• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ramiz Mehdiyevin Qarabağ haqqında kitabı Londonda ingilis dilində nəşr olunub

Ramiz Mehdiyevin Qarabağ haqqında kitabı Londonda ingilis dilində nəşr olunub

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabı müxtəlif dillərə tərcümə olunaraq nəşr edilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən, habelə Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixindən bəhs edən bu fundamental əsər rus dilindən sonra, ingilis dilində də işıq üzü görüb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, kitab Böyük Britaniyanın “Digital Print Media” nəşriyyatı tərəfindən çap edilib. Kitabın kataloq yazısını Britaniya Kitabxanasından əldə etmək mümkündür. Nəşrin ingilis dili versiyasındakı xülasədə kitabın məlumatsız oxucuya problemin dərinliyinə varmaqda, Dağlıq Qarabağ ətrafında gedən silahlı münaqişənin səbəblərini və təsirini aydın şəkildə anlamaqda kömək etdiyi vurğulanır. Həmçinin müasir siyasi elmdə və tarixdə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan mövzu barədə qərəzsiz məlumat mənbəyi olduğu diqqətə çatdırılır. Qeyd edilir ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və səbəbləri ilə yanaşı, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesindən, o cümlədən beynəlxalq təşkilatların məsələyə münasibətindən və yanaşmasından bəhs edir. Kitabın geniş oxucu auditoriyası (tarixçilər, siyasi elmlər üzrə alimlər, beynəlxalq hüquqşünaslar, konfliktoloqlar, antropoloqlar və sosioloqlar) üçün nəzərdə tutulduğu bildirilir.

“Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının dünyanın aparıcı dillərindən olan ingilis dilində nəşri kökləri əsrlərin dərinliyinə gedib çıxan münaqişə barədə tarixi həqiqətlərin geniş beynəlxalq auditoriyaya çatdırılması baxımından olduqca faydalıdır. Belə ki, müəllif həm siyasətçi, həm də elm adamı olduğundan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi və elmi nöqteyi-nəzərdən ətraflı təhlillər aparır. Çoxsaylı ilkin mənbələr və elmi ədəbiyyat əsasında, xüsusən xarici dillərdə və erməni dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq Qarabağın tarixən Azərbaycan torpağı olması barədə tarixi həqiqəti oxuculara çatdırır. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə məqsədyönlü şəkildə törədilən süni əngəllərə də münasibət bildirir, regionun tarixini bilavasitə münaqişə kontekstində araşdırır.

Nəşrdə Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən çox mühüm sənədə - çar məmurları tərəfindən tərtib edilən “Qarabağ əyalətinin təsviri”nə istinad olunur. Akademik diqqəti, həmçinin XIX əsrin birinci yarısından başlayaraq ermənilərin köçürüldükləri Azərbaycan ərazilərində demoqrafik vəziyyətdə baş verən dəyişikliklərə cəlb edir. Həmin dövrdə Dağlıq Qarabağda və Azərbaycanın bəzi mahallarında, eləcə də tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan Respublikasında ermənilərin sayca üstünlük təşkil etməyə başlamasını imperiya siyasətinin nəticəsi olduğunu açıb göstərir.

Kitabda, həmçinin Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur, Dağlıq Qarabağ probleminin meydana gəldiyi tarixi şəraitin elmi izahı verilir. Akademik Ramiz Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin artıq müharibəyə çevrildiyi bir məqamda beynəlxalq erməni terror təşkilatlarının bu işdə iştirakına da diqqəti cəlb edib.

Kitabın müəyyən fəsilləri münaqişənin hüquqi bazasına həsr edilir, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması ilə yanaşı, qrupun həmsədri olan böyük dövlətlərin mövqeyində özünü büruzə verən qeyri-yekdilliyin sülh prosesinin nəticəsiz qalmasına səbəb olduğu göstərilir.

Dağlıq Qarabağa dair fundamental bir elmi əsərin ingilis dilində nəşri oxucu auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu, ingilisdilli oxucularda Qarabağ həqiqətləri haqqında obyektiv rəyin formalaşması işində mühüm rola malik hadisədir.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin Londonda təqdimatı olub. Yerli və xarici elm adamlarının, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin iştirak etdikləri təqdimat mərasimində nəşr barədə ətraflı məlumat verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR