Şaxta baba və Qar qız yoxa çıxıb – Bakıda niyə Yeni il ab-havası yoxdur? - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Şaxta baba və Qar qız yoxa çıxıb – Bakıda niyə Yeni il ab-havası yoxdur? - FOTOLAR

Yeni ilə sayılı günlər qalıb. Amma paytaxtda Yeni il hazırlıqları hələ də başa çatmayıb. Dekabrın əvvəllərindən mağazalarda Yeni il aksesuarlarının satışına başlanıb. Elə paytaxtdakı mağazalar da ayın əvvəlindən Yeni ilə uyğun bəzənib. Lakin bayramın əsas atributları olan Şaxta Baba və Qar qız, demək olar ki, gözə dəymir.

Rəsmi qurumlar işlərin dekabrın 20-nə kimi başa çatacağını bildirmişdilər. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Publika.az-a açıqlamasında Yeni ilin əsas atributlarından olan yolkaların qurulmasına dekabrın 15-dən başlanacağını deyib. Bu işlərin dekabrın 20-nə kimi başa çatdırılması planlaşdırılırdı.

Üç ildir Şaxta baba və Qar qızlara lisenziya verən Bakı Şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti rəhbəri Əliabbas Bağırov da dekabrın 20-nə qədər lisenziya verilməsinin başa çatacağını demişdi. Düzdür, bu il müraciətlər az idi, amma departament rəhbəri bu sayın artacağını demişdi.

Biz də səbir edib qurumların vəd etdiyi işlərin yekunlaşmasını gözlədik. Aparılan işlərin nəticələrini öyrənmək üçün paytaxtın mərkəzi küçələrinə baş çəkdik.

İlk olaraq Fəvvarələr meydanında olduq. Fəvvarələr meydanında Yeni il ab-havası daha çox hiss edilir, artıq yolka da quraşdırılıb. Meydanda quraşdırılan ilk yolka paytaxt sakinlərinin də marağına səbəb olub. Bu marağın çox olmasının əsas səbəbi "NARGIS" Nəşriyyat Evinin təşkilatçılığı ilə "Soyuq Əllər, İsti Ürək: Qış Möcüzəsi" Yeni il Xeyriyyə Yarmarkası idi.

Yarmarkaya gələnlər həm alış-veriş edir, həm də Şaxta baba ilə şəkil çəkdirirdilər. Lakin diqqətimizi çəkən məqam uşaqlardan daha çox gənc qızların Şaxta baba ilə şəkil çəkdirməyə maraqlı olması idi.

Pərvanə xanım azyaşlı uşaqlarını əyləndirmək üçün gəzintiyə çıxarıb:

“İlk dəfədir uşaqlarla çıxmışam. Burdan Kukla teatrına gedəcəyik. Yəqin, Sirkə də baş çəkərik. Bu günü uşaqlara ayırmışam. Onları əyləndirməyə çalışıram. Şaxta babaya maraqları çoxdur, amma Bulvarda Şaxta baba tapmadıq”.

Lakin yolka ətrafında Qar qızı görə bilmədik. Şaxta baba onun dekabrın 26-dan sonra gələcəyini dedi. Hələ ki müraciət edənlər yalnız Şaxta baba ilə şəkil çəkdirməklə kifayətlənirlər. Ondan hədiyyə istəyənlər də az deyil.

“Müxtəlif yaşda insanlar yaxınlaşıb şəkil çəkdirir, zarafatla nəsə istəyir. Biz də hamısını gülərüzlə yola salırıq. Uşaqlarla xoş ünsiyyət qururuq ki, onları əyləndirə bilək”.

Öyrənirik ki, Şaxta babanın maaşı çəkilişlərdən asılı deyil. Şaxta baba ilə çox söhbət etdiyimizi görən fotoqraf şəkil çəkdirmək istəyənlərin olduğunu deyir. Fotoqraf özü danışmaq istəməsə də, yanındakı qızı göstərib, Qar qızla danışmağımızı məsləhət görür. Onun işarə verdiyi qızın Qar qız geyimində olmaması bizi xeyli təəccübləndirir. Məleykə adlı qız deyir ki, onun işi ayın 26-dan sonra başlayacaq. Hələ ki onların işə başlaması sərfəli deyil.

Yolkanın yanından keçənlərin, demək olar ki, hamısı ayaq saxlayıb şəkil çəkdirirdilər. Növbəti dayanacağımız Nizamı Kinoteatrının qarşısı oldu. Burada yolka tərsinə qurulmuşdu. Onun nə üçün belə quraşdırılmasını öyrənə bilməsək də, görüntü xeyli maraqlı idi.

Daha sonra 10-a yaxın yolkanın quraşdırıldığı Bulvara yollandıq. Fəvvarələr meydanından fərqli olaraq, Bulvarda tam sakitlik idi. Bulvarda yolkaların yanı, demək olar ki, boş qalmışdı. Burada yolkaların quraşdırılması tam başa çatmamışdı. Ən hündür yolka Hökumət evinin qarşısında quraşdırlmışdı. Lakin heç bir yolkanın yanında nə Şaxta Baba, nə də Qar qız gördük. Yolka quraşdıranlara yaxınlaşıb ayın 20-dən işə başlamalı olan yeni il qəhrəmanlarının harada olması ilə maraqlandıq. Lakin onları gördüm deyən olmadı. Ərazidəki fotoqraflar Şaxta babaların yalnız ayın 26-dan sonra işə başlayacağını dedilər. Onlar bunun səbəbini hazırda insanların marağının az olması ilə əlaqələndirdilər.

“İnsanlar az şəkil çəkdirdiyinə görə, Şaxta babaların işə başlaması sərfəli deyil. Bu günlərdə elə də yaxşı qazanc olmur. Gündə 5-6 nəfər gəlir. Adətən, 27-dən sonra adamlar daha çox olur. Şaxta baba istəyənlər Fəvvarələr meydanına gedir”.

Biz ərazidə olarkən də fotoqraflar bekar idi. Düzdür, insanlar yolkaya yaxınlaşıb şəkil çəkdirirdilər, amma öz telefon və ya fotoaparatları ilə. Qeyd edək ki, bir şəkilin qiyməti 2 manatdır.

Paytaxtda bir neçə saatlıq gəzintidən yeni il ab-havasının yüksək olmadığını müşahidə etdik. Bayrama hazırlıq yalnız mağaza vitrinlərində və bəzənən yolkalarda idi. İnsanlarda isə bayram əhvali-ruhiyyəsi yox idi. Şaxta baba və Qar qızın olmaması yolkaları da əhəmiyyətsiz edirdi.

Paytaxtdakı mağazalarda da Yeni il aksesuarlarının qiyməti heç də ucuz deyildi. Kiçik yolkaların qiyməti 10 manatdan başlayır, orta boy yolkaların qiyməti isə 200 manata qədər idi. Yolka oyuncaqları 2-10 manat, bu ilin rəmzi olan qoyun oyuncaqlarının qiyməti 15 manatdan başlayırdı.

Gülxar

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm