Bayram yarmarkaları bu ünvanlarda təşkil olunacaq - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bayram yarmarkaları bu ünvanlarda təşkil olunacaq - SİYAHI

Novruz bayramı ilə əlaqədar Bakı şəhərində əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədi ilə martın 14-dən 19-dək yarmarkalar təşkil olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin Publika.az-a verdiyi məlumata görə, ənənəvi keçirilən ünvanlar olduğu kimi qalır, lakin onların sayının artırılması da nəzərdə tutulur:

“Ayın 14-dən alıcılar Xətai rayonu - Ukrayna dairəsinin yanı, Nəsimi rayonu - S.Vurğun küçəsi 73, Təzə bazarın ərazisi, Yasamal rayonu - Şərifzadə küçəsi 1, Rabitə Kollecinin arxası, Nərimanov rayonu - "Gənclik" metro stansiyasının yanı, Səbail rayonu - Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonu - Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12 və Binəqədi rayonu - Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, “Elit” Ticarət Mərkəzinin yaxınlığında açılmış yarmarkalara gələ bilərlər. Bu günün sonu və ya sabah əlavə yarmarkalar barədə qərar qəbul ediləcək. Əlavə yarmarkarların yaradılması barədə təşkilati işlər aparılır. Ünvanlar bəlli olanda məlumat veriləcək. Əlavə yarmarkalar əsasən əhalinin sıx olduğu yerlərdə təşkil ediləcək. Bütün yarmarkaların tam müasir tələblərə cavab verəcək”.

Yarmarkalardakı qiymətlərə gəlincə, M.Hacıyev bildirib ki, yarmarka başlayan vaxt girişdə lövhələr qoyulacaq və həmin lövhələrdə yarmarkada satılan bütün məhsulların qiymətləri öz əksini tapacaq:

“Nazirliyin əməkdaşlarından ibarət işçi qrup da yarmarkalarda müşahidələr aparacaq, nəzarət edəcək. Ancaq insanlar özü də qiymət artımları ilə mübarizə aparmalıdırlar. Qiymətlər lövhələrdə əksini tapacaq. Alıcılar hər hansı neqativ hallarla qarşılaşarsa, nazirliyin “16-52” çağrı mərkəzinə zəng vura bilərlər. Eyni zamanda, nazirliyin həmin ərazidə müşahidə aparan nümayəndələrinə də müraciət edə bilərlər. Amma yarmarkalarda qiymətlər bazarlardan 20-30%-ə qədər ucuz olacaq. Lakin hələ ki yarmarkalarda satılacaq məhsulların qiymətini müəyyən etməmişik. Nazirlik əməkdaşları bazarlarda monitorinqlər aparır. Bu həftənin cümə gününə qədər həmin monitorinqlər başa çatacaq. Yarmarkalarda qiymətlər həmin qiymətlərə uyğun tənzimlənəcək.”.

Nazirlik rəsmisinin sözlərinə görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və onlar yarmarkalara təhkim olunacaqlar: “Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların sanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq”.

Qeyd edək ki, yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm