• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qənirə Paşayeva Dehlidə məruzə ilə çıxış edib

Qənirə Paşayeva Dehlidə məruzə ilə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Dehlidə Azərbaycan-Hindistan münasibətlərinə dair məruzə ilə çıxış edib.

Hindistanın Jamia Millia İslamia Universitetində keçirilən tədbir zamanı Azərbaycan-Hindistan münasibətlərinə dair geniş məruzə ilə çıxış edən millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevanın məruzəsi və səsləndirdiyi tarixi faktlar böyük maraqla qarşılanıb. Millət vəkili bildirib ki, Şərqin iki qədim və zəngin mədəniyyətə malik dövlətləri olan Azərbaycan və Hindistan arasında münasibətlərin qədim tarixi kökləri vardır.

‘Orta əsrlərdə, daha dəqiq 13-cü əsrdən etibarən Rusiyadan Çinə qədər böyük bir ərazinin monqol hakimiyyəti altında birləşməsi beynəlxalq ticarət üçün əlverişli şərait yaratmışdı. Bununla Azərbaycanın Hindistan və Çin kimi uzaq ölkələrlə əlaqələri xeyli genişlənmişdi. Heç təsadüfi deyil ki 15-ci əsrdən etibarən Bakıda, Şamaxıda, Təbrizdə və digər iri şəhərlərdə hind tacirlərinin koloniyaları yaranmağa başlamış, karvansaraylar tikilmişdi. Hind tacirləri başlıca olaraq Şamaxıda, Ərəşdə və digər yerlərdə xam ipək almaqla məşğul olmuşlar. Təsadüfi deyil ki Şamaxının Nağaraxana kəndi ilə bağlı əfsanə hindlərlə bağlı olmuş, Hindistanın paytaxı Delhinin özündə isə qədim “Şamaxı” məhəlləsi mövcud olmuşdu. 18-ci əsrdən etibarən Azərbaycan torpağı nəinki hind tacirlərinin, həmçinin hind zəvvarlarının da mütəmadi gəlib getdiyi bir yerə çevrilir və bu da sözsüz Suraxanıdakı Atəşgahla bağlı olmuşdur. Yazılı mənbələrdən bəlli olduğu kimi həmin vaxt hind tacirləri Suraxanıda nadir abidə - od məbədi və hindli zəvvarlar üçün hücrələr tikdirmişlər. Məbədin ən erkən tikilişi 1713-cü ilə aid olmaqla, mərkəz məbəd-səcdəgahı 1810-cu ildə tacir Kançanaqarın vəsaiti hesabına ərsəyə gəlmişdir. 1950-ci ildə hind alimi C.M.Unvala Atəşgahdakı 16 kitabənin özünün təklif etdiyi müxtəsər oxunuşu ilə fotoşəklini dərc etmişdir. İngilis səyyahı Cekson Atəşgahda 18 kitabəni qeyd etmişdir ki bunların 5-i ithafdır. İlk kitabə 1713-cü ilə, sonuncu isə 1827-ci ilə aiddir. Atəşgah ötən əsrin 70-ci illərində Hindistanın baş naziri İndira Gandinin Bakıya səfəri ərəfəsində bərpa olunmuşdur. Gandi öz növbəsində Atəşgahdan xeyli məmnun qalmışdır’.

Millət vəkili Qənirə Paşayeva çıxışında Azərbaycanda Səfəvi dövləti ilə Hindistanda Böyük Moğol imperiyası arasında, Şah İsmayıl Xətai və Babur şahla başlayan tarixi əlaqələr barədə geniş məlumatlar verib. 1544-cü ildə Moğol hökmdarı Humayun şahın Səfəvi hökmdarı Təhmasib şahdan sığınacaq istəməsi, Humayun şahın yüksək səviyyədə qarşılanması barədə danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, Şah Təhmasibin göstərişi ilə Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 minədək qızılbaş ordusu Humayun şahın sərəncamına verilir və məhz bu qızılbaş dəstəsinin köməyi ilə Moğol hökmdarı 1546-cı ildə Kabildə, 1555-ci ildə isə Delhidə hakimiyyətini bərpa etmiş olur və bundan sonra münasibətlər davamlı olaraq müsbət istiqamətdə inkişaf edir”.

Millət vəkili Qənirə Paşayeva “Hindistan neftinin atası” kimi tanınan azərbaycanlı Eyyub Tağıyev barədə də çıxşında xüsusi qeyd edib. ”1955-ci ilin payızında Cəvahərləl Nehrunun SSRİ nazirlər şurasının sədri Kosıqinlə görüşü zamanı Hindistanda təbii ehtiyatların tapılması işində yardım etmək xahişinə əsasən Kosıqin qrup yaradılmasını tapşırır və o qrupun başında “şərq adamının” durması vacibliyini vurğulayır. Qrupun yaradılmasına məsul olan Baybakov ilk olaraq Eyyub Tağıyevin adını qeyd edir. Eyyub Tağıyev artıq o vaxt SSRİ məkanında neft sənayesində uğurları ilə tanınmış, 3 qat Stalin mükafatına layiq görülmüşdü. E.Tağıyevlə C.Nehru arasında ümumilikdə 2 dəfə görüş keçirilmiş və ilk görüşdə Nehru Hindistanın hər il 200 mln dollar məbləğində xaricdən neft aldığı və artıq öz nef mənbələrinə ehtiyac duyduğu vurğulanmışdı. “Biz bilirik ki ölkəmizdə neft resursları var,lakin bunları aşkara çıxarmaq üçün mütəxəssislərimiz yoxdur”. 1956-cı ilin avqustu Hindistan tarixində neft və qaz sənayesinin yaranma tarixi kimi qeyd edilir. Belə ki, Tağıyevin mülahizələri öz təsdiqini tapmışdır. 1958-ci ilin mayında Pəncabda neft yatağı ilk neftini vurmuşdu. Bu hadisəyə qədər Tağıyev bildrimişdi ki “Əgər neft vurmazsa o zaman bütün xərcləri özü ödəyəcək”. Lakin neft vurulduqdan sonra ona yüksək məbləğ təklif edildikdə o, bundan imtina etmiş və Hindistana pul qazanmaq üçün deyil, milli neft sənayesinin yaradılması üçün gəldiyini vurğulamışdı. 1959-cu ilin sentyabrında Mumbai şəhərinin 250 km-liyində neft buruğu yeni fontan vurması ilə artıq hindlər öz neftlərinə sahib olduqlarına bir daha inandılar. Tağıyev isə ömürlük neft üzrə Hindistan dövlət idarəsinin əsas məsləhətçisi vəzifəsini almış olur”.

Millət vəkili iki ölkə arasında mədəni əlaqələr barədə də geniş tədbir iştirakçılarına geniş məlumatlar vermişdir. “ 50-ci illərin məşhur yaddaqalan hadisələrindən biri kimi SSRİ məkanında 1951-ci ildə ekranlarda əvəzsiz əfsanə Raj Kapurun “Avara” filminin nümayişindən sonra Azərbaycanın əfsanəvi sənətkarı Rəşid Behbutovun onunla görüşmək istəyini qeyd edə bilərik. 1952-ci ildə SSRİ nümayəndə heyəti tərəfindən Hindistana səfər edən Rəşid Behbutov Raj Kapurla şəxsən görüşmüş və bu görüş tədricən möhkəm dostluğa çevrilmişdi. Bütün bunların nəticəsində R.Behbutov Raj Kapuru və Nərgizi 1956-cı ilin noyabrında Bakıya dəvət edir. Və bu görüş o dövrdə böyük ajiotaja səbəb olur. Görüş operator Faiq Qasımovun sayəsində kinolenlər vasitəsilə yaddaşlara həkk olunur”.

İki ölkə arasında siyasi, mədəni əlaqələr Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra yeni bir mərhələyə qədəm qoyduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın, Azərbaycan Milli Məclisinin hər zaman Hindistanla münasibətlərin inkişafına böyük diqqət göstərməsi barədə də fikirlərini bölüşüb. İki ölkə arasında münasibətlərin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayev əməkdaşlığın genişlənməsi üçün böyük potensialın olduğunu və dövlətlər, xalqlar və parlamentlərarası əməkdaşlığın daha da artacağına inandığını deyib.

Böyük maraqla qarşılanan çıxışdan sonra tədbirin təşkilatçıları Jamia Millia İslamia Universiteti (Hindistan), Selçuk Universiteti (Türkiyə) və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Azərbaycan) tərəfindən millət vəkili Qənirə Paşayevaya tədbirə verdiyi dəstəyə görə plaket təqdim olunub. Millət vəkili Qənirə Paşayeva da öz adından tədbirin təşkilatçılarına Azərbaycan tarixi, mədəniyyəti və həqiqətlərinə dair materiallar, hədiyyələr təqdim edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR