• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Başa düşdük ki, uduzduq, ruslar meyitləri gəmilərlə Bakıdan çıxardılar” FOTOLAR

“Başa düşdük ki, uduzduq, ruslar meyitləri gəmilərlə Bakıdan çıxardılar” FOTOLAR

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda rus-erməni hərbçiləri tərəfindən həyata keçirilmiş qanlı hadisələr, qırğınlar, dinc insanlara qarşı vəhşiliklər sovet imperiyasının Azərbaycan xalqına qarşı sonuncu qəddarlıq aktları idi. Lakin bütün bunlara baxmayaraq, xalqımız öz cəsurluğunu və qürurunu itirmədi. Fədakar azadlıqsevərlərimiz, hərəkatçılarımız həmin ağır günlərdə imperiya rəhbərliyinə, o cümlədən hərbçilərə qarşı etirazlarını müxtəlif formalarda ifadə etdilər. Onların arasında xeyli sayda dənizçi, kapitan da vardı. Həmin vaxtlarda “Şirvan” gəmisinin baş elektromexaniki işləmiş Faiq Səfərov (Balabəyli) Publika.az-a müsahibəsində 1990-cı ilin yanvar hadisələri ilə bağlı xatirələrini bölüşüb.

“Ermənilər yolda bizə qarşı qiyam qaldırmaq istədilər”

- Faiq müəllim, 1990-cı ilin qanlı yanvar hadisələri ərəfəsində baş verən hadisələri necə xatırlayırsınız?

- Hadisələr yanvarın 13-dən başladı. Proseslərə elə ssenari vermişdilər ki, guya Bakıda ermənilərə hücumlar edilirdi. Bizə xəbər verildi ki, erməni ailələr kütləvi şəkildə bizim gəmilərimizə köçürülür. Kimlər bacarırdısa, əşyalarını da aparırdı. Onların əşyaları gəmilərə, bərələrə yüklənilir, indiki Türkmənbaşı şəhərinə göndərilirdi. Yeri gəlmişkən, Bakı erməniləri yolda gəmidə hətta bizə qarşı qiyam da qaldırmaq istədilər. Heyət üzvləri arasında 20-25 nəfər azərbaycanlı vardı. Amma buna baxmayaraq onları sağ-salamat aparıb mənzil başına çatdırdılar. Bizimkilər belə qəhrəmanlıqlar göstərirdilər. Bütün bunlar Azərbaycan xalqının humanistliyi idi. İndi ermənilər barəmizdə belə bir yanlış təsəvvür formalaşdırmağa çalışırlar ki, guya onlara qarşı kobudluqlar etmişik. Bütün bunlar onların yalan danışdıqlarını göstərir.

Bildiyiniz kimi, Bakıda baş verən bir sıra proseslərin sonunda paytaxtda fövqəladə vəziyyət elan edilmişdi. Mən həmin vaxtlar “Şirvan” gəmisində işləyirdim. Öz kayutumda istirahət edirdim. Matroslardan biri yanıma qalxıb dedi ki, indicə “Mayak” radiosunda kimsə Bakıda qırğınların olmasını, insanların öldürülməsini elan edib. Bundan sonra radionun fəaliyyəti dayandırıldı. Bildiyiniz kimi, həmin vaxt televiziya da işləmirdi. Gəminin kapitanına məruzə etmədən kapitan körpüsünə qalxdım. Bu, vəzifə səlahiyyətlərini aşmaq demək idi. Mən kapitan deyildim. Həmin vaxtlar meydanda baş verənlər, milli azadlıq hərəkatı haqda dənizçilərlə çox söhbət etdiyimdən kiçik komanda heyətləri mənə daha çox güvənirdilər. Radio qovşağı vasitəsilə bəzi gəmilər Bakıda qırğınların olmasından xəbər tutdular. Ümumi rəy belə idi ki, kimin bu barədə məlumatı varsa, bir-birimizi xəbərdar edək. Açıq efirə çıxdım. İlkin olaraq indi Məhəmməd Əsədovun adını daşıyan gəminin, daha sonra digər gəmilərin kapitanları mənə cavab verdilər ki, “Şirvan” gəmisi, sizi eşitdik.

Bu addımıma görə mənə qarşı çox güclü təzyiqlər, basqılar oldu. Dedilər ki, bu, təxribatçıdır. İddia etdilər ki, bizim əlimizdə qırğınla bağlı məlumat yoxdur. Və mənim ünvanıma söyüşlər gəlməyə başladı. İnsanlar çox həyəcanlı idilər və ölkədə baş verənləri bilirdilər. Öz adımla efirə çıxdığımdan bütün məsuliyyəti özüm daşıyırdım. Bunların hamısı gəminin gündəliyində qeyd olunub. Kapitan, eyni zamanda təlimatçı kapitan həmin addımlarımdan çəkinirdilər. Çünki bu, gəmidə qiyam, hakimiyyəti ələ almaq kimi xarakterizə oluna bilərdi. Onlara dedim, siz ora qeyd edin ki, filankəs filan vaxt gəldi və bizim icazəmiz olmadan ətrafındakı gəmi heyəti ilə bunları etdi.

Gəmi kapitanları kiçik məşvərət keçirdilər və biz belə qərara gəldik ki, işləri dayandırıb, Bakıya qayıdaq.

“Həmin yolları tutası olduq ki, hərbi gəmilər şəhərə girə bilməsinlər”

- Bu hadisə nə vaxt baş verdi?

- Yanvarın 19-da. Artıq ayın 20-ə keçən gecə biz Bakıya qayıtmışdıq. Yanvarın 20-də, səhər saat 10-11 radələrində Bakı buxtasında idik. Mənim işlədiyim gəmi Bakıya çatanda buxtada 50-dək gəmi dayanmışdı. Onlar baş vermiş qırğınlardan xəbərdar idilər. Biz nümayişlərdə, etiraz aksiyalarında iştirak edə bilmirdik. Buxtaya toplaşanlar qərara aldılar ki, elə yerdə dayanaq ki, əhali bizi görsün. Pərakəndə şəkildə həyəcan siqnalları verilirdi. Bizim gəmimiz öz yerini təyin edib dayandıqdan sonra dənizçilər bir-birlərilə telefon əlaqəsi saxlayırdılar. Kapitanlar “Sabit Orucov” gəmisinə toplaşdılar. Belə qərara gəldik ki, hər yarım saatdan bir həyəcan siqnalı verilsin və bu siqnallarla etiraz aksiyamız çatdırılsın. Axşamlar isə bütün gəmilər tərəfindən hər saatdan bir beş dəqiqə ərzində siqnallar verilsin. Belə də etdik. Yeri gəlmişkən, bizim həyəcan siqnallarımızdan heç yarım saat keçməmiş Sakit, Atlantik okeanından, ayrı-ayrı dövlətlərin bayraqları altında üzən gəmilər bizimlə həmrəy olduqlarını bildirdilər. Qeyd edim ki, bizim radioqramların ötürülməsi məsuliyyətini öz üzərinə bir rus götürdü. Bizi dəstəkləyən kapitanlar arasında milliyyətcə rus olan da vardı. Hətta həbs olunarkən ondan soruşmuşdular ki, sən ki russan, niyə onlara qoşulmusan? O isə cavab vermişdi ki, mən milliyyətcə rusam, amma Azərbaycanda doğulmuşam, yaşamışam.

Günün ikinci yarısında 100-dən çox gəmi Bakı buxtasında idi. Kapitanlarımız, təcrübəli dənizçilərimiz xəritədə kimin hansı yerdə dayanacağını, hansı yolu tutacağını müəyyənləşdirdilər. Çünki dənizdə kortəbii hərəkət etmək olmaz. Suyun altında yollar var. Gəmilər həmin yollarla hərəkət edirlər. Biz həmin yolları tutası olduq ki, hərbi gəmilər şəhərə girə bilməsinlər. Belə bir təhlükə gözlənilən idi. Qərara aldıq ki, bunun qarşısını alaq. Amma təəssüf ki, aramızda təxribatçılar da vardı. Qırmızı bayraqlı Xəzər Hərbi Dəniz Donanmasının yüksək rütbəli zabitləri bizimlə danışıqlara girdilər. Bizdən yol istədilər ki, onların hərbi gəmiləri şəhərdən kənara çıxsınlar. Lakin yerlərdən məlumat verirdilər ki, şəhərdə qırğınların sayının az olmasını göstərmək üçün xeyli sayda meyiti gəmilərə yükləyiblər. Onların məqsədi meyitləri şəhərdən çıxarmaq idi. Proseslərin qarşısını almaq üçün, kortəbiiliyin olmaması məqsədilə vahid qərargah yaratmaq ideyası ortaya çıxdı. “Sabit Orucov” gəmisi dənizçilərin vahid qərargahı kimi fəaliyyətə başladı. Bu məsələlərdə gəminin kapitanı Mövlud Əliyevin xidmətləri çox idi. O, ali təhsilli idi, rus və ingilis dillərini çox gözəl bilirdi. 7 nəfərdən ibarət kapitanlar şurası yaradıldı. Niyə bu qədər sayda? Çünki kapitanlarımızın hamısı istedadlı, savadlı idilər. Onların heç birini fərqləndirmək olmurdu. Amma buna baxmayaraq, şurada kapitan olmayanlar da təmsil olunurdular. Kapitan başqası olsa da, bizim gəmini həmin şurada mən təmsil edirdim. İclaslarda da iştirak edirdim. Onların əksəriyyəti yaşlı kapitanlar idi. Çünki nüfuz dairələri geniş, təcrübələri çox idi.

“Elmira Qafarova “xalqımın qeyrətli oğulları” deyib, kapitanları öpdü”

Xəbər verildi ki, Ali Sovetin sədri Elmira Qafarova bizimlə görüşmək istəyir. Nümayəndələrimiz görüşə getdi. Elmira Qafarova “mənim xalqımın qeyrətli oğulları” deyərək, ağlaya-ağlaya kapitanların üzündən öpdü. O, demişdi ki, biz səsimizi heç yerə çatdıra bilmirik. Yaxşı ki siz varsınız, həyəcan siqnalları ilə Azərbaycanda baş verənləri dünyaya çatdırmısınız.

- Milliyyətcə rus olan dənizçilər radioqramların ötürülməsində etibarı doğrultdular?

- Bəli, hətta onlardan biri – Anatoli ölümünə yaxın vəsiyyət etdi ki, məni basdırmayın, nəşimi yandırın və külümü dənizə səpin. Düzdür, doğmaları onun vəsiyyətini yerinə yetirmədilər. Lakin dənizçinin bu sözləri onun Vətənə bağlılığını göstərirdi.

Elmira xanım Qafarova ilə görüşdən sonra şəhərdə SSRİ Ali Sovetinin deputatı, habelə SSRİ müdafiə nazirinin donanma üzrə müavini, admiral Sidorovun “Dənizdə faciə, günahkar kimdir” başlıqlı vərəqəsi yayıldı. Etiraz aksiyalarını Xəzər Dəniz Neft Donanmasının gəmilərinin heyətləri həyata keçirirdilər. Yüksək sürətli, iri rus gəmiləri bizim gəmiləri atəşə tutmağa başladı. Biz 4 gün 3 gecə onlarla atışdıq. Amma məğlub olmadıq, onlar gəmilərimizi batıra bilmədilər. Ruslar hərbi gəmilərin işıqlarını söndürür, gecə bizim gəmilərə tülkü kimi yaxınlaşıb atəş açırdılar. Bizim gəmilərdən birini bir neçə gəmidən çox güclü şəkildə atəşə tutmağa başladılar. Atəşə tutulan gəmilərimizdən birinin kapitanı çox təcrübəli idi. O, fənd işlətdi: - guya gəmi lilə oturub. Kapitan gəminin guya batdığına işarə edən işıqların yandırılması siqnalının verilməsini tapşırdı. Bundan sonra rus hərbi gəmilərinin kapitanları elə bildilər ki, gəminin gövdəsini deşiblər. Onun batdığına əmin olduqdan sonra aradan çıxdılar. Kapitan öz gəmisini və onun heyətini bu yolla xilas edə bildi. “Aktau” gəmisinin gövdəsində 1000-dən çox güllə yeri vardı.

“Bildirdik ki, əgər tələblərimiz yerinə yetirilməsə, bir tanker gəmisini yandıracağıq”

- Həmin hadisələr zamanı, rus hərbi gəmilərinin bizim gəmiləri atəşə tutmaları nəticəsində dənizçilərimizdən, yaxud kapitanlarımızdan yaralanan və ya şəhid olan oldu?

- Bizim dənizçilərimizdən cəmi bir nəfər şəhid oldu. Həmin şəxs də gəmidə yox, şəhərdə nümayişçilərın arasında şəhid oldu. Rus hərbi gəmilərinin bizim gəmiləri atəşə tutmaları nəticəsində yaralananlarımız olmadı. Ona görə ki, gəmilərimiz zirehli idilər. Onların gövdəsi güllə keçirmirdi. Gəmilərimizi ancaq top mərmisi ilə vurmaq olardı. Ruslar bunu da etdilər. Yanvarın 24-də bizim “Vodaley” gəmimizi top mərmisi ilə vurdular. Bir sözlə, vəziyyət olduqca ağır idi.

Bizi admiral Sidorov və Yazov danışıqlara çağırdılar. Kapitanlar iki qrupa ayrılıb görüşə getdilər. Admiral bizim kapitanları hədələmişdi. SSRİ-nin müdafiə naziri Yazovla görüş isə daha dramatik, gərgin keçmişdi. Kapitanlarımızdan biri müdafiə nazirinin atmaca dolu iradına çox məntiqli cavab vermişdi. Biz bu görüşlərdə razılığa gəlmədik. Çünki tələblərimiz çox idi. Biz bir neçə saat ərzində ordunun şəhəri tərk etməsini, Azərbaycan hakimiyyətinin yerinə qayıtmasını, Azərbaycan SSRİ Ali Sovetinin deputatlarına şərait yaradılmasını və parlamentin iclasının çağırılmasını tələb edirdik. Bildirdik ki, əgər tələblərimiz yerinə yetirilməsə, ilkin olaraq bir tanker gəmisini yandıracağıq. Tələblərimiz yerinə yetirilməsə, ikinci mərhələdə yanan gəmini Xəzərin sahilindəki gəmilərə çırpıb, onun vasitəsilə bütün şəhəri yandıracağıq. Əmlak – həm neft, həm də gəmilər SSRİ-yə məxsus idi. Bizə elə gəlirdi ki, onlar özlərinin əmlaklarının dağıdılmasına etiraz edəcək, buna qətiyyən razı olmayacaqlar. Belə olduqda, Ali Sovetin sədri Elmira Qafarova kapitanlardan bu planlarımızı təxirə salmağı və görüşməyi xahiş etdi. Yanvarın 24-də Bakı buxtasında fövqəladə vəziyyət elan olundu. Dənizçilərimizə göstəriş verildi ki, gündüz saat 14-də buxtanı tərk etməsəniz, atəşə tutulacaqsınız. Şura üzvləri toplaşıb müzakirələr aparmağa başladılar. Belə qərara gəldik ki, Bakı buxtasında fövqəladə vəziyyət elan olunduğundan buxtanı tərk edib, körpülərin üstündə dayanaq. Neft daşlarında və digər yerlərdə işlər iflic vəziyyətə düşmüşdü. Ölkə bundan narahat idi. Qərar qəbul etdik ki, onların bizə verdiyi vaxt möhlətinin başa çatmasına 1 saat qalmış buxtanı tərk edək. Göstəriş verildi və belə də etdik. Saat təxminən 13 radələrində gəmilər lövbəri yığışdırdı. Lakin çıxıb getmək istəyəndə, ruslar bizi atəşə tutmağa başladılar. Toplarla, habelə digər silahlarla bizə atəş açırdılar. “Vodaley” gəmisini yandırdılar. Lakin biz onu söndürməyə başladıq. Ekipajını isə öz gəmimizə köçürdük və alovun qarşısını aldıq. Yeri gəlmişkən bir maraqlı hadisəni sizə danışmaq istərdim. Mərhum kapitan Murad Əliyevin otağında SSRİ-nin prezidenti Mixail Qorbaçovun və başqa şəxsin portreti vardı. Təsəvvür edin, topun mərmisi gəlib gəminin gövdəsini deşib, həmin portretin ortasından keçmişdi. Buna görə ruslar ona işgəncə verdilər. Kapitan isə ruslara cavab olaraq bidirdi ki, həmin mərmini siz atmışınız, o da gəlib Qorbaçovun portretini dağıdıb, mən atmamışam ki...

“Ruslar Nargin adasını keçdikdən sonra razılaşmanı pozdular”

- Rus gəmilərinin Bakıdan çıxarıb aparmaq istədikləri meyitlərin sayı nə qədər idi?

- Biz onların sayını dəqiq bilmədik.

- Siz necə təxmin etdiniz, meyitlərin sayı çox idi, yoxsa az?

- Şəhidin nəşinin biri də çoxdur. Meyitləri görə bilmədik. Mənə elə gəlir, bu rəqəm 60-100 arasında ola bilərdi. İçəridəki azərbaycanlı zabitlər bizə xəbərlər ötürürdülər. Bildirdilər ki, onların meyitləri aparmaq planları var. Ruslar bizimlə danışığa girdilər ki, azərbaycanlılardan qorxduğumuza görə hərbçi ailələrini gəmi vasitəsilə Bakıdan çıxarmaq istəyirik. Buna şərait yaradın. Danışıqlar zamanı belə nəticəyə gəldik ki, əgər siz doğrudan da hərbçi ailələrini, qadınları, uşaqları şəhərdən çıxarmaq istəyirsinizsə, sizə bunun üçün şərait yaradacağıq. Ancaq bir şərtlə: - qadınlar və uşaqlar göyərtəyə çıxacaqlar, biz uzaqdan projektorla işıq salıb, onların doğrudan da qadınlar və uşaqlar olmalarına əmin olsaq, sizə yol açacağıq. Onlar bizimlə razılaşmadılar. Bidirdilər ki, sizdə silah var və biz qorxuruq. Əgər qadınlar və uşaqlar göyərtəyə çıxsalar, onları öldürəcəksiniz. Guya onlar zabit ailələrini gəminin göyərtəsinə çıxarsaydılar, biz onlara atəş açıb öldürə bilərdik. Halbuki gəmilərimizdə ağır silah yox idi. Daxili gəmilərdə hansı silah vardısa, biz də həmin silahlar vardı. Onlar təklif etdilər ki, bir gəmi çıxacaq və ikisi onu müşayiət edəcək. Biz isə buna cavab olaraq tələb etdik ki, müşayiət prosesinə ehtiyac yoxdur. Yalnız bir gəmi çıxsın. Açıq dənizdə onsuz da ancaq hərbçilər idi. Belə olduqda xahiş etdilər ki, buxtadan çıxaq və Nargin adasını keçək. Həmin adada dayanacağıq, hərbçilərin ailələri gəminin göyərtəsinə çıxacaq və siz onları yoxlayacaqsınız. Bundan sonra yolumuza davam edəcəyik. Ümumi razılıq belə oldu. Qərara aldıq ki, əgər razılaşmanı pozsalar, gəmilərini batıracağıq. Onların hərbi gəmisi buxtadan çıxdı və aşağı sürətlə irəliləməyə başladı. Həmin gəminin ardınca isə bizim “Babazadə” gəmimiz buxtadan çıxdı. “Babazadə” gəmisi həmin gəmini yoxlamalı idi. Bu, böyük gəmi olsa da, sürəti az idi. Ruslar Nargin adasını keçdikdən sonra hərbçilər razılaşmanı pozdular. Onların gəmisi yüksək sürətlə irəliləməyə başladı.

- Bizim gəmi qaçan gəmiyə çata bilmədi?

- Xeyr, bizim gəmimiz həmin gəmiyə çatmağa müvəffəq olmadı. Çünki onun sürəti az idi. Üstəlik, onlar bizim gəmimizi atəşə tutmağa başladılar. Çoxlu sayda pulemyotlardan açılan atəşlə həmin gəminin yoxlanılmasına imkan vermədilər. Onda başa düşdük ki, uduzmuşuq. Onlar meyitləri həmin gəmilərlə Bakıdan çıxardılar.

“Sonradan Dərbənd tərəfdən dəniz sularında xeyli sayda meyit üzə çıxmışdı”

- Bəs meyitlərin sonrakı aqibəti necə oldu?

- Sonradan Dərbənd tərəfdən dəniz sularında xeyli sayda meyit üzə çıxmışdı. Dənizçilər həmin yerlərdə suların üzündə xeyli sayda meyit görmüşdü. Deyilənə görə, meyitləri aparıb, ora tökmüşdülər. Mən buna o qədər də inanmıram. Çünki onlar aparıb meyitləri basdırmalı idilər. Axı meyit suyun dibinə enmir, üzə çıxır. Amma meyitlərin suyun üzünə çıxmasını görənlər olmuşdu. Özü də həmin meyitlər güllə yaraları almış, fizionomiyalarından, xarici görkəmlərindən azərbaycanlılara oxşayan insanların nəşi idi.

- Həmin vaxt Bakı buxtasına hücum edən rus gəmilərinin sayı nə qədər idi?

- Onlar hərbi donanmanın gəmiləri idi, Bayılda yerləşdirilmişdilər. Gəmilərin sayı təxminən 100-ə yaxın idi. Bəziləri növbə çəkirdilər, burda yerləşdirilənlər də vardı. Lakin onu da deyim ki, onlar hər gəmiylə döyüşə çıxmırdılar. Gün ərzində təxminən 15-20 gəmiylə bizim gəmilərə qarşı hücuma keçirdilər ki, bizim bağladığımız yolları yarsınlar. İddia edirdilər ki, guya meyit daşımırlar, sadəcə xidmətə çıxıblar. Guya tapşırıqları icra edirdilər. Bizdə isə məlumat vardı ki, bunları buxtaya yaxın buraxmaq olmaz.

Həmin vaxt rayondan qardaşım yanıma gəlmişdi. İstəyirdi məni rayona aparsın. Amma etiraz edib bildirdim ki, yoldaşlarımı buraxıb gedə bilmərəm. Qardaşıma dedim ki, gir dəmiryol vağzalının içinə və çölə çıxma. Qatar gələndə Bakı-Astara qatarıyla yola düşərsən. O, Bakını belə tərk edib getmişdi.

- Həmin vaxt buxtadakı bizim gəmilərin sayı nə qədər idi?

- 100-dən çox idi.

- Silahlar?

- O qədər də çox silahımız yox idi. Həmin vaxt Bakıya gələnlər arasında türkmən əsgərləri də vardı. Onlar bizimkilərə qarşı silah işlətməkdən imtina etmiş, gəmiyə gələrək təslim olmuşdular. Rusların bizimkiləri atəşə tutmaları nəticəsində Allaha şükür ki, itkilərimiz olmadı. Həmin vaxtkı gərgin döyüşlər nəticəsində Cəlilabad rayonundan olan Şahbazov soyadlı dənizçinin psixi problemləri yarandı. Sonradan onu Dəniz Vağzalında gördüm. Əllərini yuxarı qaldıraraq guya avtomat atırmış kimi ətrafından keçən insanlara barmaqlarıyla “atəş” açırdı. Onda belə psixi problemlər yaranmışdı. Bütün bunlar dənizdəki bir neçə günlük döyüşlərin fəsadları idi. Güllələr üstümüzə yağış kimi yağırdı.

“Əsgər avtomatın qundağıyla sinəmə elə zərbə endirdi ki, elə bildim, sinəm sındı”

- Ruslarla bizim gəmilərin heyətləri arasındakı atışmalar neçə gün çəkdi?

- Dörd gün...Yanvarın 20-dən 24-ə qədər.

- Sonda da ruslar məqsədlərinə nail oldular. Meyitləri buxtadan çıxarıb apardılar.

- Bununla bağlı bizim qənaətimiz bundan ibarət idi. Qardaşımı yola salıb geri qayıdanda gördüm ki, mənim işlədiyim gəmiyə desant töküblər. Məni ora aparan katerin kapitanı dedi bəlkə ora getməyəsən. Cavab verdim ki, bəs mənə nə deyərlər? Deməzlər ki, camaatı qızışdıran sən idin, indi çəkilib durmusan kənarda. Hamı saxlanıldı, bəs sən niyə yoxa çıxmışdın? Gördüm hamını göyərtəyə uzadıblar. Mənə əmr verdilər ki, əllərimi yuxarı qaldırım. Qoltuğumda jurnal vardı deyə əllərimi yuxarı qaldıranda jurnalın səhifələri açıldı və o yerə düşdü. Əlimi cəld jurnala uzatdım, bunlar isə elə bildilər ki, məndə silah var. Əsgər ani halda avtomatın qundağıyla sinəmə elə güclü zərbə endirdi ki, elə bildim, sinəm sındı. Jurnal yerə düşəndə gördülər ki, bu, silah deyil, jurnalın arasında da silah yoxdur. Üzümü divara söykədilər və əmr etdilər ki, əllərimi yuxarı qaldırım. Həmin gün ayağıma ağ corab geymişdim. Rus zabiti hirsləndi ki, buna bax, çirkli azərbaycanlı, ayağına ağ və təmiz corab geyinib. Bunlar elə bilirdilər ki, biz təmiz paltar geyinmirik.

- Belə çıxır ki, 20 Yanvar şəhidlərinin sayı rəsmi göstəricilərdən də çox olub.

- Sayı ona görə azaldırdılar ki, bu hadisə soyqırım statusu almasın. Bu qırğın adi konfliktdən yaranan qarşıdurma kimi xarakterizə olunsun. Həmin səbəbdən şəhidlərin sayını xeyli azaltdılar.

- O dövrlə bağlı ən çox yaddaqalan məqamlar hansılardır?

- Həmin hadisələrlə bağlı yaddaqalan məqamlar çoxdur. Onlardan biri də bu idi ki, Mixail Qorbaçovun “Oqonyok” jurnalındakı şəklini unitaza atmışdıq. Suyu boşaltsaq da, cırılmış şəkil axıb getməmişdi. Bir gün kayutu yoxlamağa gəldilər. Ruslar gəlib içəri girdilər. Hətta onlardan biri gedib tualetə girdi. Amma Qorbaçovun murdarlanmış fotosuna fikir vermədi.

Hərbi biletlərimizi yoxlayırdılar. Bir rus zabiti mənim hərbi biletimi yoxlayanda onun gözləri və sifəti tanış gəldi. Dedim ki, mən sizi tanıyıram, filan nömrəli hərbi hissədə xidmət etmişiniz, mənim komandirim olmusunuz. Bundan sonra aktiv dənizçiləri, kapitanları həbs etməyə başladılar. Mənim soyadım Səfərov olsa da, sənəddə yanlış olaraq Səfiyarov yazılmışdı. Onlara siyahı verilmişdi. Soyadım səhv oxunanda dedim ki, həmin şəxs yoxdur, gedib. Həmin zabit dedi ki, kimdə hərbi bilet varsa, hamısını yığıb bura gətirin. Başa düşdüm ki, o, dəqiqləşdirmək istəyir. O, mənim hərbi biletimi ovucunun içində saxlamışdı. Həmin zabit mənim hərbi biletimi özümə qaytardı. Bununla da mənim komandirim olduğunu təsdiqlədi. O, məni geri qaytardı. Soyadımda bir hərfin səhv yazılması hər şeyi dəyişdirdi. Başa düşdüm ki, o zabit məni qorudu.

- Bəs həbs edilənləri hara apardılar?

- Qaraşəhərdə həbsxana vardı. Bəzilərini ora göndərdilər. Bəzilərini isə Şüvəlan həbsxanasına yolladılar. Bir qismini də Krasnodara, “Nasosnı”ya aparmışdılar. Dənizçilərimizi Krasnodarda şəhərin içində gəzdirmişdilər və ermənilər bizim dənizçilərimizə kələm, pomidor atmış, söyüb təhqir etmişdilər. Bəzilərini ayrı-ayrı şəhərlərdə saxlayıb bir aydan sonra geri qaytardılar.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR