DQİDK ilə BMT arasında Fəaliyyət Planına dair razılıq əldə olundu
Bizi izləyin

Qırmızı.az

DQİDK ilə BMT arasında Fəaliyyət Planına dair razılıq əldə olundu

Nasser Abdüləziz Al-Nassir Azərbaycan ilə əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İstanbulda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasser Abdüləziz Al-Nassir ilə görüşüb.

Görüşdə DQİDK ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında 2013-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumuna əlavə olaraq Fəaliyyət Planına dair razılıq əldə edilib və paraflanıb. Fəaliyyət Planı Dövlət Komitəsi ilə Sivilizasiyalar Alyansı arasında mədəniyyətlərarası və dinlərarası dialoq, sülh təhsili və vətəndaş cəmiyyətinin gücləndirilməsi sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Fəaliyyət Planı müvafiq prosedurlar tamamlandıqdan sonra imzalanacaq və qüvvəyə minəcək.

E.İskəndərov mətbuata açıqlamasında Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığa önəm verdiyini və indiyədək Sivilizasiyalar Alyansı çərçivəsində həyata keçirilən bir çox tədbirlərə ev sahibliyi etdiyini söyləyib. Komitə sədri bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə 2007-ci ildə Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq konfransının keçirilməsini və bu təşəbbüsün beynəlxalq gənclər hərəkatına çevrilməsini qeyd edib.

XXI əsrdə dünyadakı mövcud qlobal problemlər zəminində fərqli mədəniyyətlər və dinlər arasında dialoqun inkişaf etdirilməsinin və qarşılıqlı anlaşma prinsiplərinə beynəlxalq ictimaiyyətin bütün üzvləri tərəfindən hörmət göstərilməsinin vacibliyini diqqətə çatdıran E.İskəndərov bu baxımdan Azərbaycanın tolerantlıq irsinə sadiq qalaraq dünyada sülhün bərqərar olunması istiqamətində fəaliyyətini davam etdirməkdə qərarlı olduğunu vurğulayıb.

DQİDK-nın sədri Azərbaycanda fərqli dinlərin və məzhəblərin nümayəndələrinin hər zaman dostluq və qardaşlıq şəraitində yaşadıqlarını söyləyib.

Nasser Abdüləziz Al-Nassir Azərbaycan ilə əməkdaşlıq etməkdən məmnun olduğunu və bu əməkdaşlığın Fəaliyyət Planında razılaşdırılan konkret layihələrlə daha da genişləndirilməsi üçün işlərin davam etdiriləcəyini bildirib.

Fəaliyyət Planı üzrə Azərbaycan ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında birgə həyata keçiriləcək layihələr sülh, gənclərin inkişafı, dialoq, tolerantlıq və din adamlarının intellektual əməkdaşlıq fəaliyyətlərinin təmin edilməsi ilə yanaşı, İslam və türk dünyası mədəniyyətinin dünyada tanıdılmasını da nəzərdə tutur. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm