Dövlətə əlillik problemi ilə bağlı tövsiyələr verildi (Siyahı)
Bizi izləyin

Qırmızı.az

Dövlətə əlillik problemi ilə bağlı tövsiyələr verildi (Siyahı)

-Kvota şamil edilməyən müəssisələrin siyahısından dövlət orqanları çıxarılsın. Kvotanı tətbiq etməyən müəssisələrə tətbiq olunan cərimələr artırılsın;

Fevralın 21-də “Şəffaflıq Azərbaycan” təşkilatı “Əlillik problemi olan şəxslərin hüquqi və sosial müdafiəsi sahəsində əsas problemlər” mövzusunda dəyirmi masa təşkil edib.

Təşkilatın rəhbəri Rəna Səfərəliyeva məlumat verib ki, əlilliyi olan şəxslərlə bağlı hesabat hazırlanıb: “Hesabatın hazırlanması zamanı dövlət qurumlarında, əlil təşkilatlarında, eləcə də Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində kiçik həcmli sorğular təşkil olunub. Sorğu ümumi problemlərin öyrənilməsinə, problemlərin konkretləşdirilməsinə və mənzərənin müəyyənləşdirilməsinə kömək göstərib”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev deyib ki, Azərbaycan hökuməti əlilliyi olan şəxslərlə bağlı konvensiyanı ratifikasiya etməklə bu şəxslərin hüquqlarının qorunması öhdəliyini üzərinə götürüb: “Hökumət konvensiyadan irəli gələn öhdəlikləri yerinə yetirməyə çalışır. İlk növbədə ayrı-seçkilik yaradan bütün normaları aradan qaldırmağa çalışırıq. Ən böyük maneə cəmiyyətdə əlillərə münasibətdir”.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin fikrincə, bu sahədə əsas problemlərdən biri infrastrukturla bağlıdır: “Binalar, körpülər, keçidlər tikilir, ancaq əlilliyi olan şəxslər nəzərə alınmır. Nəticədə əlillər cəmiyyətdə diskriminasiyaya məruz qalırlar”.

“Şəffaflıq Azərbaycan”ın eksperti Kənan Qasımov təşkilatın hazırladığı tövsiyələri təqdim edib:

-Əlilliyi olan şəxslərin dövlət qurumları tərəfindən növbədənkənar qəbul edilməsi ilə bağlı “Vətəndaşların müraciətlərinə baxılması və qəbulu qaydalarında” dəyişiklik edilsin;

-Qanunvericilikdə əksini tapmış “İxtisaslaşdırılmış iş yerləri, sexlər və müəssisələr” sözləri qanunun mətnindən çıxarılsın;

- “Əlilliyin qarşısının alınması və sosial reabilitasiyası haqqında“ qanun “Əlilliyi olan şəxslərin sosial müdafiəsi haqqında“ qanun adlandırılsın;

- Qanunvericiliyə dəyişikliklər edilməklə “5 illik sığorta stajı” sözləri çıxarılsın, “müddətindən asılı olmayaraq sığorta stajına malik olan əlilliyi olan şəxslərə” əmək pensiyası təyin olunması qeyd edilsin;

- Əlil şəxslər üçün dövlət qurumları tərəfindən səyyar xidmətin təşkili ilə bağlı qayda qəbul olunsun;

-Kvota şamil edilməyən müəssisələrin siyahısından dövlət orqanları çıxarılsın. Kvotanı tətbiq etməyən müəssisələrə tətbiq olunan cərimələr artırılsın;

- Dövlət orqanları əməkdaşları tərəfindən belə hallara yol verildikdə onlara qarşı ciddi tədbirlər görülsün və fəaliyyətlərinə nəzarət olunsun;

-Dövlət orqanlarında əlil şəxslərin problemlərinin həlli ilə məşğul olanlar üçün peşəkar təlimlər təşkil edilsin, treninqlər keçirilsin;

-Treninq və təlimlərin təşkili və keçirilməsi zamanı uyğun sahədə fəaliyyət göstərən QHT-lərin nümayəndələri cəlb edilsin;

-Əlil cəmiyyətlərinin nəşrləri üçün büdcədən vəsait ayrılsın;

-Fərdi bərpa proqramına uyğun olaraq pulsuz və ya güzəştli şərtlərlə nəqliyyat vasitələri almış əlillərə bu vasitələrə texniki xidmət və təmir ehtiyac olduqda, dəyişdirilmədikdə qanunvericilikdə müəyyən edilmiş qaydada kompensasiya ödənsin;

-Əlil şəxslərin mənzil təminatı ayrıca binaların tikilməsi ilə deyil, müxtəlif istiqamətlərdə və ünvanlarda yerləşən ayrı-ayrı mənzillərin alınaraq həmin şəxslərə verilməsi qaydasında, yaxud arzu edənlər üçün büdcədən ayrılan məbləğdən müvafiq sistemli növbə əsasında və ödəniş etmək vasitəsilə, yaxud da Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fondu hesabına həll edilsin. Eləcə də qanunvericilikdə öz əksini tapmış əlilliyi olan şəxslərin yaşayış sahələrini seçmək hüququndan istifadə edilməsinə şərait yaradılsın. İndiyə qədər verilmiş mənzillərdə bir sıra kommunal xidmətlərlə, eləcə də ev şəraiti ilə bağlı problemlərin aradan qaldırılması yolunda tədbirlər sürətləndirilsin;

-TSEK-lərin rəyi ilə müəyyən edilən I, II, III qrup əlillik dərəcələri ləğv olunsun. Əvəzində həmin rəydə əlilliyi olan şəxslərin əmək qabiliyyətinin olub-olmaması faizlə qeyd edilməklə onların hansı çərçivədə işləmək imkanları olduğu göstərilsin;

- Məktəbəqədər uşaqların ümumi təyinatlı təlim-tərbiyə müəssisələrində təhsil almasına şərait yaradılması məqsədilə məktəbəqədər, xüsusi məktəbəqədər, məktəb və xüsusi internat evlərinin müəllimləri üçün ixtisasartırma kursları təşkil edilsin. Həmin kurslarda əlilliyi olan uşaqların təlim-tərbiyəsi ilə bağlı metod və pedaqogika mənimsənilsin. Həmin bağçalara əlilliyi olan uşaqların cəlb edilməsi həyata keçirilsin;

- İnkluziv təhsilə cəlb etmə ilə bağlı dövlət proqramı təsdiqlənsin və uşaqların ümumi təyinatlı təhsil müəssisələrinə cəlb edilməsi sürətləndirilsin;

-İnkluziv təhsil proqramı ilə əlaqədar olaraq ümumi təyinatlı təhsil müəssisələrinin (məktəbəqədər, məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər) şəraiti əlilliyi olan şəxslər üçün uyğunlaşdırılsın, onlar lazımi təhsil vəsaitləri ilə pulsuz təmin olunsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm