• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prokurorluq işçi axtarır

Prokurorluq işçi axtarır

Prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:

  1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
  2. şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti;
  3. tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);
  4. 3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd ağ fonda rəngli fotoşəkil;
  5. ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri;
  6. əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
  7. yaşadığı ünvan üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;
  8. yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;
  9. yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notarial qaydada təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) 15 oktyabr 2014-cü il tarixdən hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan saat 17:30-dək qəbul olunacaqdır.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:

  1. ikili vətəndaşlığı olan şəxslər;
  2. digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
  3. din xadimləri;
  4. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
  5. alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
  6. əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
  7. əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
  8. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-74-32, 492-63-62 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR