• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

DSMF-nin 190 Mərkəzi Çağrı Sistemi istifadəyə verilib (FOTO)

DSMF-nin 190 Mərkəzi Çağrı Sistemi istifadəyə verilib (FOTO)

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir standartlar əsasında yenidən təşkil olunmuş 190 Mərkəzi Çağrı Sistemi istifadəyə verilib.

Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yenilənmiş Çağrı Mərkəzinin açılışında çıxış edən DSMF-nin sədri Elman Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş sosial-iqtisadi siyasətin uğurla reallaşdırılması nəticəsində ölkəmizin həyatının bütün sahələrində mühüm nailiyyətlər qazanıldığını, respublikamızın müasir, dinamik inkişaf edən, iqtisadi cəhətdən qüdrətli dövlətə çevrildiyini qeyd edib. Əldə olunan iqtisadi yüksəlişin məqsədyönlü şəkildə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldildiyini vurğulayan Fond sədri bunun dövlətimizin yeritdiyi siyasətin mərkəzində vətəndaşın dayanmasının, onun rifahına xüsusi diqqət və qayğı göstərilməsinin parlaq təzahürü olduğunu deyib.

Əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə innovativ yeniliklər və müasir texnologiyalar əsasında səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin Fond üçün əsas prioritet olduğunu deyən E.Mehdiyev bildirib ki, ötən dövrdə sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun avtomatlaşdırılmış infrastruktur və texnoloji baza qurulub, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi nəticəsində bütün mövcud proseslərin elektronlaşdırılması təmin edilib.

Məlumat verilib ki, Fondun müasir əsaslarla təşkil edilmiş fəaliyyət istiqamətlərinin mühüm komponenti olan vətəndaşların müraciətlərinə elektron qaydada baxılması prosesi üç istiqamət üzrə həyata keçirilir ki, bunlardan biri də 190 Çağrı Mərkəzi vasitəsi ilə aparılır. Fəaliyyətinə 2008-ci ildən start verilən Çağrı Mərkəzinin ötən dövrdə zəruri infrastruktur və təchizat sisteminin, eləcə də xidmət göstəricilərinin müasir tələblərə uyğun qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.

Son təkmilləşdirilmə tədbirləri nəticəsində Fondun Çağrı Mərkəzinin fəaliyyəti Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb və Çağrı Mərkəzi aprel ayının 14-dən xüsusi avadanlıqla və avtomatlaşdırılmış sistemlə təchiz olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət göstərəcək.

Çoxkanallı avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telekommunikasiya şəbəkələrindən birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz zəruri işçi qüvvəsi, avadanlıq, proqram təminatı, texniki və metodiki vasitələrlə təmin edilib. Çağrı Mərkəzinin əməkdaşları üçün Fondun fəaliyyət istiqamətləri, qanunvericilik, proseduralar, elektron xidmətlər, proqram-texniki sistemlər, eləcə də çağrı mərkəzi əməkdaşlarının davranış və kommunikasiya sahələri üzrə təlimlər keçirilib.

Çağrı Mərkəzində müraciətlərin qəbul və cavablandırılması mövcud tələblər nəzərə alınmaqla təşkil edilib, əməkdaşların xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı zəruri monitorinq sistemləri tətbiq olunub. Bundan əlavə, tələb olunduğu kimi, Çağrı Mərkəzində daxil olan müraciətlərin həcminə, fəaliyyət göstərən əməkdaşların sayına uyğun olaraq səsboğucu vasitələr, işıqlandırma və havatəmizləyici sistem, nəzarət və məlumat monitoru olan xidmət zalı, əməkdaşlar üçün istirahət guşəsi və toplantı masası quraşdırılıb.

Çağrı Mərkəzində əməkdaşların iş yerləri səsboğucu funksiyalar nəzərə alınmaqla masalar, rahat kreslolar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı üçün müvafiq informasiya sistemlərinə və məlumat bazalarına inteqrasiya olunmuş proqram təminatı, sənədlər üçün rəf, hüquqi aktlar, metodiki göstərişlər, məlumat kitabçaları və digər zəruri vasitələrlə təmin edilib. Çağrı Mərkəzində quraşdırılan interaktiv səsli menyu və rabitə kanalları daxil olan zənglərin həcminə müvafiq olaraq onların paylanmasına, növbədə gözlədilməsinə, təklif olunan avtomatik xidmət növlərinə uyğun olaraq müraciətlərin cavablandırılmasına, tələb olunan məlumatın səsləndirilməsinə, avtomatik rejimdə əməliyyatlar etməyə imkan verir.

Çağrı sistemində aşağıda qeyd olunan istiqamətlər üzrə müraciətlərin cavablandırılması həyata keçirilir: pensiyaların avtomatlaşdırılmış təyinatı; məcburi dövlət sosial sığortası; əmək pensiyaları; fərdi uçot; elektron xidmətlər. Çağrı sistemi qeyri-iş günləri və saatlarında avtomatik rejimdə, digər vaxtlarda isə operatorlar tərəfindən cavablandırılan canlı rejimdə fəaliyyət göstərir.

Qeyd olunanlardan əlavə, "Sahibkarlıq fəaliyyəti sahəsində universal telefon məlumat xidmətinin (Çağrı Mərkəzi) yaradılması haqqında" Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli 306s nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Çağrı Mərkəzi universal telefon məlumat xidmətinə inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən zəng vuran sahibkarlara məcburi dövlət sosial sığortası və elektron xidmət bölmələri üzrə telefon məlumat xidməti göstərilməsi həyata keçirilir.

Fondun Çağrı mərkəzi vasitəsilə 2013-cü ildən Fondun tətbiq etdiyi avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR