• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

10 ton murdar əti əsgərlər yeyəcəkmiş... - ŞOK İDDİA

10 ton murdar əti əsgərlər yeyəcəkmiş... - ŞOK İDDİA

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin fevralın 14-də keçirdiyi reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 9 ünvanında yaşayan Seyfəddin Novruzovun həyətində aşkar edilən 10 ton ətdən götürülən nümunələrin müayinəsi başa çatıb.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Publika.Az-a verdiyi məlumata görə, müayinələr Respublika Baytarlıq Laboratoriyasında aparılıb və məlum olub ki, götürülən nümunələr bakterioloji çirklənməyə məruz qalıb:

“Eləcə də ətlərin baytarlıq-sanitariya cəhətdən yararsızlığı aşkar edilib. Nümunələrdə iti yoluxucu xəstəliklərin, o cümlədən qarayara xəstəliyinin olmadığı müəyyən olunub. Paytaxta müayinə üçün gətirilən 3109 kq ət akt əsasında Heyvanat Parkına təhvil verilib. Orada daha çox ətin saxlanması üçün soyuducu imkanı olmadığına görə, qalan əti məhv etmək məcburiyyətindəyik. Bunun üçün isə onlar möhürlənib və rayonun Baytarlıq İdarəsi və sahə müvəkkilinə müayinələr başa çatana qədər əraziyə nəzarət edilməsi tapşırılıb”.

Qalan ətin necə zərərsizləşdirilməsinə gəldikdə isə, Y.Xanvəli bu barədə yekun qərarın verilmədiyini dedi:“Bu işin necə təşkil edilməsi çıxarılacaq qərardan asılıdır. Ola bilər ki, ətlər yandırılsın, yaxud da kimyəvi maddə ilə zərərsizləşdirilib basdırılsın. Qalan ətlərin miqdarının çox olması da, hansı qərarın qəbul edilməsinə təsir edəcək”.

Teleqraf.com-un məlumatına görə, S.Novruzov bildirib ki, 2 ildir 3 soyuducuda saxladığı 10 tona yaxın əti Bakıya gətirmək istəyib. Amma Bakıda ət qəbulu məntəqələri üzərindəki sərt nəzarət ona arzusunu gerçəkləşdirməyə imkan verməyib.

Əldə etdiyimiz məlumata görə, S.Novruzov 10 ton murdar əti rayondakı hərbi hissələrdən birinə vermək istəyib. Onun daha əvvəllər əsgərləri ətlə təmin etdiyi bildirilir. Amma Zakir Həsənov müdafiə naziri təyin ediləndən sonra, Milli Ordunun qida ilə təminatına nəzarət gücləndirilib. Bu üzdən S.Novruzov hətta zooparkdakı heyvanlar üçün məsləhət görülməyən əti orduya sata bilməyib.

Qeyd edək ki, öncəki illərdə Azərbaycan ordusunun qida ilə təminatı məsələsində ciddi problemlərin olduğu iddia edilib. Hətta rəsmilər də bunu etiraf etməli olublar.

Həmçinin, Bakıda xəstə, qoca heyvan ətlərinin satıldığı çoxlarına məlum olsa da, paytaxtda alverçilərin 2 illik iylənmiş əti qəbul etmələri az inandırıcı görünür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR