• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Göyçayda 5 il əvvəl tapılan abidəyə yiyə duran tapılmır

Göyçayda 5 il əvvəl tapılan abidəyə yiyə duran tapılmır

Tarixi abidələrimiz bizim silinməyən keçmişimiz və danılmaz gələcəyimizdir. Keçmişdən bizə yadigar qalan bu nişanələri qorumaq, qayğısına qalmaq isə hər birimizin borcudur. Təəssüf ki, Göyçay rayonunda aşkar edilən qədim abidə barədə bunu deyə bilmirik.

Publika.az xəbər verir ki, rayonun Yekəxana kəndində təsadüf nəticəsində tapılmış və qədim dövrə aid daş qəbir baxımsızlıqdan məhv olmaq təhlükəsilə üz-üzədir. 5 il bundan əvvəl kənd yolunun təmiri məqsədilə kəndin yuxarı hissəsindəki dağ yamacından torpaq və çınqıl qazılarkən ərazidən qeyri-adi daş qəbrin çıxması kənd camaatının marağına səbəb olub. Elə sakinlərin müraciəti əsasında həmin abidəyə baxış üçün Göyçay rayon Tarix Diyarşünaslıq Muzeyinin və AMEA-nın əməkdaşları kəndə gələrək qəbirə baxış keçiriblər.

Kənd sakinlərinin Publika.az-a bildirdiyinə görə, abidəyə baxış keçirilən zaman məlum olub ki, tapıntı təxminən bizim eranın 3-5-ci əsrlərinə aid sarkofak tipli qəbir abidəsidir. Ölçülərinə görə nəhəng olan bu qəbrin kişiyə aid olduğu məlum olub. Tapılan vaxt qəbirdə sümüklər də olub. Amma toz şəklində olduğundan və qəbrin ağzı açıq qaldığından sümüklərə hava daxil olaraq onları erroziyaya uğradıb.

Kənd sakinlərinin sözlərinə görə, tədqiqatçılar bu qəbrin qədimliyinə və quruluşuna görə Azərbaycan ərazisində birinci tapıntı sayıla biləcəyini deyirlər. Qəbrin uzunluğu 2 m 20 sm, eni 80 sm, hündürlüyü 75 sm-dır.

Sakinlərlə bərabər rayon tarixçiləri də bunun mütəxəssislər tərəfindən ətraflı araşdırılmasına və tezliklə aqibəti ilə bağlı qərar verilməsini istəyirlər.

Tapılan abidənin aqibətinin necə olacağı ilə bağli rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Sahib Şükürov Publika.az-a bildirdi abidənin qətiyyən məhv olma ehtimalı yoxdur. Daş qəbrin Tarix-Diyarşünaslıq muzeyinə gətirilməsinə gəldikdə isə, bu yalnız mütəxəssislərin verdiyi rəydən və muzeydəki eksponatların yeni layihə üzrə tam yerləşdirilməsi bitdikdən sonra reallaşdırmaq mümkün olacaq.

Bir sözlə, deyilənlərdən belə aydın olur ki, Yekəxana kəndində tapılan qədim qəbrin tədqiqinə hələ 5 il də lazım olacaq. Ümid edək ki, o vaxtacan abidə tamamilə məhv olmaz.

Gülnar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR