• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ətin ucuzlaşması nə vəd edir?

Ətin ucuzlaşması nə vəd edir?

Ölkədə ətin qiyməti ucuzlaşıb. Ucuzlaşma sevindirici hal olsa da, səbəbi və sonradan gözlənilən bahalaşma ehtimalı əhali arasında narahatlıq yaradıb.

Ucuzlaşma əsasən Aran rayonlarında müşahidə olunur. Dana ətinin qiyməti 2 manat, qoyun ətinin qiyməti isə 1-2 manata qədər ucuzlaşıb. Əvvəllər bölgələrdə 8 manata satılan dana əti indi 6, qoyun əti isə əvvəllər 9 manata satılırdısa, hazırda keyfiyyətindən asılı olaraq 7-8 manata təklif olunur. Bəzi kəndlərdə qiymət daha aşağıdır. Paytaxt bazarlarına da bu ucuzlaşmadan pay düşəcəyi istisna edilmir. Ekspertlər hesab edir ki, bu ucuzlaşma uzun müddət davam etməyəcək. Üstəlik, ətin ucuzlaşmasının süd və süd məhsullarının qiymətinin artmasına səbəb olması ilə bağlı fikirlər də yer alıb.

Ətin qiymətinin ucuzlaşmasında bir səbəb kimi idxalın artması göstərilir. Belə ki, 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə quş əti və əlavə ət məhsullarının idxalı 3,3 dəfə artıb. 2014-cü ildə əvvəlki illə müqayisədə Azərbaycana idxal olunan ət 28,2 faiz artıb, yəni 2013-cü ildə ölkəyə 15 milyon 181 min dollar məbləğində ət idxal olunmuşdusa, 2014-cü ildə bu göstərici 19 milyon 460 min dollar olub.

Bəs ətin qiymətində nəzərə çarpacaq ucuzlaşmanın səbəbi nədir? Ucuzlaşma nə vaxta qədər davam edəcək?

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev Publika.az-a açıqlamasında ət məhsullarının qiymətində müşahidə edilən ucuzlaşmanı yem qıtlığı ilə əlaqələndirdi.

“Baha qiymətə yem alıb heyvan saxlamaq fermer üçün sərfəli deyil. Ona görə də, onlar əllərində olan heyvanı satıb, yazda yenidən heyvan almağı planlaşdırırlar. Yem çatışmazlığının bir səbəbi də fermerin vaxtında ehtiyat toplamaması ilə əlaqədardır. Fermerlər payız mövsümünün sonuna saxladığı heyvan sayına uyğun yem tədarükü görüməli idi. Hazırda bazarlarda satışa çıxarılan heyvanlar gəlir gətirməyən heyvanlardır. Ona görə də onların satışa çıxarılmasının qorxusu yoxdur. Bu aylarda süd məhsullarının qiymətinin artması müşahidə edilir. Lakin bu, ətin ucuzlaşması ilə əlaqədar deyil. Mart ayından başlayaraq süd məhsullarının qiyməti enəcək”.

Nazirlik rəsmisi hesab edir ki, ucuzlaşmanın bir səbəbi də mal və qoyun ətinə olan ehtiyacın azalmasıdır:

“Son illər ölkədə balıqçılıq inkişaf edib. Ötən illərlə müqayisədə əhaliyə müxtəlif növ balıq təklif edilir. Bundan başqa, istər həyət, istərsə də sənaye quşçuluğunda artım müşahidə edilir. Bununla da iri və xırdabuynuzlu heyvan əti əvəzində balıq, quş əti təklif edilir. Necə ki, heyvan mənşəli yağlar, bitki yağları ilə əvəz edilib”.

Nazirlik rəsmisi heyvanların kütləvi şəkildə satışının həyata keçirilməsinin sonrakı dövrlərdə qıtlığa və dolayısı ilə qiymət artımına səbəb olmasına da aydınlıq gətirdi:

“Son illər fermerlər kiçik yaşda erkək heyvanı alıb, kökəldib satırlar. Bu baxımdan kifayət qədər mal-qara ehtiyatı var. Bundan başqa, hazırda ölkədə olan heyvanların sayı ehtiyacdan çoxdur. Əhalinin ətə olan ehtiyacını ödəmək üçün 2 milyon 700 min qaramal saxlamağa ehtiyac yoxdur. Bundan başqa, balıq və quş əti istehsalının artması sonrakı dövrdə problem yaranmayacağını göstərir. Fermerlərin heyvandarlıqdan əkinçiliyə meyil etməsinin qarşısını almaq üçün tədbirlər planı hazırlanır. Yem bitkilərinin əkinçiliyi dövlət tərəfindən stimullaşdırılacaq. Çünki yüksək səviyyəli ət və süd məhsulları istəyiriksə, normal yem bazası yaratmalıyıq. Yem yeməyən heyvandan yüksək məhsuldarlıq gözləmək olmaz”.

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, qiymətin ucuzlaşmasının əsas səbəblərindən biri keçən il fermerlərin, kəndlilərin qış üçün kifayət qədər yem ehtiyatı tədarük edə bilməməsidir.

“Son vaxtlar bölgələrdə mal yeminin, otun qiymətində ciddi artım müşahidə edilir. Hətta bir sıra rayonlarda otun, küləşin satış qiyməti iki dəfədən çox artıb. İndi 1 ədəd yonca kipi 5 manata, təbii ot kipi 4 manata, küləş kipi isə 3 manata satılır. Yem məhsullarının bahalaşması maldarlıqla məşğul olan kəndliləri, fermerləri çətin durumda qoydu. Fermerlər təcili olaraq heyvanları dəyər-dəyməzə satmaq və yaxud kəsimə vermək məcburiyyətində qalıblar. Bu səbəbdən bazarda təklif ciddi olaraq artıb”.

Ekspert hesab edir ki, səbəblərdən biri də son zamanlar ölkəyə idxal olunan diri heyvanların sayının artmasıdır.

“Belə ki, 2013-cü ildə Azərbaycana 41,2 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda, keçən il bu göstərici 27 faiz artaraq 52, 3 milyon dollar təşkil etmişdi. Hər ildə Gürcüstandan ölkəmizə kəsim üçün 100 min başdan çox diri heyvan idxal olunur. Gürcüstandan idxal olunan heyvanlar yerli heyvanlara nisbətən hər kiloqram diri çəki üçün 1 manat ucuz təklif olunur. Bu da daxili bazara öz təsirini göstərir. Digər səbəb kimi dondurulmuş ət idxalının artmasını göstərmək olar. Əvvəlki ilə nisbətən keçən il ət idxalı 28 faiz artıb. Dondurulmuş ət təzə ət bazarında qiymətlərə təsir etməsə də, əhalinin alıcılıq qabiliyyəti zəif olduğu üçün alıcıların bir qisminin ətə olan təlabatını ödəyir”.

Ekspertin sözlərinə görə, son zamanlar yas mərasimlərində ehsana qoyulan məhdudiyyət ətə olan ehtiyacı azaldıb. Hər ildə təxminən 200 min baş mal-qara yas mərasimlərində ehsan üçün istifadə olunurdusa, hazırda bu göstərici yarıya enib. Bu da qiymətin enməsinə təsir edən amillərdəndir.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, bu ucuzlaşma ilk növbədə təklifin artması və tələbin azalması ilə bağlıdır.

“Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Gürcüstan bu ölkəyə ət məhsulları çıxartmaqda maraqlı olmadı. Baxmayaraq ki, Rusiyanın tətbiq etdiyi embarqolardan sonra Gürcüstanın ət məhsullarının əhəmiyyətli hissəsini bu ölkəyə idxal edəcəyi gözlənilirdi. Lakin bu hal müşahidə edilmədi, çünki rublun devalivasiyası praktik olaraq Gürcüstan iş adamlarına Rusiya bazarına çıxardıqları ət məhsullarının həcmini artırmağa imkan vermədi. Azərbaycan ətə olan ehtiyacının 75%-ni daxili istehsal hesabına ödəyir. Qalan faiz, xüsusən diri mal-qara ehtiyacı Gürcüstan hesabına qarşılayır. Bütün bu hadisələrin fonunda Gürcüstandan Azərbaycana idxal edilən ət məhsullarının qiymətinin aşağı düşməsinə səbəb oldu. Bu da bazarda nisbətən ucuz ət məhsullarının satışının artması və ümumi qiymətin azalmasına səbəb oldu”.

İqtisadçı ekspertin sözlərinə görə, istehsal həcminin artması da qiymətin ucuzlaşma səbəblərindən biridir. Ötən ilin yekunlarına əsasən, heyvandarlıq məhsullarında artım qeydə alınıb.

“Bu da ət məhsullarının həcminin artması və qiymətin azalmasına səbəb olub. Həmçinin bəzi fermerlər heyvandarlıqdan əkinçiliyə keçdi. Heyvanlara verilən yemin qiymətinin artması fermerin xərclərini artırır. Yemin qiyməti yüksək olduğundan fermer mal-qaranı sataraq vəsaiti əkinçiliyə yönəldir. Bu da indiki məqamda əkinçiliyin heyvandarlığa nisbətən daha cəzbedici görünməsi ilə bağlıdır”.

Ətin qiymətinin aşağı düşməsinin süd və süd məhsullarının qiymətində artıma səbəb olmasına gəldikdə, ekspert bu fikirlə razılaşmadı:

“Çünki daxili istehsalda azalma müşahidə edilsə də, onu kompensasiya edəcək ucuz idxal var. Buna əsasən deyə bilərik ki, süd məhsullarının qiyməti artmayacaq. Bundan başqa, bazara çıxarılan heyvanlar əsasən südlük yox, ətlik mal-qaradır. Bu baxımdan ətin qiymətinin ucuzlaşmasının yeni qiymət artımları ilə əvəz edilməsini proqnozlaşdırmırıq. Təklif və tələb qiymətin aşağı səviyyədə qalmasını situmullaşdırır. Çünki son illər əhali arasında ət məhsullarına tələbat azalıb. Bu, bir sıra ailələrdə, xüsusən paytaxtda Azərbaycan mətbəxinin ətsiz və az ətli Avropa mətbəxinə uyğunlaşdırılması ilə bağlıdır”.

V.Bayramov hazırkı ucuzlaşmanın qısa zamanda bahalaşma ilə əvəz olunmasını proqnozlaşdırmadığını bildirdi. Ekspert bu məsələyə xeyli optimist yanaşıb.

“Mart ayından qiymətlərin stabilləşməsi müşahidə ediləcək. Süni şəkildə qiymət artımı olmayacaqsa, stabilləşmədən sonra qiymətin yenidən artması proqnozlaşdırılmır”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR