət siyasəti sayəsində bu istiqamətdə də çox ciddi addımlar atılmışdır. Mən sahibkarlarla mütəmadi qaydada görüşürəm. Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etmişəm. Sahibkarlara öz dəstəyimi həmişə göstərmişəm, göstərəcəyəm. Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan vermişdir və verir".

Prezident vurğulayıb ki, son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi: "Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır. Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası tikilmişdir. Onların ümumi generasiya gücü 2300 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300 meqavatdır. Onların 2300-ü son on il ərzində yaradılmışdır. Əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycanda sənayenin inkişafı əlbəttə ki, infrastruktur layihələri ilə təmin edilməlidir. Ona görə biz, ilk növbədə, elektrik stansiyalarının yaradılması ilə məşğul olduq. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyimizi artıqlaması ilə tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində ixrac potensialımız vardır".

Dövlət başçısı qeyd edib ki, ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Əhali artır, iqtisadiyyat inkişaf edir. Bizim gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir industrial ölkəyə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaranacaqdır. Ona görə enerji potensialımız tələbatımızı daim qabaqlamalıdır: "Ona görə gələcəkdə elektrik stansiyalarının tikintisi nəzərdə tutulmalıdır, o cümlədən biz bərpa olunan enerji növlərinə də əlbəttə ki, diqqət yetirəcəyik. Son illərdə bu istiqamətdə də ciddi addımlar atılmışdır".

İlham Əliyev deyib ki, son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldü. Bu, həm sosial, eyni zamanda, iqtisadi məsələdir. Çünki qaz olmayan yerlərdə insanlar daha çox elektrik enerjisindən istifadə edirlər. Bu, həm onlar üçün iqtisadi cəhətdən çox səmərəsizdir, eyni zamanda, elektrik enerjisinə tələbat artır: "Belə olan halda əlbəttə ki, qazlaşdırma layihələrinə üstünlük verildi. Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma təmin edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda vardır. Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır".

Prezident bildirib ki, ölkəmizin hərtərəfli inkişafı üçün yol infrastrukturu da böyük rol oynayır. Yolların tikintisi məsələləri daim diqqət mərkəzində olmuşdur. İlk növbədə, magistral yollardan, ondan sonra şəhərlərarası, daha sonra kəndlərarası, kənddaxili yollardan başladıq. Bu gün bu proses geniş vüsət almışdır. Hər bir rayonda yol layihələri icra edilir: "Burada əyləşən bütün rayonların icra başçıları bu işlərə fəal şəkildə cəlb edilmişlər. Mən hər bir rayonda olarkən onlardan daha yeni təkliflər alıram. Həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan kənd yollarının tikintisinə böyük vəsait ayrılır, ayrılacaqdır. Növbəti beş il ərzində bizim bütün kəndlərimizdə asfalt yollar, yaxşı yollar olmalıdır və olacaqdır".

Azərbaycan Prezidenti vurğulayıb ki, sosial infrastrukturun yaradılması ilə bağlı son on il ərzində böyük işlər görülmüşdür: "Su layihələri icra edilir. Mən su layihələrini sosial infrastruktur layihələrinə aid edirəm. Çünki bu, ilk növbədə sosialyönümlü tədbirlərdir. Bu gün ölkəmizin hər bir şəhərində içməli su, kanalizasiya layihələri icra edilir. Bir neçə şəhərdə artıq bu layihələr başa çatıb. Mən açılışlarda iştirak etmişəm. Artıq insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir. Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaqdır. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi aradan götürüləcəkdir.

Digər sosial infrastruktur layihələri icra edilmişdir, 2700 məktəb tikilmişdir. 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır, 8-i hələ tikilir və yenə də tikiləcəkdir. Bizim mədəniyyət ocaqları bərpa edilib. Yəni, regional Dövlət proqramlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün sahələr orada əhatə edilir. 2009-cu ildə qəbul olunmuş proqram mətbuatda da dərc edilib. Hər bir vətəndaş oxuya bilər, onun rayonunda, kəndində hansı işlər görüləcəkdir. Bu iki proqramın formalaşmasında Azərbaycan vətəndaşları fəal iştirak etmişlər. Çünki bu proqramlar yerlərdən gələn təkliflər hesabına yarandı. Yerlərdə yaşayan insanlar daha yaxşı bilirlər ki, orada hansı işlər görülməlidir, ilk növbədə hansı problemlər öz həllini tapmalıdır. Beləliklə, yerlərdən gələn təkliflər və arzular ümumiləşdirilib, proqram halına salınıb, maliyyə resursları təşkil edilib. Hər il dövlət büdcəsi qəbul edilərkən proqramın icrası, investisiya qoyuluşu nəzərdə tutulur. Beləliklə, bu proqramlar konkret xarakter daşıyır".

Dövlət başçısı qeyd edib ki, ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir: "Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə ona da əməl edirik. İki proqramın icrası bunu bir daha təsdiq edir. Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda abadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir. Əlbəttə, təbiidir ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin öz xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın".

Prezident qeyd edib ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır: "Biz bu təhlükəsizliyi, ictimai asayişi, iqtisadi inkişafı təmin edirik. Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Bizim hər bir məsələ ilə bağlı öz fikirlərimiz, mövqeyimiz vardır. Beynəlxalq müstəvidə müstəqil siyasət aparmaq üçün ilk növbədə, daxildə bütün işlər lazımi səviyyədə təşkil edilməlidir. Əlbəttə ki, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə gücləndirmişdir.

Azərbaycanda ərzaq təhlükəsizliyi məsələləri həll edilir. Nəqliyyat təhlükəsizliyi həll olunur. Bu gün biz dünya üçün, nəinki qitə üçün, dünya üçün nəqliyyat mərkəzinə çevrilirik. Əlbəttə ki, infrastruktur layihələri bizim coğrafi vəziyyətimizi daha da yaxşılaşdırır. Çünki infrastruktur, logistika, nəqliyyat infrastrukturu olmadan heç bir coğrafi vəziyyət heç bir məna daşımır. Necə ki, təbii resurslar. Dənizin altında, dərinlikdə yerləşən təbii resurslar çıxarılmasa, heç bir dəyəri yoxdur. Ancaq o dəyər təbii resurslar çıxarılanda yaranır. Ona görə, enerji, nəqliyyat, ərzaq təhlükəsizliyi bizim əsas diqqət yetirdiyimiz sahələrdir və hər istiqamət üzrə gözəl nəticələr vardır".

İlham Əliyev bildirib ki, bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. "Əsrin kontraktı", yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır: "Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik. Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi əlbəttə ki, bizi daha da gücləndirir.

Bu gün biz görülən işlərlə bağlı məruzələri dinləyəcəyik. Burada daha da konkret fikirlər, faktlar səslənəcəkdir. Üçüncü Dövlət Proqramının qəbul edilməsi ilə bağlı işlər artıq görülür. Artıq bir neçə aydır ki, üçüncü Dövlət Proqramı hazırlanır və qəbul ediləcəkdir. Beləliklə, növbəti beş il üçün bir fəaliyyət planı tərtib ediləcəkdir".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR