“Arvadımın kürəyinə bir dəfə təpiklə vurdum” - AİLƏ CİNAYƏTİ
Bizi izləyin

Qırmızı.az

“Arvadımın kürəyinə bir dəfə təpiklə vurdum” - AİLƏ CİNAYƏTİ

Şəki Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan Yevlax rayon sakini, 1981-ci il təvəllüdlü Rəmzi Qocamanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Rəmzi Qocamanov 31 mart 2014-cü il tarixdə Şəki şəhərində yaşadığı evdə həyat yoldaşı Aygün Qocamanova ilə mübahisə edib. O, əvvəlcə Aygünü döyüb, sonra isə pilləkənlərdən itələyərək yerə yıxıb.

Rəmzi daha sonra yerə yıxılan Aygünün sifətinə bir neçə yumruq və təpik zərbəsi vurub. Aygün aldığı zərbələrin təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilib və bu səbəbdən onun həyatını xilas etmək mümkün olub.

“Valideynlərimlə yaşaya bilməyəcəyini dedi”

Publika.az xəbər verir ki, bu əməli ilə Rəmzi Qocamanov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Rəmzi Qocamanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aygün Qocamanova ilə 2003-cü ildə ailə həyatı qurub: “Evli olduğumuz müddətdə bir neçə dəfə müxtəlif səbəblərdən aramızda mübahisə olub. Aygünlə bir müddət küsülü qaldıqdan sonra barışmışıq. Martın 30-da söhbət əsnasında Aygünə ata-anama, evə və ailəmə həyan olması, həm də özümün işlərimin dalınca rahatlıqla getməyim üçün evə gətirmək istədiyimi bildirdim, buna görə də evin qarşı tərəfində bir otaq hazırlamasını tapşırdım. Aygün isə buna narazılıq etdi, valideynlərim ilə birlikdə yaşaya bilməyəcəyini söylədi”.

“Aygün “get yeməyini anan versin” deyərək üstümə qışqırdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, valideynləri ilə yaşamaqdan imtina edən həyat yoldaşı ilə mübahisə edib: “Həmin vaxt əsəbiləşərək evdən getdim və gecə saat 12 radələrində evə qayıtdım. Səhəri gün oğlum Nuhan və qızım Nurgünü məktəbə apardım. Uşaqları məktəbə qoyandan sonra evə qayıtdım. Evdə olarkən bir müddət Aygünün mənə çay və yemək verməsini gözlədim. Lakin Aygün mənə çay və yemək vermədi. Təxminən saat 10 radələrində Aygünə yeməyimi yeyərək işə gedəcəyimi, bu səbəbdən mənə yemək verməsini xahiş etdim. Aygün “get yeməyini anan versin” deyərək üstümə qışqırdı. Aygünün bu cür hərəkətlərinə əsəbiləşdim. Buna görə də onu və valideynlərini söydüm. Həmin vaxt Aygünlə aramızda mübahisə qızışdı. Aygün “çıx cəhənnəm ol, get anangillə yaşa” deyərək otaqdan çıxdı. Onun bu sözlərini eşidərək daha da əsəbləşdim və otaqdan Aygünün arxasınca çıxıb onun sifətinə yumruqla vurdum. Həmin vaxt Aygünün üzü pəncərənin tininə dəydi. Bundan sonra isə o, pilləkəndən yerə yıxıldı və başı qarşıdakı hasara dəydi. Daha sonra evdən çıxarkən arvadımın kürək nahiyəsinə bir dəfə təpiklə vurdum”.

“Aygünün yıxıldığını bildirdim”

Rəmzi Qocamanov qeyd edib ki, həmin gün saat 12.30 radələrində Nuhan və Nurgünü məktəbdən götürərək evə gətirib. Onun sözlərinə görə, uşaqlar həyətə daxil olanda evin qarşısındakı qan ləkələrini görüb və qışqıraraq ağlayıblar: “Mən də evin pilləkənlərində qan ləkələri olduğunu görərək, bundan narahat oldum və tez evə qalxdım. Evdə Aygünü sobanın arxasında oturduğunu, üst-başının isə qana bulaşdığını gördüm. Dərhal uşaqları da götürərək onu və xəstəxanaya apardım. Aygünün vəziyyəti ağır olduğu üçün onu təcili reanimasiya şöbəsinə yerləşdirdilər. Həmin vaxt həkimlər məndən nə baş verdiyini soruşdular, onlara Aygünün yıxılaraq xəsarət aldığını bildirdim. Bundan sonra qayınatam Umudvara zəng edərək vəziyyəti bildirdim. Bir müddət sonra isə Umudvar və digər ailə üzvləri xəstəxanaya gəldilər. Hadisə günü Aygünü bıçaqla vurduğumu xatırlamıram. İş materiallarında olan dəstəyi qırılmış bıçaqdan Aygün adətən toyuğun donmuş ətini kəsərkən istifadə edir... Törətdiyim əməldən peşmanam”.

“Rəmzi ilə barışmamışam və ondan şikayətçiyəm”

Zərərçəkmiş Aygün Qocamanova bildirib ki, həyat yoldaşı Rəmzi ilə aralarında tez-tez mübahisələr olub: “Sonuncu dəfə olan mübahisəmiz bir qədər uzun çəkib. Rəmzi valideynlərini bizimlə birgə yaşamaq üçün evə gətirmək istədiyini bildirib. Mənə buna etirazımı bildirmişəm və birotaqlı evdə valideynləri ilə birlikdə yaşamağın mümkün olmadığını demişəm”.

Zərərçəkmişin sözlərinə görə, 2014-cü ilin mart ayının sonlarında Rəmzinin atası və anası onlara qonaq gəlib: “Bir müddət onlar bizdə qaldılar. Sonra anasıgil getməyə hazırlaşanda Rəmzi həyətdə atası və anası ilə söhbət edən zaman valideynlərinin heç yerə getməyəcəklərini, bizimlə birlikdə yaşayacaqlarını bildirdi. Həmin vaxt Rəmziyə yarı-yarımçıq bir otaqdan ibarət evimizin olduğunu, valideynləri ilə bu cür şəraitdə necə birlikdə yaşayacağımızı soruşdum. Bunun üstündə aramızda mübahisə yarandı. Rəmzi məni döydü, sonra pilləkəndən yıxdı. Daha sonra o, məni yumruq və təpiklə vurmağa başladı. Həmin vaxt huşumu itirmişəm və xəstəxanaya aparılmağımdan xəbərim olmayıb. Huşumu itirdiyimdən olub-bitənləri xatırlamadığım üçün həmin bıçağın da hadisə günü yerdə olmasının səbəbini bilmirəm. Rəmzi ilə barışmamışam və ondan şikayətçiyəm”.

Məhkəmənin hökmü ilə Rəmzi Qocamanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm