Qız belə dedi: “Bizim quyruğumuz yoxdur, istəyirsən göstərim”
Bizi izləyin

Qırmızı.az

Qız belə dedi: “Bizim quyruğumuz yoxdur, istəyirsən göstərim”

Atam məni evdən qovmuşdu o gecə.

Atam məni evdən qovmuşdu o gecə. İlk dəfə üzünə ağ olmuşdum o boyda kişinin, “o qızla evlənəcəm” demişdim və üzümə qapının bağlanmasından düz 3 gecə, anamın qadınlıq qüdrəti kükrəyənə qədər məni evdən qovduran qızgilin pəncərəsinə baxa-baxa keçirmişdim.

Evə dönəndə anam atamın sözlərini tərcümə edərək “bizim quyruqlu sünni Ömərlə işimiz olmaz” demişdi, atam da yan otaqdan “Şümürün qızını unut” deyə qışqırmışdı.

Üstündən 10 il keçəcəkdi və mən hələ də “quyruqlu sünni” ilə “keçi saqqal şiə”ni bir-birinə düşmən edən nəsnələri anlamayacaqdım.

Anlamayacaqdım ki, eyni məhəllədə yaşayıb, eyni dükandan borc alan, eyni markalı siqaret çəkən atalarımızın, eyni mövzuları qeybət edən, eyni hamama gedib, eyni xəyallar quran analarımızın bölə bilmədiyi nədir?

Bütün dərdləri, bahalığı, ayın sonuna çatmayan maaşı eyni söyüşlərlə qarşılayan böyüklərimizin cümə günləri eyni məhəllənin ayrı istiqamətlərinə, ayrı məscidlərinə gedib, ayrı pişnamazların arxasında səcdəyə getməsini, ayrı məscidlərdə eyni Allaha tapınmasını anlamayacaqdım 10 il keçsə də, üstündən.

Və bir gün uğruna 3 gecə küçədə yatdığım qızın qarşıma çıxıb “sizin keçi saqqalınız var, amma bizim quyruğumuz yoxdur, istəyirsən göstərim” deyərək söyləməsini, çıxıb getməsini hələ də anlamamışam.

Axı, biz eyni şəhərin uşaqları idik, eyni məktəbə gedər, xəritədə olduğumuz ölkəni eyni baxışlarla axtarar, bir gün getmək arzusu ilə xəyalını belə qura bilmədiyimiz ölkələri eyni həyəcanla tapmağa çalışardıq. İkimiz də ən sevdiyimiz qələmi Həsən dayının dükanından almışdıq, eyni dondurmanı sevər, hind filmlərinə birgə ağlayardıq. “Küçük Əmrahın” çilələrini sən də çəkərdin, mən də.
...Şümürün qızı üzümə belə baxmadan getmişdi.

2000-ci ilin soyuq noyabr axşamında evləri yerindən oynadan zəlzələ onu da, məni də, hamımızı da küçələrə tökmüşdü, hamımız eyni qorxu hissi keçirmişdik, analarımız qucaqlaşmış, atalarımız təlaş içində axtarmışdı bizi. Hamımız “özün saxla” deyə eyni Allaha üz tutmuşduq.

2003-cü ildə Amerika İraqa girəndə “məbədgahlarımızı dağıtdılar” deyən də “keçi saqqal” atamla, “quyruqlu Ömər” idi. Birgə o qədər ürəkdən qarğışlar etmişdilər ki,ağızlarından çıxan hər sözün də ünvanı bir idi: Buş və Səddam.

Biz eyni insanlar idik, eyni şəhərdə yaşayar, eyni küçələri, eyni dərdləri bölüşərdik....

...Hər şeyin üstündən 10 il keçmiş və mən hələ də anlamamışdım nələr olduğunu. Amma 10 il öncə bilmirdim ki, düz 10 il keçəcək, eyni məhəllənin ayrı məscidlərinə gedən insanlarımız daha bir yola, üçüncü məscidə doğru da riz açacaq, “quyruqlularımızla” “keçi saqallılarımız” arasından “balağı gödəklərimiz”də çıxacaq və eyni dərdləri bölüşdüyümüz insanlarımız başqa torpaqlara, başqa müharibələrə gedəcəklər. “Quyruqlu Ömər” də gedib bu “balağı gödək”lərə qoşulacaqdı.

Vaxtilə Buşla Səddama qarğış edən atalarımız Əsədə dua edəcək və biz eyni evin ayrı-ayrı, daha da ayrı insanları olacağıq. 10 il öncə Şümürün qızını sevdiyim üçün məni evdən qovan atam 10 il sonra “onlardan uzaq dur” deyə barmağını düz Suriyaya doğru tuşlayacaqdı. Düz, Suriyada öldürülən ilk azərbaycanlının qara xəbəri gələndən düşünürəm: Görəsən, indi orda döyüşən atanın qızını sevsəm, mənə nə deyərlər?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm