Nazir media rəhbərləri ilə görüşdü - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Nazir media rəhbərləri ilə görüşdü - FOTOLAR

Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Şuranın İdarə Heyətinin üzvləri, informasiya agentlikləri, qəzetlərin baş redaktorları və nüfuzlu jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək, qurumun dövlət rəsmiləri ilə mütəmadi olaraq belə görüşlər təşkil etdiyini bildirib. Azərbaycanda 40-a yaxın qəzetin olduğunu diqqətə çatdıran şura sədri qeyd edib ki, Azərbaycanda dünyanın istənilən aparıcı media orqanında işləməyi bacaran media nümayəndələri olsa da, bəzi hallarda peşəkarlıqla bağlı problemlərə də rast gəlinir. O həmçinin qeyd edib ki, Mətbuat Şurası bu cür problemlərin qarşısını almaq üçün mütəmadi olaraq treninqlər keçirməyi planlaşdırır. Ə. Amaşov həmçinin vurğulayıb ki, bu cür görüşlər jurnalist-məmur münasibətlərinin daha da möhkəmlənməsinə, əlaqələrin intensivləşməsinə şərait yaradır.

Tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, III Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.

Daha sonra mədəniyyət və turizm naziri Ə. Qarayev çıxış edərək nazirlikdə struktur islahatlarının həyata keçirilməsindən danışıb və son illərdə qurum tərəfindən həyata keçirilən işləri, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələri diqqətə çatdırıb.

O qeyd edib ki, Tarixi abidələrin qorunması və bərpası üzrə dövlət xidməti və iki yeni təhsil ocağının yaradılması görülən işlərə əyani sübutdur.

Görüşdə "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və digərləri çıxış ediblər. Çıxış edənlər nazirliyin Turizm İnstitutunda jurnalistika fakültəsinin açılmasını, mədəniyyət və turizm sahəsindən yazan jurnalistlərə treninqlər keçirilməsini, muzey və digər mədəniyyət müəssisələrinə jurnalistlərin sərbəst girişinin təmin olunmasını, Azərbaycanın turizm potensialının xaricdə təbliğini, mədəniyyət və turizm obyektlərində Azərbaycan dilinin qorunmasını, turizm terminlərinin formalaşdırılmasını təklif ediblər.

Ə. Qarayev bütün səslənən təklifləri yüksək qiymətləndirərək bildirib ki, bunlar nəzərə alınacaq. Turizm terminləri ilə bağlı problemlərdən danışan nazir qeyd edib ki, “Turizm haqqında” yeni qanun hazırlanır və burada bütün terminlər nəzərə alınacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm