• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vahid Əhmədov: “Geni dəyişdirilmiş bəzi məhsulları burada yetişdirmək istəyənlər də var” – MÜSAHİBƏ

Vahid Əhmədov: “Geni dəyişdirilmiş bəzi məhsulları burada yetişdirmək istəyənlər də var” – MÜSAHİBƏ

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Publika.az-ın suallarını cavablandırıb.


- Vahid müəllim, son dövrlər qida təhlükəsizliyi, geni dəyişdirilmiş məhsullar və halal qida məsələləri çox aktualdır. Mətbuatda tez-tez bu tipli məhsullarda problemlərin olması barədə məlumatlara rast gəlirik. Siz bu sahədə vəziyyəti necə qiymətləndirirsiz?

- Bununla əlaqədar, Milli Məclisdə xüsusi qanun qəbul olunub. Azərbaycana gətirilən bütün məhsullar sərhəddə xüsusi laboratoriyalarda yoxlamalardan keçirilərək ölkəyə buraxılır. Yəni Kənd Təsərrüfatı Nazirliyinin və baytarlıq idarələrinin işçiləri bu laboratoriyalarda fəaliyyət göstərirlər və Azərbaycana gələn məhsulları nəzarətdən keçirirlər. Geni Modifikasiya Olunmuş (GMO) məhsulların Azərbaycanda olmasıyla əlaqədar ikifikirlilik var. Bəziləri deyirlər ki, geni dəyişdirilmiş məhsulun insanlara zərəri yoxdur, bəzi mütəxəssislər bunun ziyanlı olduğunu söyləyirlər. Mən də belə hesab edirəm ki, bu məhsullar ziyanlıdır və onların Azərbaycana idxalına nəzarət mexanizmi daha da gücləndirilməlidir. Elə etmək lazımdır ki, ölkədə GMO-lardan deyil, öz məhsullarımızdan istifadə olunsun. Bizdə prezident İlham Əliyev tərəfindən ərzaq təhlükəsizliyi proqramı qəbul edilib.Yaxın illərdə həmin proqram əsasında Azərbaycan özünü ərzaqla təmin etməlidir. O dövlət təhlükəsiz dövlət sayılır ki, özünü 80% ərzaqla təmin edir. Bizdə də özümüzü ərzaqla təmin etməklə bağlı xeyli işlər görülür. Əgər biz özümüzü ərzaqla təmin edə bilsək, onda GMO-ların Azərbaycana idxalının qarşısını müəyyən qədər almaq olar. Amma bu faktdır ki, Azərbaycanın özündə istehsal olunan bəzi məhsullar daxildə satıla bilmir, xaricə çıxarıla bilmir və məhv olub gedir.


- Həm Avropa ölkələrində, həm ABŞ-da qida istehsalçılarının fəaliyyətini tənzimləyən qida, ərzaq təhlükəsizliyinin idarə edilməsi məcburi qaydada qanunla tənzimlənir. Bizdə bu baxımdan vəziyyət necədir?

- Məcburi dedikdə, onsuz da istənilən qanunun icrası məcburi xarakter daşıyır. Yəni qanun varsa, onun icrası məcburidir. Amma bu, məsələnin bir tərəfidir. Onun o biri tərəfi də var ki, o qanun icra olunur və ya icra olunmur. Müəyyən şəxslər olur ki, qanunun icrasında maraqlı deyillər və çalışırlar ki, onu icra eləməsinlər. GMO-lar, ərzaq təhlükəsizliyi ilə əlaqədar, mən bir misal gətirim. İlham Əliyev prezident seçiləndən sonra regionların sosial-iqtisadi inkişafına dair proqramlar qəbul olundu. Birinci proqram 2004-2008-ci illər, ikinci proqram 2009-2013-cü illər və üçüncü proqram da 2014-2018-ci illər üçün qəbul olunub. Gülüstan sarayında birinci proqramın yekunlarını müzakirə edəndə prezident hökumətin qarşısında iki məqsəd qoyub. Hökumətə edilən iki əsas tövsiyə ondan ibarət olub ki, Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin etməlidir və Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaq lazımdır. Yəni bu məsələlər nə qədər öz həllini tapıb, bunlar mübahisəli məsələlərdir. Amma bununla bağlı müəyyən qədər işlər görülüb.


- Azərbaycanda 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Halal Qida Standartı tərcümə edərək yerli standart (AZS 731) kimi qəbul edilib. Lakin indiyə kimi bununla əlaqədar söz-söhbət bitmir və istehlakçıların haqlı narazılığına səbəb olur. Sizcə, bunun əsas səbəbi nədədir?

- Mən bir neçə dəfə halal standart məsələsinə toxunmuşam. Bununla bağlı standartlar da qəbul eləmək olar. Amma bu sahəyə cavabdeh olan sahibkarlar nə qədər qəbul olunan standarta riayət edəcəklər, bu başqa məsələdir. Biz bilirik ki, nə qədər zay məhsullar piştaxtalardan götürülür, yığışdırılır. Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi buna nəzarəti həyata keçirir, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Komitəsi, digər nəzarət departamentləri belə məhsulları yığışdırırlar. Amma biz piştaxtalarda yenə də geni dəyişdirilmiş məhsullara rast gəlirik. Hətta mən sizə açıq deyim ki, kənd təsərrüfatı məhsulları, xüsusən də meyvəçiliklə əlaqədar geni dəyişdirilmiş bəzi məhsulları xaricdən gətirib burada yetişdirmək istəyənlər də var. Bu, çox ciddi problemdir. Fikir versəniz, son vaxtlar toyuq əti ilə bağlı da problem yaranıb. Sübut etmək istəyirlər ki, bu, belə deyil, heç bir problem yoxdur, broylerdə yetişdirilən toyuq ətinin insanlara heç bir zərəri yoxdur, amma bu proses artıq getdi. İnsanlar anlamağa başlayıblar ki, xaricdən gətirilmiş və ya burada broylerlərdə yetişdirilən toyuqlarda müəyyən problemlər var, nə qədər üstünü ört-basdır eləməyə çalışsalar da, hər şey aydındır. Ona görə də hesab edirəm ki, standartlar qəbul etmək başqa, bunun insanlar, sahibkarlar tərəfindən yerinə yetirilməsi isə başqadır.


- İnzibati metodlara ehtiyac var?

- İnzibati metodlar həmişə özünü doğrultmur. Bundan başqa, Azərbaycanda bazar iqtisadiyyatıdır. Biz 1992-ci il yanvar ayının 1-dən bazar iqtisadiyyatına keçmişik və bizdə sərbəst bazar zonası var. Bu artıq insanın öz qabiliyyətindən asılıdır. Bir də qəbul edilmiş qanunlara nəzarət mexanizmi bizdə zəifdir. İnsanlar çalışırlar ki, necəsə qanunlara əməl etməsinlər, onlardan yayınsınlar. Bizdə yaxşı qanunlar da var, standartlar da. Son vaxtlar Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi faktiki olaraq bütün bölgələrdə laboratoriyalarını yaradıb. Məhsulun keyfiyyətinə nəzarət mexanizmini həyata keçirir. Zay məhsulları istehsalatdan çıxarırlar, sexləri bağlayırlar. Amma biz yenə də Azərbaycanda bu hallarla qarşılaşırıq.


- Qəbul edilmiş AZS 731 Halal Standartında Geni dəyişdirilmiş Məhsullara Halal sertifikat verilməsi nəzərdə tutulurmu?

- Onu deyə bilmərəm, xəbərim yoxdur. Sertifikat da verə bilərlər, amma əsas məsələ odur ki, verilən sertifikata uyğun əməl olunsun. İstənilən qida məhsulunun texnologiyasında zəncirin bir hissəsini kəsirsənsə, orada onun keyfiyyətindən söhbət gedə bilməz. Bu, Azərbaycanda adi haldır. Qida məhsullarının tərkibində keyfiyyətsiz, insan üçün zərərli olan məhsullar var, bu faktdır.


- Bununla bağlı sərt tədbirlər görmək olmazmı?

- Sərt tədbirlər görmək üçün dövlətin öz orqanları var. Bununla bağlı onlar mütəmadi olaraq monitorinqlərini aparmalıdırlar. Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyinin departamentləri, baytarlıq idarələri, sanitar-epidemiologiya mərkəzləri insanların sağlamlığını qoruyan təşkilatlardır. Onlar cavabdehdirlər ki, insanların sağlamlığına zərər vuran qidalar istehsalatda olmasın və həyatdan çıxarılsın. Bundan başqa, ən əsas məsələ odur ki, “Ekoloji təmiz məhsul haqqında” qanun qəbul edilib. Bu qanuna riayət olunsun, qanunun icrası mexanizmi mütəmadi olaraq yoxlanılsın və dövlət orqanları tərəfindən qarşısı alınsın.


- Vahid müəllim, sadaladığınız qurumların fəaliyyətini qənaətbəxş hesab etmək olar bu məsələdə?

- Mən belə hesab edirəm ki, qurumların fəaliyyətində müəyyən üstün cəhətlər var, son vaxtlar çox işlər görürlər. Amma qənaətbəxş hesab edə bilmərəm. Çünki əgər həyatda biz GMO məhsullara rast gəliriksə, belə qida məhsullarını istifadə ediriksə, deməli, o səviyyəyə gəlib çatmamışıq. Bu yoxlamalar mexanizmi hələ yaxşı qurulmayıb. Onu bir qədər də ciddiləşdirmək lazımdır. Bəlkə, elə qanuna da yenidən baxmaq lazımdır. Bizim Aqrar Siyasət Komitəsi çox yaxşı işləyir, həmkarım Eldar İbrahimovun rəhbərliyi ilə bu qanun hazırlanıb. Çox gözəl də qanundur. Lazım gələrsə, ona yenidən baxmaq olar. Mənə elə gəlir ki, hökumət qurumları daha çox bu nəzarət mexanizmini gücləndirməli, geniş monitorinqlər aparmalıdırlar ki, insanlara ziyan vuran məhsulların istehsalına və satışına qadağa qoyula bilsin.

Ərzaq təhlükəsizliyi ilə bağlı istər Avropada, istər qonşu ölkələrdə Türkiyə, İran və sairə ölkələrdə normativlər, standartlar bir qurum tərəfindən hazırlanır. Digər qurumlar tərəfindən sertifikatlaşdırılır. Bizdə isə eyni qurumlar həm standart hazırlayır, həm sertifikatlaşdırır, həm də akkreditasiya ilə məşğul olur. Olmazmı ki, Avropadakı kimi maraqların toqquşması olmasın deyə bu səlahiyyətlər ayrı-ayrı qurumlara verilsin, məsuliyyət bölgüsü dəqiq olsun və istehlakçılar da müraciət edəndə bilsinlər kimə müraciət edirlər.

Bizdə bunların hamısını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Sertifikatı da onlar verir, standartı da onlar hazırlayırlar. Azərbaycan elə də böyük dövlət deyil, 9, 5 milyon əhalisi var. Bu dövlət üçün normal sistemdir və yeni qurumun yaradılmasının tərəfdarı deyiləm. Amma bu komitənin işinin bir balaca yenidən qurulmasının tərəfdarıyam. Bu qurumun səlahiyyətləri çox böyükdür. Biz bu qurumla əlaqədar qanunlar qəbul etmişik. O, zay məhsul istehsal edən istənilən təşkilatı bağlaya da bilər, ləğvinə qərar da verə bilər. Onların əlində böyük imkanlar var. Lisenziyanı da o verə bilər, standartı da. Bunun məsələyə dəxli yoxdur. Bu standartlar dünya standartlarına uyğun hazırlanır. Əks halda, qeydiyyatdan keçə bilməz, ona görə də, mən bunların bir yerdə olmasını problem kimi görmürəm. O ki qaldı, digər məsələyə, problemi həll etmək istəməyəndə həmişə bir-birinin üstünə atırlar. Amma hərənin öz səlahiyyət daxili var. Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətinə keyfiyyətli məhsul yetişdirmək daxildir. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin öz standartı var. Bu problemi bir-birinin üstünə atmaq doğru deyil.


- Siz bayaq da qeyd etdiniz ki, fermerlər öz məhsullarını, istər ölkə daxilində, istər də xaricdə sata bilmirlər. Daha əvvəl də çıxışınızda bildirmişdiniz ki, Qubada fermerlər almanı çaya tökürlər. Fermerlərin məhsullarını satarkən qarşılaşdıqları problemləri aradan qaldırmaq üçün nə etmək lazımdır?

- Prezident İlham Əliyev 2013-cü ildə Qubada olarkən mən bu məsələ ilə bağlı ondan xahiş etdim və o da göstəriş verdi. Məsələ müəyyən qədər həll olundu. Bu il Rusiyada vəziyyətin gərgin olmasıyla əlaqədar bizdə insanların bəziləri müəyyən qədər məhsul apardılar və satdılar. Bura təkcə Quba alması aid deyil, bura Gədəbəy kartofu da, soğanı da daxil idi, cənub bölgəsində də bu problemlər var idi. Ümumiyyətlə, mən hesab edirəm ki, əgər ölkədə məhsul daxili bazarı ödəyirsə və artıq qalırsa, o, xaricə çıxarılmalıdır. Birincisi, daxildə fermerlərə istehsal etdiyi məhsulu satmaq üçün şərait yaradılmalıdır. İkincisi də, dövlət başçısının göstərişi ilə Kənd Təsərrüfatı Nazirliyi çalışır ki, kənd təsərrüfatı məhsullarının ixrac yönümlü olmasını təşkil etsin. Onun emalı, saxlanması üçün 60-a yaxın soyuducu anbar tikilib. Biz bu il də Quba almasının hamısını xaricə çıxara bilmədik. Müəyyən hissəsi çürüdü. Soyuducu anbarlarda qiymət bir qədər baha olduğundan, sahibkarlar baha qiymət qoyduğundan, insanların məhsulu orada saxlamağa imkanı olmur. Bu problem həm şimal zonası üçün, həm cənub zonası üçün çox ciddi problemdir və hələ də öz həllini gözləyir.


Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR