• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Rusiyada 400 dollar, Almaniyada 270 avro, Britaniyada 150 funt sterlinq, Azərbaycanda 30 manat

Rusiyada 400 dollar, Almaniyada 270 avro, Britaniyada 150 funt sterlinq, Azərbaycanda 30 manat

Avqustun 28-də Masallı rayonu Şatıroba kənd sakini Əliniyaz Nəzərov dünyaya gələn əkiz körpələrindən imtina etdi. Uşaqlar 1 saylı körpələr evinə yerləşdirildi. Ailə buna səbəb kimi uşaqları saxlamaq imkanlarının olmadığını göstərdi.

Ailənin əvvəl Qasım, Elxan, Elnazə adlı övladları olub, daha iki uşağın olması onların maddi ehtiyaclarını bir az da artırıb. Onlar əvvəl əkizlərdən imtina edib uşaq evinə yerləşdirdilər. İcra Hakimiyyəti ailəyə inək verəndən və uşaqlar üçün sosial müavinət ayırandan sonra uşaqları geri götürdülər.

Məsələnin səs-küyə səbəb olması və icra hakimiyyətinin səxavətli davranışı bu ailəni sıxıntıdan xilas etdi. Lakin 5-6 uşaqlı, maddi sıxıntılarla yaşayan ailələr az deyil.

Hazırkı durumda ailəyə verilən inək və hər uşağa verilən 45 manat onların ehtiyaclarını qarşılayır. Lakin üç uşağın məktəbyaşlı olması, ehtiyaclarının günbəgün artmasını nəzərə alsaq, aylıq 45 manat yetərli görünmür.

Publika.az-ın “Qırmızı xətt” layihəsində çoxuşaqlı ailələr və onların problemləri daha ətraflı araşdıracağıq.

Qadınlar neçə uşaq istəyir?

Sovetlər dövründə Azərbaycan çoxuşaqlı anaların sayına görə SSRİ-də ilk sıralarda yer alırdı. Bəzən ailələrdə uşaqların sayı 10-12-yə çatırdı. 1944-cü ildən etibarən 10 və ya daha çox uşağı olan qadınlara “qəhrəman ana” statusu verilirdi. Bu analar çoxsaylı imtiyazlara malik idi, hətta onlar medalla da təltif olunurdular.

Rəsmi statistikaya görə, sovetlər zamanı Azərbaycanda 431 min qadın bu ada layiq görülüb.

İndi isə ən yaxşı halda ailələrdə 3 uşaq doğulur.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin 2011-ci ildə ölkə 9 iqtisadi rayonunda keçirdiyi araşdırma zamanı da qadınların daha kiçik ailələrə meyil etdiyi təsdiqlənir. Belə ki, 15-49 yaş arası 9381 nəfər qadınla keçirilmiş sorğunun nəticələrinə görə, onların yarıdan çoxu - 56.8%-i iki uşağı ideal say kimi göstərib, 17.9%-i isə 3 uşağın olmasını istəyib. Sorğuda iştirak edən qadınların altısından biri (16%) dörd və ya daha çox uşağa üstünlük verib. Bütün qadınlar üçün uşaqların ideal orta sayı 2.5 və hazırda evli qadınlar üçün 2.6-dır. Uşağı olmayan qadınlar üçün bu göstərici 2.2-dən dörd və daha çox uşağı olan qadınlar üçün 3.3-dək artır.

Düzdür, sorğu bütün ölkə ərazisini əhatə etməsə də, 9 iqtisadi rayonun qadınlarının rəyləri ümumi bir fikir deməyə əsas verir.

Dövlət Statistika Komitəsinin rəqəmləri də çoxuşaqlılığın nisbətən azaldığını göstərir. Belə ki, 2002-ci ildə dörduşaqlı ailələrin sayı 4210 idisə, 2012-ci ildə bu rəqəm 3625 olub, anoloji olaraq beşinci uşaqlara görə bu say 2015-dən 752-yə enib. Bu rəqəmlərin əsas hissəsi kənd yerlərinin payına düşür.

2013-ci ilin sonuna ölkəmizdəki əhalinin sayı 9,4 mln. təşkil edib. 1991-ci ildə isə bu rəqəm 2,2 mln. nəfər az olub. Lakin statistik rəqəmlərdə göstərilir ki, 1991-ci ildə hər min nəfərə doğulan uşaqların sayı 26,6 təşkil edirdisə, 2013-ci ildə bu rəqəm azalaraq 18,6 olub. Bu da ailələrdə çoxuşaqlılığa meylin azaldığını göstərir.

Qazancımız və xərclər

2014-cü il üçün yaşayış minimumu haqqında Milli Məclisi qərarına əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar və uşaqlar üçün 103 manat məbləğində müəyyən edilib.

Bu hesablamalara alternativ hazırlanmış hesabatda uşaqlar üçün yaşayış minimumu 205 manat müəyyən edilib.

Uşaqların sayı az olan ailələrdə bu ehtiyacı qarşılamaq hər iki valideynin üzərinə düşürsə, çoxuşaqlılarda bunu bir tərəf qarşılamalıdır.

Çünki 3 və daha çox uşağa baxmaq üçün valideynlərdən biri işindən ayrılmalı, onların baxımı ilə məşğul olmalıdır. Uşaqları xüsusi dayəyə etibar etmək çox zaman mümkün olmur. Bağça yaşlı hər 5 uşağa bir yerin düşdüyünü nəzərə alsaq, ailənin bağçaya müraciət etmə ehtimalı da azalır. Nəticədə, valideynlərdən biri 5-7 nəfərlik ailənin ehtiyacını qarşılamalı olur. Minimum istehlak səbəti və ölkədə orta əmək haqqının 440.8 manat olmasını nəzərə alsaq, ailə başçısının vəziyyəti heç də ürəkaçan deyil.

Məhz buna görədir ki, ildən-ilə ölkədə çoxuşaqlı ailələrin sayı azalır.1999-cu ilin əhalinin siyahıya alınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub.

2009-cu ildə əhalinin siyahıyaalınması zamanı göstəricilərə əsasən, 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı ailələr 529 000 (40,3%), 3 uşaqlı ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%).
Rəqəmlərdən də bəlli olur ki, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 4 və daha çox uşaqlı ailələrin sayı isə azalıb.

Hər uşağa 270 avro

Bu azalmanın əsas səbəbi məhz ailələrin uşaqları saxlamaq üçün lazımi gəlirlərinin olmamasıdır. Uşaqların sayının azalması gələcəkdə ciddi demoqrafik problemlər yarada bilər.

Bir çox ölkələr artıq bunun həllini tapıb, onlar stimullaşdırıcı tədbirlərə başlayır. Çoxuşaqlılığın stimullaşdırılması üçün Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir.

Rusiya qanunvericiliyinə görə, çoxuşaqlı ailələrə kommunal xidmət haqlarında 30%-ə qədər güzəşt, ictimai nəqliyyatda pulsuz getmək, 6 yaşa kimi müəyyən dərmanları ödənişsiz almaq, bu ailələrin uşaqlarına məktəblərdə gündə iki dəfə pulsuz yemək, yaşayış yeri üçün sahə, sanatoriya göndərişi və sairə nəzərədə tutulur. Bundan əlavə, çoxuşaqlı ailə sahiblərinin işlə təminatına da köməklik göstərilməlidir.

Beynəlxalq qurumlar Rusiyada əhalinin 2050-ci ildə 90 milyona düşəcəyini proqnozlaşdırsalar da stimullaşdırıcı tədbirlər sayəsində 2008-də əhalisi 142 008 838 olan Rusiyanın sakinləri indi 143 milyondan artıqdır.

Norveçdə də uşağa ayrılan maddi vəsait 18 yaşına kimi mütəmadi olaraq verilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollardır. Uşaq artıqca mavinətin məbləği də 2 dəfə artır. Avropada bu məbləğ daha yüksəkdir. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Britaniya vətəndaşı olan uşaqlara ayda təxminən 150 funt sterlinq pul ayırır. Birdəfəlik müavinət isə 500 funt sterlinqdən artıqdır. Ərəb ölkələrində bu rəqəmlər fantastikdir. Azərbaycanda isə 5 uşaqlı ailələrə hər uşağa görə 30 manat müavinət verilir.

Stimullaşdırıcı tədbirlər

Sosioloq Rafiq Təmrazov hesab edir ki, çoxuşaqlı ailələrdə yoxsulluq ehtimalının qarşısını almaq üçün onlara müəyyən güzəştlərin edilməsi vacibdir.

“Bütün dünya ölkələrində uşaqların sayının artması yoxsulluğun müəyyən edilməsinin bir vasitəsidir. Ona görə də, ölkələr bu ailələrə daim diqqət ayırırlar. Bəzi ölkələrin sosial siyasətində çoxuşaqlı ailələrlə bağlı xüsusi imtiyazlar nəzərdə tutulur. Həmin ailələr üçün müəyyən güzəştlər, xidmət paketləri müəyyən edilib. Bəzi ölkələrdə isə bu cür xidmətlərdən əlavə, uşaq doğumunun sayını artırmaq üçün başqa stimullaşdırıcı tədbirlər görülür. Rusiya, Ukrayna kimi ölkələrdə hər uşağa görə, əlavə ödənişlər verilir. Rusiyada ikinci uşağa 10 min rubl birdəfəlik yardım edilir. Bu vəsaitin uşaq üçün xərclənməsinə nəzarət edilir. Bu yardım həm də kasıbçılıq səviyyəsinin aradan qaldırılmasına xidmət edir”.

Sosioloq onu da bildirib ki, Azərbaycanda tarixən çox uşağa maraq olub, lakin keçid dövründə ailələrdə uşaq sayı azalıb:

“İndi az da olsa, ailələrdə 3-4 uşağa rast gəlmək olur. Lakin hazırda ölkədə daimi iş yerlərinin, əmək haqqının az olması çox uşağa olan marağı azaldıb.

Həm genefondumuz qorunması məqsədilə ailələlərin stimullaşdırılması, həm də həmin ailələrin uşaqlarının təhsil, səhiyyə xidmətlərini normal təmin etmələri üçün çoxuşaqlılıqla bağlı yeni qanuna ehtiyac var. Dövlətin sosial siyasətində çoxuşaqlı ailələrlə bağlı işlər görülməlidir”.

Sosioloq hesab edir ki, bu ailələrə pul mükafatı, birdəfəlik yardım, sosial paketlər müəyyən edilə bilər. Ailədəki uşaqların təhsil və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı addımlar atıla, ödənişli əsaslarla təhsil alanlara güzəştlər edilə bilər.

Güzəştlər ünvanlı olmalıdır

Çoxuşaqlı ailələrə təhsil, səhiyyə və digər sahələrdə güzəştlərin edilməsinə münasibət bildirən millət vəkili Musa Quliyev yardımların ünvanlı olmasının tərəfdarıdır:

“Çox uşağı olan ailələrin dövlətin yardımına ehtiyacı olmaya da bilər. Elə ailə də ola bilər ki, orada iki uşaq olsun, lakin köməyə ehtiyac duyulsun və həmin ailəyə də yardım edilməlidir. Bu mənada, bütün çoxuşaqlı ailələrə maliyyə dəstəyi göstərilməsi mütləq deyil. Ailənin gəlirləri kifayət qədərdirsə, dövlətin əlavə xərc çəkməsinə ehtiyac yoxdur”.

Millət vəkili hesab edir ki, istər ailələrə ayrılan əlavə müavinət, istərsə də əlavə güzəştlərin edilməsi ailələrdə uşaqların sayının artması üçün bir stimuldur. Onun sözlərinə görə, hazırda belə bir stimula ehtiyac var.

45 min ailənin ümidi

Çoxuşaqlı ailələrin problemlərinin həlli üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə layihə hazırlanır. Layihədə beş uşaqlı ailə “çoxuşaqlı ailə” kimi göstərilirdi. O cümlədən, üçəm uşaqlı ailələr də həmən statusa daxil edilib. Layihədə “Qəhraman ana” statusu on uşağı olan qadınlar üçün nəzərdə tutulub. Bu layihədə çoxuşaqlı ailələrdə uşaqların təhsilinin, ev şəraitinin yaxşılaşdırılması kimi məsələlər öz əksini tapıb. Çoxuşaqlı ailələrdə valideynlərin və uşaqların müalicəsi üçün müavinətlərin verilməsi də təklif edilir.

“Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsində veriləcək güzəştlər təhsil, səhiyyə, kommunal xidmətlər, həyat şəraitinin, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma sahələrini əhatə edir. Çoxuşaqlı ailələrə birdəfəlik müavinətlərin, həmçinin onlara ilbəil müavinətlərin verilməsi nəzərdə tutulur.

Layihədə çoxuşaqlı ailələrin kommunal xidmət xərclərinin ödənilməsi üçün dövlət tərəfindən kompensasiya verilməsi nəzərdə tutulur.

Çoxuşaqlı ailələrə dövlət dəstəyi bu ailənin üzvlərinin işlə təminatına da təsir edəcək. Bu ailələrdə anaların analıq məzuniyyətinə çıxdığı hallarda məzuniyyət müddətinin uzadılması da təklif olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva komitə tərəfindən çoxuşaqlı ailələrlə bağlı hazırlanan layihə üzərində iş aparıldığı bildirib. Onun sözlərinə görə, Azərbaycanın bugünkü imkanlarının, real vəziyyətinin analizi müəyyən zaman tələb edir:

“Layihənin bir hissəsi kimi ailələrə müavinətlərin verilməsi qeyd olunmuşdu. Həmin məsələ də qəbul olundu. Bu da çoxuşaqlı ailələrin ehtiyaclarının müəyyən hissəsinin qarşılanması kimi qəbul edilə bilər. Bütövlükdə qanun layihəsi üzərində hələ araşdırmalar aparılır. Layihədə həmin ailələr üçün bir sıra imtiyazları müəyyən ediləcək”.

Qeyd edək ki, layihə qəbul edildiyi halda, bu imkandan yararlanacaq ailələrin sayı təxminən 45 mindir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR