• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ziya Məmmədov Avropa Oyunlarına hazırlıqla bağlı hesabat verdi

Ziya Məmmədov Avropa Oyunlarına hazırlıqla bağlı hesabat verdi

“Azərbaycanın milli nəqliyyat sektorunda müasir infrastrukturun yaradılması, daşımalarda yeni texnologiyaların tətbiqi, nəqliyyatın dayanıqlılığının təmin olunması istiqamətində son illər ərzində həyata keçirilən tədbirlər hesabat dövründə də məqsədyönlü surətdə davam etdirilmişdir. Sizin diqqət və dəstəyiniz sayəsində nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edən mühüm fəaliyyət sahəsinə çevrilmişdir”.

Publika.az-ın məlumatına görə, bunu aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı nəqliyyat naziri Ziya Məmmədov deyib.

Nazir daha sonra deyib: “Ulu öndər Heydər Əliyevin şəxsi iradəsi ilə reallaşan və aktuallığı ilə bu gün də Azərbaycanın və bir çox ölkələrin nəqliyyat siyasətinin əsas xəttini təşkil edən Böyük İpək Yolu strategiyası Sizin, cənab Prezident, təşəbbüsünüzlə icra olunan regional əhəmiyyətli layihələr sayəsində yeni mərhələyə keçid almışdır.

Göstərilən layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, həmçinin beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması layihələri xüsusi çəkiyə malikdir.

İcazə verin, ali diqqətinizə məruzə edim ki, 2015-ci ilin birinci rübü ərzində nəqliyyat-yol kompleksi üzrə 34 milyon ton yük və 372 milyon nəfər sərnişin daşınmışdır. Limanlarda 2,8 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövrdə investisiya qoyuluşlarının həcmi 210 milyon manat təşkil etmişdir”.

Z.Məmmədovun sözlərinə görə, 2015-ci ilin birinci rübündə dəmir yolu nəqliyyatı sisteminin inkişafına dair Dövlət Proqramının icrası üzrə Bakı–Gürcüstan sərhədi istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji sisteminin dəyişən cərəyana keçidi, rabitə qurğularının yeniləşdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri davam etdirilmişdir. Hesabat dövründə 29 kilometr, ümumilikdə Proqram üzrə 390 kilometr yeni yol salınmışdır.

Bakı-Tbilisi-Qars layihəsi üzrə Axalkələk-Türkiyə sərhədi sahəsində 29 kilometr yeni yolun tikintisi və 154 kilometr yolun rekonstruksiya işləri başa çatdırılmış, ötən ilin dekabrında sınaq qatarı xəttə buraxılmışdır. Gürcüstan və Türkiyə dəmir yollarını birləşdirəcək 4,4 kilometrlik tuneldə qazma işləri bu ayın sonunda tamamlanacaq. Layihənin tam başa çatdırılması isə 2015-ci ildə nəzərdə tutulur. Qeyd etmək istərdim ki, bütövlükdə tikinti sahəsində bu günə qədər tam infrastrukturu ilə birlikdə 183 kilometr yeni yol salınmış, 15 körpü, 23 yol keçidi, 300-dən artıq su ötürücüsü və digər süni qurğular, 5 stansiya inşa edilmişdir.

Nazir qeyd edib ki, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istismara verildikdən sonra, limanın birinci mərhələsini əhatə edən işlərin icrası davam etdirilmişdir: “Bərə terminalı vasitəsilə bütövlükdə 1,2 milyon ton, o cümlədən cari ilin birinci rübü ərzində 492 min ton yük aşırılmışdır. Eyni zamanda, dəniz nəqliyyatında Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yeniləşdirilməsi məqsədilə ötən il 1 tanker, 2 quru yük gəmisi, 1 yedək gəmisi, 1 üzən tərsanə alınmışdır və bu istiqamətdə işlər cari ildə də davam etdiriləcək. Bakı gəmiqayırma zavodunda sifariş verilmiş 3 kiçik sərnişin-yük gəmisindən ikisi 2015-ci ildə istismara qəbul ediləcək. Zığ gəmi təmiri zavodunda aparılan yenidənqurma işləri cari ildə başa çatdırılacaq.

Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir. Ümumilikdə “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılmışdır. Hazırda yeni alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılmışdır və mümkün yeni marşrutlar öyrənilir”.

Prezidentin sözlərinə görə, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilmişdir: “Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilmiş, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulmuşdur. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.

İctimai nəqliyyatda avtobus parkının yenilənməsi davam etdirilmiş, bu müddətdə paytaxta orta və iri tutumlu daha 65 müasir avtobus gətirilmişdir. Yaxın günlərdə 300 ədəd “İVECO” markalı yeni avtobus da Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılacaq.

Avtomobil yolları sektorunda da iri həcmli layihələrin icrası davam etdirilmişdir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 2015-ci ilin birinci rübü ərzində 8,4 kilometr respublika əhəmiyyətli, 13,2 kilometr yerli əhəmiyyətli avtomobil yolları yenidən qurulmuş, avtomobil yolları üzərində 3 körpü tikilmişdir. Proqrama uyğun olaraq 10 iqtisadi rayondan səkkizində ümumilikdə 975 kilometr, o cümlədən 250 kilometr respublika əhəmiyyətli, 725 kilometr yerli əhəmiyyətli yollar əsaslı təmir olunmuş, avtomobil yolları üzərində 35 körpü və 1 piyada keçidi tikilmişdir.

Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilmişdir.

Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının I texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilmiş və cari ildə başa çatdırılacaq.

Bakı şəhərində aparılan işlərə kompleks yanaşmanın zəruriliyi və ardıcıllığın təmin olunması, əsas və yardımçı yollarda rahat və maneəsiz bağlantıların yaradılması, işlərin vaxtında, keyfiyyətlə və yüksək dizayn tərtibatı ilə icrası barədə Sizin, cənab Prezident, tapşırıq və tövsiyələrinizə uyğun olaraq, yol qovşaqlarının, körpülərin və piyada keçidlərinin inşası davam etdirilmişdir.

Bakı–Ələt yolunun 4-6-cı kilometrlik hissəsinin və Zığ dairəsi-Hövsan–Türkan avtomobil yolunun 2 kilometrlik hissəsinin yenidən qurulması, Yeni dənizkənarı bulvar yolunun tikintisi və piyada keçidlərinin inşası layihələri cari ilin may ayının sonunadək başa çatdırılacaqdır. Bilgəh–Pirşağı–Novxanı–Sumqayıt yeni avtomobil yolunun tikintisi layihə üzrə davam etdirilmişdir.

Qeyd etmək istərdim ki, son illər ərzində Bakı şəhərində istismara verilmiş yol infrastrukturu obyektlərinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkəti asanlaşmış, təhlükəsizlik normalarının qorunmasına şərait yaradılmışdır. Xüsusən də Sizin, cənab Prezident, birbaşa dəstəyiniz sayəsində Ziya Bünyadov prospektinin yenidən qurularaq istismara verilməsi şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azalmasına, nəqliyyatın hərəkətinin təşkilində yaranmış problemlərin həllinə böyük təsir göstərmişdir.

Bundan əlavə, Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunan ərazilərdə nəqliyyat axınının nizamlanması məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən müxtəlif küçə kəsişmələrində yerləşən siqnal kontrollerlərinə yeni vaxt planları tətbiq edilmişdir. Nəticədə küçə və prospektlərdə sürət artımında əhəmiyyətli dəyişikliklər baş vermişdir. Müqayisə üçün qeyd etmək istərdim ki, 2012-ci ilə nisbətən 2014-cü ildə avtomobillərin orta hərəkət sürəti paytaxtın mərkəzi küçə və prospektlərində (Neftçilər, Azadlıq, Bülbül, Tbilisi, Bakıxanov, Zərifə Əliyeva və digər) orta hesabla 8-10 kilometr/saata qədər yüksəlmişdir”.

Ziya Məmmədov nəqliyyat-yol kompleksində hüquqi bazanın təkmilləşdirilməsindən, elektron xidmət sahəsində yeniliklərdən danışdı. Nazir, birinci Avropa Oyunlarına hazırlıqla bağlı paytaxtın yol-nəqliyyat infrastrukturunda aparılan genişmiqyaslı işlər barədə məlumat verərək dedi:

“Möhtərəm cənab Prezident! Ali diqqətinizə məruzə edirəm ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən qarşımızda qoyulmuş vəzifələrin icrası üçün zəruri tədbirlər görülmüşdür.

İdman obyektlərini əlaqələndirən əsas marşrut kimi müəyyən edilmiş Ziya Bünyadov prospektində yenidənqurma işləri başa çatdırılmışdır. Hazırda prospektin və Bakı Dairəvi-1 yolunun İntellektual Nəqliyyat Sisteminə qoşulması işləri aparılır. Milli Gimnastika Arenasının, Bakı Kristal Zalın, Veloparkın, Tofiq Bəhramov adına Respublika Stadionunun, Beynəlxalq Yayım Mərkəzi kimi istifadə olunacaq “Bakı Ekspo” Mərkəzinin giriş-çıxış yolları da hazır vəziyyətə gətirilmişdir.

Məşəl Proqramına müvafiq olaraq Suraxanı rayonunda Səttar Bəhlulzadə və Atamoğlan Rzayev küçələrinin təmiri bu ayın 15-dək başa çatdırılacaq. Həmçinin Bakı Atıcılıq Mərkəzindən Bakı Dairəvi-1 yoluna birbaşa çıxışı təmin edən 1 kilometrlik yeni yolun və yol üzərində ikicərgəli hərəkət hissəsi olan 445 metr uzunluğunda dayaqlar üzərində körpünün tikintisi may ayında yekunlaşacaqdır. Bakı Olimpiya Stadionunda ictimai nəqliyyat terminalının, Atletlər Kəndinin yaxınlığında avtobus meydançasının, Media Kəndində nəqliyyat terminalının, o cümlədən Avropa oyunları parkının və digər yarış və mühüm qeyri-yarış obyektlərinin giriş-çıxış yollarında işlər tamamlanmaq üzrədir. Avropa Oyunlarının açılış və bağlanış tədbirlərinin keçiriləcəyi Olimpiya Stadionu ərazisində və Böyükşor dairəsində yeni yolun, körpünün, piyada keçidlərinin tikintisi və Heydər Əliyev prospektində təmir işləri yaxın müddətdə başa çatdırılacaqdır. Əsas Marşrut Şəbəkəsinin (47 km) Oyunlara aid yol nişanları və Oyunların loqosu əks olunan zolaqlar ilə təmin edilməsi istiqamətində hazırlıq görülür və bu ay işlərə başlanılacaqdır.

Oyunlar zamanı nəqliyyat əməliyyatları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən idarə olunacaq. Bu məqsədlə aidiyyəti dövlət orqanlarının və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət İdarəetmə və Nəzarət qərargahı yaradılır.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin tələblərinə müvafiq olaraq 800 avtobus sürücüsü, 1200 taksi və minik avtomobili sürücüsü, depo və dispetçer işləri üçün 315 nəfərlik heyət hazırlanaraq, nəzəri treninqlərə cəlb edilmişlər. Sürücülər üçün vahid geyim forması sifariş verilmişdir. Qonaqlara nəqliyyat xidmətlərinin təşkili məqsədilə 650 ədəd yeni taksi və minik avtomobilləri alınmışdır. Tamaşaçıların və digər müştəri qruplarının daşınması məqsədilə ekspress avtobus marşrutları müəyyən edilmişdir.

Həmçinin oyunların keçiriləcəyi Mingəçevir şəhərində nəqliyyatın üzərinə düşən öhdəliklərlə əlaqədar müvafiq tədbirlər müəyyən edilmiş və icrası vaxtında təmin olunacaqdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR