16 yaşlı qız rəfiqəsini nədən qətlə yetirib? – TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

16 yaşlı qız rəfiqəsini nədən qətlə yetirib? – TƏFƏRRÜAT

Yüngül həyat tərzi keçirən qadınlar dəfələrlə bir-birini hədələyiblər

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı Abdullayeva(Nəhmədova) eyni mənzildə kirayədə yaşadığı rəfiqəsi 1998-ci il təvəllüdlü Aydan Xəlilova tərəfindən qətlə yetirilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarından Publika.az-a verilən məlumatda hadisənin Binə qəsəbəsi F.Aynulov küçəsində qeyd alındığı, 16 yaşlı Aydan Xəlilovanın 23 yaşlı Şəms Abdullayevanı bıçaqla qətlə yetirdiyi qeyd olunub.

Baş vermiş cinayət hadisəsi ilə bağlı daha ətraflı məlumat almaq məqsədilə sözügedən ünvana yollandıq. Binə qəsəbəsi Aynulov küçəsinə çatdıqda hər şeyin öz axarı ilə davam etdiyini, kütləvi insan izdihamının yaşanmadığının şahidi olduq. Sözün açığı, bu, təəccübümüzə səbəb oldu. Çünki adətən, bu və digər ərazidə ağır qətl hadisəsi baş verərkən ora polis əməkdaşlarından daha çox yerli camaat toplaşır. Bu dəfə isə bu cür mənzərə ilə qarşılaşmadığımızdan yaxınlıqda yerləşən Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin Binə qəsəbəsi üzrə nümayəndəsinin oturduğu binaya doğru istiqamətləndik. Polis sahə rəisi, polis mayoru Firdovsi Ömərova müraciət edib, Aynulov küçəsində qətl hadisəsinin baş verdiyini və bununla bağlı məlumat almaq istədiyimizi bildirdikdə, o, xeyli təəccübləndi. Nəzarət etdiyi ərazidə heç bir cinayətin qeyd alanmadığını deyən polis mayoru sözügedən qətlin Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq (Vişnyovka) deyilən massivdə törədildiyini bildirdi: “Azyaşlı qızın öz rəfiqəsini qətlə yetirməsilə bağlı soruşursunuzsa, bu hadisə Binədə yox, “Vişnyovka”da baş verib”.

Bundan sonra Albalılıq massivinə yollandıq. Ora çatdıqda ilk olaraq sahə müvəkkilinin axtarışına çıxdıq. Lakin onu yerində tapmağa müvəffəq olmadığımızdan, baş vermiş hadisə ilə bağlı yerli camaatla söhbətləşməyə başladıq. Məlum oldu ki, qətl hadisəsini törədən Aydan Xəlilova, eləcə də mərhum Şəms Abdullayeva yüngül həyat tərzi keçirirlərmiş.

“Vişnyovka” sakinlərinin sözlərinə görə, hər iki şəxs kirayə qaldıqları mənzilə gecə saatlarında gəlir və adətən, içkili vəziyyətdə olurdular: “Aydan və Şəms əxlaqsızlıqla məşğul olurdular. Onlar hər gün başqa bir kişi ilə gəzir və bu yolla gəlir əldə edirdilər. Eşitdiyimizə görə, onların arasında “kliyent” üstə bir neçə dəfə mübahisə düşüb”.

Qeyd edək ki, Albalılıq sakinlərilə söhbətləşdikdən sonra rəsmi bilgi əldə etmək üçün Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə getdik. Lakin növbətçi hissədən bildirdilər ki, onlar baş vermiş qətl hadisəsiylə bağlı məlumat verə bilməzlər: “Hazırda rəhbər şəxslərdən heç kim yoxdur. Biz isə sizə bu qətllə bağlı heç nə deyə bilmərik. Bu cür səlahiyyətimiz yoxdur. Yaxşı olar ki, Xəzər Rayon Prokurorluğuna müraciət edəsiniz”.

Beləliklə, 2-ci polis bölməsinin əməkdaşlarının məsləhətinə əməl edərək, Xəzər Rayon Prokurorluğuna getdik. Prokurorluqdan öyrəndik ki, Şəms Abdullayevanın qətl işini müstəntiq Pərviz Muradov araşdırır. Həmçinin onu da bildirdilər ki, qətldə şübhəli bilinən Aydan Xəlilovanın soyadı əslində Xalidovadır: “Aydan Xalidova əvvəllər anası ilə birlikdə “Nobel” prospektində yaşayıb. Lakin sonradan o, Şəms Abdullayeva ilə birlikdə Binə qəsəbəsi, F.Aynulov küçəsində kirayə yaşamağa başlayıb. Qızlar həmin ünvanda cəmi bir neçə gün qalıblar. Daha sonra onlar “Vişnyovka” yeni yaşayış massivinə köçüblər və burada da kirayədə qalıblar. Hadisə baş verdiyi gün biz ilk öncə Binə qəsəbəsinə yollandıq. Lakin qızların orada yaşamadıqlarını öyrəndik. Daha sonra məlumat aldıq ki, onlar “Vişnyovka”da qalırlar. Onların yaşadıqları ərazi yeni salındığından, hələ dəqiq ünvan verilməyib. Bu səbəbdən də onları tapmaq bir qədər çətin oldu”.

Xəzər Rayon Prokuroruğundan verilən məlumatda qeyd olunur ki, Aydan Xalidova rəfiqəsinə ürək nahiyəsindən bir bıçaq zərbəsi endirib. Nəticədə isə Şəms Abdullayeva dünyasını dəyişib: “Onların hər ikisi yüngül həyat tərzi keçiriblər. Aydan Xalidova hazırda prokurorluqdadır və onun dindirilməsi davam edir. Hələlik məlum olub ki, onlar arasında daim mübahisə olub və bir neçə dəfə bir-birlərinin ünvanına müxtəlif hədələyici ifadələr səsləndiriblər. Bir yerdə kirayədə yaşamalarına baxmayaraq, qızlar bir-birilə yola getməyiblər”.

Həmçinin onu da öyrənə bildik ki, qətl hadisəsi “Vişnyovka” sakini Musa adlı şəxsin avtomobilində baş verib: “Hazırda Musanın maşını polisdədir. Odur ki, həmin nəqliyyat vasitəsinin nömrəsini dəqiqləşdirməmişik. Aydan Xalidova elə maşındaca Şəms Abdullayevanı bıçaqlayıb. Hələlik Musanın yerini müəyyənləşdirməmişik”.

Qeyd edək ki, biz Xəzər Rayon Prokurorluğunda olarkən mərhumun valideynləri hələ ora gəlməmişdilər: “Nə mərhumun, nə də ki Aydan Xalidovanın yaxınları gəlib. Aydanın atası onun 2-3 yaşı olanda rəhmətə gedib”.

Əldə etdiyimiz bilgilərə görə, rəfiqəsini qətlə yetirən Aydan Xalidova əksər hallarda başını bağlayırmış. Prokurorluqdan verilən məlumata görə, bu, onun dindar olması ilə bağlı deyil. Sadəcə, qadının saçları qısa olduğundan o, daim başını bağlayıb.

Sonda onu da bildirək ki, barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi açılan Aydan Xalidovanın qətl hadisəsini törətdiyi vaxt narkotik maddə və ya spirtli içki qəbul edib-etmədiyini müəyyənləşdirmək məqsədilə ondan qan analizi alınıb ekspertizaya göndərilib.

Valeh Məhəmməd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm