• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli qəhrəmanın xatirəsi yad edilib

Milli qəhrəmanın xatirəsi yad edilib

Xarkovdakı Azərbaycan diasporu Azərbaycanın Milli Qəhrəmanı, ukraynalı Ruslan Polovinkanın xatirəsini anıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dağlıq Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı, ukraynalı Ruslan Polovinkanın anadan olmasının 45 illiyi ilə əlaqədar hərbçinin xatirəsi anılıb. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” Cəmiyyətinin İdarə Heyətinin üzvləri Şahin Ömərov, Bayram Vəliyev, Pənah Bakirov, Yekatrina Bubliy, eləcə də bu şəhərdəki Azərbaycan icmasının digər təmsilçiləri Vaqif Almuradov, Elşad Aslanov, R.Polovinkanın dostları və yaxınları qəhrəmanın Zmiyev şəhərindəki məzarını ziyarət edib və bir dəqiqəlik sükutla xatirəsini yad ediblər.

Anım tədbirləri çərçivəsində “Dostluq” Cəmiyyəti tərəfindən hazırlanmış Milli Qəhrəman haqqında film nümayiş etdirilib. Xatirə gecəsində R.Polovinkanın şücaətindən bəhs edən Ş.Ömərov igid, Vətənin əsl müdafiəçisi olan oğul tərbiyə etdiyi üçün onun valideynlərinə təşəkkür edib. Ş.Ömərov, həmçinin Milli Qəhrəmanın “Qızıl ulduz” medalı ilə təltif edilməsi və ailəsinin pensiya ilə təmin olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. R.Polovinkanın valideynləri isə öz növbəsində, Xarkovdakı Azərbaycan diasporunun rəhbərlərinə oğullarının xatirəsini əbədiləşdirdiyi və yad etdiyinə görə minnətdarlıq ediblər.

Xatırladaq ki, 1969-cu il oktyabrın 21-də Ukraynanın Xarkov vilayətinin Zmiyev şəhərində anadan olmuş R.Polovinka ali hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra gənc leytenant kimi 1991-ci ildə Naxçıvana göndərilib. Azərbaycanın Milli Hərbi Hava Qüvvələri yarandığı ilk gündən Azərbaycan Ordusuna könüllü daxil olaraq, helikopter eskadrilyasında pilot kimi xidmətə başlayıb. Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş R.Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib və Ağdərə rayonunun Kasapet yüksəkliyi yaxınlığında Azərbaycan hərbçiləri mühasirəyə düşərkən keçirilmiş xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olub. R.Polovinka ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 2014-cü il avqustun 23-də isə Milli Qəhrəmanın "Qızıl ulduz" medalı və ulu öndər Heydər Əliyevin imzası olan vəsiqə şəhidin anasına təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR